19 oktyabr 2026 20:38
59

ADU-nun beynəlxalq münasibətlər və regionşünaslıq istiqamətlərinin günümüzdə yeri və rolu - Professor İbrahim Kazımbəyli

 

 

Azərbaycan Dillər Universitetinin (ADU) Beynəlxalq münasibətlər və Regionşünaslıq fakültəsinin dekanı professor İbrahim Kazımbəylinin "Azərbaycan Dillər Universitetinin beynəlxalq münasibətlər və regionşünaslıq istiqamətlərinin günümüzdə yeri və rolu" yazısını təqdim edirik. 

 

Azərbaycan Dillər Universitetinin “İngilis dili” fakültəsi nəznində “Avropaşünaslıq” kimi yaranan ixtisas 7 sentyabr 2001-ci il Universitet Elmi Şurasının qərarı və rektorun 19 oktyabr 2001-ci il tarixli əmrinə əsasən  “Avropaşünaslıq və Beynəlxalq Münasibətlər” fakültəsinə çevrilmişdir. Növbəti tədris ilində “Avropaşünaslıq” ixtisasına ingilis dili ilə yanaşı alman və fransiz dilləri üzrə də qəbul aparılmışdır. İlk vaxtlar fakültədə ümumilikdə 4 ixtisas üzrə  “Avropaşünaslıq” - ingilis, alman, fransız olmaqla 3 ixtisas və  1 ixtisas da “beynəlxalq münasibətlər” üzrə kadr hazırlığı həyata keçirilmişdir. 2002-2003-cü tədris ilindən isə “amerikaşünaslıq” ixtisası açılmışdır. 2002/2003-cü tədris ilindən başlayaraq fakültədə ali təhsilin ikinci pilləsi olan magistratura ixtisas proqramlarına qəbul həyata keçirilməyə başlamışdır.

Fakültə yaranandan 2006-cı ilə qədər dekan vəzifəsini dosent Yasif Mürşüdov icra etmişdir. 2006-2013-cü illərdə dosent Məcid Əliyev fakültəyə rəhbərlik etmişdir. Fakültə 05 iyun 2013-cü ildən-2017-ci ilin fevral ayına qədər Anar Rüstəmovun, 2017-ci ilin 22 fevraldan-2017-ci ilin 22 dekabra qədər isə dosent Samir Həmidovun rəhbərliyi altında fəaliyyət göstərmişdir. 22 dekabr 2017-ci il tarixdən bu günə qədər fakültəyə tarix elmlər doktoru, professor İbrahim Kazımbəyli rəhbərlik edir.  Hazırda fakültədə 1700-ə yaxın tələbə təhsil alır ki, bu da say etıbarı ilə ADU-nun ən böyük fakültələrindən hesab olunur.

Çağdaş dövrdə dövlət idarəçiliyi və onun mühüm bir seqmentini təşkil edən xarici siyasətin həyata keçirilməsini təmin edə biləcək peşəkar, səriştəli və günün tələblərinə cavab verən kadr bazasının formalaşdırılması  həm nəzəri, həm də təcrübi baxımdan həlli zəruri olan məsələlər sırasında yer almaqdadır. Fakültədə yeni ixtisasların açılması onun adının da dəyişdirilməsini vacib etmişdir. Bunu əsas tutaraq Universitet Elmi Şurasının 12 sentyabr 2017-ci il tarixli qərarı ilə fakültənin adı dəyişdirilərək “Beynəlxalq Münasibətlər və İdarəetmə” fakültəsi adlandırılmışdır. 79 saylı əmrlə 12.09.2019-cu il tarixdə fakültənin adı yenidən dəyişdirilərək “Beynəlxalq Münasibətlər və Regionşünaslıq” olmuşdur. Hazırda fakültənin nəzdində 7 kafedra - “Beynəlxalq Münasibətlər”, “Qərb ölkələri üzrə regionşünaslıq”, “Şərq ölkələri üzrə regionşünaslıq”, “Dünya dilləri”, “Qafqazşünaslıq və Azərbaycan tarixi” , “Fəlsəfə və ictimai elmlər”, “İnformasiya Texnologiyaları” və Fakültənin profil istiqamətinə uyğun 16 elmi mərkəz (İsrail və Yaxın Şərq Araşdırmalar Mərkəzi, Türk Dünyası Araşdırmaları Mərkəzi, Ərəb Dili Mərkəzi, Pakistan Dili və Mədəniyyəti Mərkəzi, Rusiyaşünaslıq Mərkəzi, Yunan Mərkəzi, Yaponiya Araşdırmaları Mərkəzi, Serb Dili və Mədəniyyəti Mərkəzi, Çin Mərkəzi, Konfutsi İnstitutu, İndoneziya Mərkəzi, Yaponiya Mərkəzi, Skandinaviya Mərkəzi, Erməni Araşdırmaları Mərkəzi, Macar dili və Mədəniyyəti Mərkəzi, Özbək dili və ədəbiyyatı Mərkəzi) fəaliyyət göstərir. Elmi mərkəzlər Azərbaycan Respublikasının sıx siyasi-iqtisadi, eləcə də mədəni əlaqələrinin olduğu ölkə və regionlar üzrə yaradılmışdır. Həmin mərkəzlər Azərbaycan Respublikasının  dövlət siyasətinin (xarici siyasət) həyata keçirilməsində müəyyən rola malikdir.

