20 oktyabr 2026 17:43
93

“Qarabağ” və “Neftçi” klubları cərimələniblər

Azərbaycan Premyer Liqasının VIII turunda baş verən qayda pozuntularına görə bir sıra klublara və futbol rəsmilərinə qarşı intizam tədbirləri görülüb.

“İki sahil” Peşəkar Futbol Liqasının rəsmi saytına istinadla xəbər verir ki, “Şəfa” ilə oyunda “Şamaxı”nın məşqçisi Araz Bağırov hakimin qərarına etiraz etdiyi üçün ikinci sarı vərəqədən qırmızı vərəqə alıb. O, bir oyunluq cəzalanıb, klubu isə 2500 manat cərimələnib. Həmin qarşılaşmada dörd futbolçusu sarı vərəqə alan “Şəfa” komandası da 700 manat cərimə ödəyəcək.

“Sumqayıt” – “Araz-Naxçıvan” oyununda ikinci sarı vərəqədən qırmızı vərəqə alan Ağadadaş Salyanski bir oyunluq cəzalanıb, bu, Naxçıvan klubunu 500 manat xərcə salıb.

Bundan başqa, “Qarabağ” – “Neftçi” matçında rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə görə Ağdam klubu 5000 manat cərimə olunub. Beş futbolçusu sarı vərəqə alan “Neftçi” 700 manat, azarkeşlərinin pirotexniki vasitələrdən istifadəsinə görə isə əlavə 3000 manat cərimələnib. Oyunun 90+4-cü dəqiqəsində stadiona kiçik zərər vuran və dəymiş zərəri yerində ödəyən “Neftçi”nin mətbuat katibi Asəf Zeynallıya xəbərdarlıq edilib.

“İmişli” – “Turan Tovuz” qarşılaşmasında dörd futbolçusu sarı vərəqə alan Tovuz təmsilçisi də 700 manat ziyana düşüb.