Misir Prezidenti Əbdülfəttah əs-Sisi Səudiyyə Ərəbistanını qorumağa və müdafiə etməyə hazır olduqlarını bildirib. Onun sözlərinə görə, Səudiyyə Ərəbistanını müdafiə etmək üçün müraciət daxil olarsa, müvafiq qərarın təsdiqlənməsi məqsədilə Misir parlamenti fövqəladə iclasa toplaşmalıdır. Bu bəyanat Misirin proseslərə birbaşa müdaxiləsi fonunda Qırmızı dəniz hövzəsi və Yaxın Şərqdə eskalasiyanın artması ilə bağlı narahatlığı artırır. Bəs, Qahirənin dəstəyi Yaxın Şərqi daha böyük müharibə təhlükəsi ilə üz-üzə qoya bilərmi?
“İki sahil” xəbər verir ki, Beynəlxalq Rəqəmsal Media Federasiyasının (CIFJEE) koordinatoru, misirli siyasi analitik Məhəmməd Tharvat Oxu.Az-a açıqlamasında bildirib ki, Misir Prezidenti Əbdülfəttah əs-Sisi husilərin hücumlarına qarşı Səudiyyə Ərəbistanına tam dəstək verdiyini bəyan edib:
"Sisi parlamentə Səudiyyə Ərəbistanına hərbi, kəşfiyyat və informasiya dəstəyinin göstərilməsini təsdiqləmək üçün iclas keçirmək barədə göstəriş verib. Parlament qapalı səsvermə ilə bağlı iclas keçirsə də, Misirin öz sərhədlərindən kənarda hərbi münaqişəyə cəlb olunacağı ilə bağlı narahatlıqlar səbəbindən səsvermə oktyabrın 26-dək təxirə salınıb.
Mən hesab edirəm ki, Misir münaqişəyə birbaşa müdaxilə etməyəcək. 1960-cı illərdə Yəməndə baş verən hadisələrin tarixi təcrübəsi və həmin dövrdə Misirin şəhidlər verməsi bu məsələni mürəkkəbləşdirir. Düşünürəm ki, Misir quru qoşunlarını cəlb etməyəcək, əksinə, xüsusilə sosial şəbəkələrdə ölkənin öz sərhədlərindən kənarda müharibəyə qatılmasına qarşı geniş narazılığın mövcudluğunu nəzərə alaraq, logistik və kəşfiyyat dəstəyi ilə kifayətlənəcək. Əl-Əzhər Universitetinin böyük imamı da münaqişələrin tənzimlənməsində sülh yolu ilə həll variantlarına üstünlük verilməsinə, barışığa və müharibə şəraitində vasitəçilik səylərinə çağırış edib", - deyə ekspert vurğulayıb.
Onun sözlərinə görə, Misirin hərbi müdaxiləsi məsələsi heç də sadə deyil: "Silahlı qruplaşmaların reaksiyasının əvvəlcədən proqnozlaşdırılmasının çətin olduğunu nəzərə alaraq, hər hansı addım atılmazdan əvvəl məsələ diqqətlə nəzərdən keçirilməlidir. Misir və Səudiyyə Ərəbistanı arasında tarixi əlaqələr mövcuddur, lakin müdaxilə birbaşa xarakter daşımayacaq. Dəstək təlimlərin keçirilməsini, əməliyyat planlarının hazırlanmasını, kəşfiyyat məlumatlarının paylaşılmasını, hava hücumundan müdafiə sahəsində təcrübənin təqdim edilməsini və digər resursların təmin olunmasını əhatə edəcək", - deyə M.Tharvat fikrini yekunlaşdırıb.
PHP-də aşkarlanan kritik boşluqlar bir sıra ölkələrdə dövlət saytlarının müvəqqəti bağlanmasına səbəb olub
ABŞ İran məhsullarının tədarükünə görə hüquq şirkətini sanksiya siyahısına daxil edib
Moskvada Ukrayna münaqişəsinin başa çatmasına doğru irəliləyiş olduğu bildirilib