BMR fakültəsində kadr hazırlığı, bunun dövlət və cəmiyyət üçün əhəmiyyəti

Beynəlxalq münasibətlər və Regionşünaslıq fakültəsi iki istiqamətdə - beynəlxalq münasibətlər və regionşünaslıq  ixtisası üzrə kadr hazırlığını həyata keçirir. Azərbaycanın inkişaf proseslərindən irəli gələn yeni xarici siyasət prioritetlərinin reallaşdırılması, dövlətimizin kompleks şəkildə güclənməsi ilə yanaşı yüksək peşəkarlıq səviyyəsi, yaradıcı, kreativ kadrların olmasını tələb edir. Belə kadrların dövlət və cəmiyyət üçün hazırlanması heç şübhəsiz yüksək səviyyəli təhsil olmadan həyata keçirmək mümkün deyildir.

Kadr siyasəti dövlət siyasətinin tərkib hissəsi olmaqla, dövlət orqanlarını sistemli, planlı və məqsədəuyğun şəkildə peşəkar kadrlarla təmin etmək məqsədi daşıyır.

Azərbaycan Dillər Universiteti və onun “Beynəlxalq Münasibətlər və Regionşünaslıq” fakültəsinin fəaliyyəti yalnız dövlət orqanlarını kadrlarla təmin etməyə deyil, həm də onun gələcəkdə yarana biləcək kadr tələbatlarını nəzərə almağa, planlaşdırmağa, kadr potensialını möhkəmləndirməyə istiqamətlənmişdir.

Respublikamızda dövlət idarəçiliyi və onun tərkib hissəsi olan xarici siyasət sahəsində mütəxəssislərin hazırlanması, onların peşəkarlıq səviyyələrinin artırılmasını təmin etmək istiqamətində “Beynəlxalq Münasibətlər və Regionşünaslıq” fakültəsinin fəaliyyəti xüsusi olaraq qeyd edilməlidir. “Beynəlxalq Münasibətlər və Regionşünaslıq” fakültəsinin məzunları günümüzdə ən mühüm dövlət orqanlarında yüksək peşəkarlıqla xidmət göstərməklə dövlət və cəmiyyət qarşısında həm də vətəndaş borclarını ödəmiş olurlar.

Hal-hazırda fakültə  dövlət qulluğu, diplomatik korpuslar və xüsusən də Xarici İşlər Nazirliyi sistemində çalışan kadrların hazırlanması, ixtisasının artırılması, onların yenidən hazırlığı məsələlərində çox mühüm rol oynayır.

Yaşadığımız XXI əsr qlobal səviyyədə, eləcə də, milli dövlətlər səviyyəsində sosial-iqtisadi, siyasi, mədəni inkişafda baş verən qeyri-xətti, qeyri-sabit, böhran xarakterli proseslərlə xarakterizə olunur. İnkişaf proseslərinin xarakter və mahiyyət etibarilə mürəkkəbləşməsi, onların daha da sürətlənməsi dövlət idarəetməsi sistemində innovasiyalı inkişafın təmin edilməsini tələb edir. Məhz bu gün dövlət idarəetmə sisteminin inkişafı dövlət idarəetməsi orqanlarının, hakimiyyət strukturlarının fəaliyyəti, onun keyfiyyəti, eləcə də burada çalışan insanların, peşəkarlıq səviyyəsi, bilik və bacarıqlarının səviyyəsi ilə şərtləşdir. Ona görə də bu proseslər fonunda qarşıya çıxan problemlərin çevik və uğurlu həlli məhz dövlət idarəetməsi sahəsində kadr potensialının gücləndirilməsi, kadrların peşəkarlığı və yenidən hazırlığı sisteminin təkmilləşdrilməsi, onların səriştəsinin yüksəldilməsinin zəruriliyini ön plana çəkir. Dinamik dəyişikliklər və inkişaf şəraitində idarəetmə qabaqlayıcı xarakter daşıyır. Belə şəraitdə idarəetmə qərarlarının qəbul edilməsi və həyata keçirilməsi proseslərinin operativliyi və çevikliyi elə bir səviyyədə olmalıdır ki, bu prosesdə iştirak edən işçilərin, idarəetmə kadrlarının xüsusi hazırlıq səviyyələri məhz buna imkan versin və onu təmin etsin.

Yüksək peşəkarlıq dövlət qulluqçularının xüsusi bilik, bacarıq və vərdişlərinin formalaşdırılması, onlarda vətəndaş təəssübkeşliyi, işgüzarlıq və mənəvi-əxlaqi keyfiyyətlərin olmasına əsaslanır. Bu mənada, peşəkarlıq səviyyəsi, dəyərlər sistemi, fəaliyyətin nəticəliliyi və səmərəliliyinin şərtləndirici amili xüsusi indikatoru kimi çıxış edir. Heç şübhəsiz ki, mükəmməl ali təhsil olmadan bunlara nail olmaq mümkün deyildir.

Beynəlxalq münasibətlər. Azərbaycanın beynəlxalq hüquq normalarına əsaslanan mövqeyinin effektiv şəkildə müdafiə olunması, xarici nümayəndəliklərin işinin səmərəlilik əmsalının artırılması, ölkəmizin həqiqətlərinin dünyaya çatdırılması, beynəlxalq müstəvidə tərəfdaşlıq əlaqələrinin şaxələndirilməsi, iqtisadi diversifikasiyanın sürətləndirilməsinə xidmət edən investisiya cəlbetmə siyasətinin realizəsi, dünyanın müxtəlif ölkələri və təşkilatları ilə qarşılıqlı fayda kəsb edən münasibətlərin inkişaf etdirilməsi peşəkar diplomat korpusu olmadan həyata keçirilə bilməz.

Bu gün Azərbaycanın nəinki bölgədə, hətta qlobal miqyasda rolu artır. Azərbaycanın artan fəallığı yalnız bu günün reallığı deyil, həm də, növbəti mərhələdə dövlətimizin reputasiyasını və rolunu müəyyən edən faktorlardır. Belə olan halda xarici siyasət strukturlarının uğurla həyata keçirilən xarici siyasət strategiyasının icrasında aparıcı orqan olması və prosesin hərəkətverici qüvvəsinə çevirilməsi labüddür. Prezident İlham Əliyev tərəfindən müəyyən edilən yol xəritəsinin uğurla həyat keçirilməsi üçün peşəkar diplomat korpusunun yaradılması günün çağırışları sırasında yer almaqdadır. Bütün bunları əsas tutaraq BMR fakültəsi də məhz peşəkar kadr hazırlığını həyata keçirməklə öz missiyasını həyata keçirməkdədir.

Azərbaycanın beynəlxalq münasibətlərdə  artan funksionallığı fonunda xarici siyasətdə kefiyyət dəyişiklikləri zəruridir. Azərbaycanın beynəlxalq nüfuzunun və multifunksionallığının  artması və eləcə də beynəlxalq münasibətlər sistemində yeni çağırışlar fonunda diplomatik qolların yetərincə çevik olması böyük ölçüdə yenə də peşəkar kadrlardan asıldır.

Azərbaycanın xarici siyasətinin prioritetləri sırasında Türkiyə ilə strateji müttəfiqliyi daha da dərinləşdirmək, Ermənistan ilə sülhə nail olmaq, qonşu dövlətlərlə münasibətlərin yaxşılaşdırması, islam və türkdilli dövlətlərlə strateji istiqamətləri inkişaf etdirmək, həmçinin Avropa İttifaqı, ABŞ, Böyük Britaniya və bu qəbildən olan bir sıra dövlətlərlə münasibətləri daha da gücləndirmək kimi məsələlər yer almaqdadır. Yeni prioritetləri həyata keçirmək üçün Xarici İşlər Nazirliyinin və ümumilikdə diplomatik korpusunun hərətərəfli və yüksək peşəkar kadrlarla təminatı olduqca vacib vəzifədir. Bu strateji vəzifənin yerinə yetirilməsində diplomat korpusunun hazırlanmsı işində ADU-nun “Beynəlxalq münasibətlər və Regionşünaslıq” fakültəsi mühüm rol oynamaqdadır. Fakültə dekanının təşəbbüsü ilə “Gənc diplomatlar” qurumu fəaliyyət göstərir.

Regionşünaslıq istiqaməti. “Regionşünaslıq” bilik sahəsi kimi Qərb intellektual düşüncəsinin məhsuludur. Hələ orta əsrlərdə Qərb dövlətləri istila etdikləri və edəcəkləri ölkələri yaxından öyrənmək üçün bu elm sahəsini yaratmışlar. Digər tərəfdən, bilik sahəsi kimi regionşünaslıq ilkin olaraq strateji əhəmiyyət kəsb edirdi, çünki regionşünaslığın praqmatik məqsədi strateji rəqib olan ölkələri, eləcə də ölkənin siyasəti və iqtisadiyyatı üçün həyati əhəmiyyət kəsb edən regionları öyrənmək idi. Soyuq müharibə dönəmində isə ABŞ başda olmaqla Qərb dövlətləri  Kommunist rejimli SSRİ və Çinə qarşı mübarizədə üstün mövqe qazanmaq üçün regionların hərtərəfli öyrənilməsini daha üst səviyyədə həyata keçirmişdir. Göründüyü kimi, XX əsrdə  “regionşünaslıq” aydın geosiyasi məqsədi olan strateji bir elm kimi konseptuallaşdırılmışdır.

1990-cı illərin əvvəlində soyuq müharibənin başa çatması ilə regional tədqiqatların ilkin məqsədi olan strateji “missiyası” itirildi. Sosial biliklərin bu sahəsinin yenidən konseptuallaşdırılması zərurəti gündəmə gəldi.

Soyuq müharibənin bitməsi və yeni dünya düzəninin formalaşması ilə regioşünaslıq ixtisası da yeni mərhələyə qədəm qoymuş oldu. Artıq “dəmir pərdə” götürüldüyündən dünya dövlətləri arasında iqtisadi-siyasi və mədəni əlaqələr genişlənmiş, ticarət. qarşılıqlı investisiyaların qoyulması regionların daha köklü şəkildə öyrənilməsini tələb edirdi. Belə bir şəraitdə Azərbaycanda da “Regionşünaslığın” akademik bir istiqamət kimi yaranması və inkişafı sürətlə getməyə başladı.

Milli dövlət üçün regional tədqiqatların əhəmiyyəti dünyada potensial təhlükəli və ya siyasi gərginlikli regionların, eləcə də iqtisadiyyatın müəyyən sahələrində rəqabət aparan və ya ölkənin həyati maraqlarına cavab verən ərazilərdə yerləşən regionların olması ilə müəyyən edilir. Təbii ki, belə bölgələrin öyrənilməsi zəruridir ki. Bu da dövlətdə həmin region haqqında kompleks yanaşmanın formalaşmasında mühüm rol oynayır.

Bir sıra sosial elmlər (akademik fənlər) bazar üçün bilik istehsal etdiyi halda, regionşünaslıq hər şeydən öncə milli dövlətlə bağlı olub,  dövlətin strateji məqsədləri üçün bilik istehsal edir.

Qloballaşma prosesinin sürətləndiyi bir dönəmdə  milli dövlətlər paradiqmasının transformasiyası əvvəllər regionşünaslıqda istifadə olunan yanaşma və prinsiplərin metodoloji cəhətdən müəyyən yenilənməsini tələb edir ki, BMR fakültəsində tədris prosesində mütləq şəkildə bunlar nəzərə alınır. Hətta qloballaşma ilə bağlı ayrıca kursun tədrisi də həyata keçirilir.

BMR fakültəsində regionşünaslıq istiqamətində Azərbaycan Respublikasının strateji müttəfiqi və tərəfdaşı olan dövlətlərlə (Türkiyə, Pakistan, İsrail, Rusiya, Serbiya, Çin, ABŞ və digərləri) yanaşı, Yaponiya, Hindistan, Cənub-Şərqi Avropa, Skandinaviya və s ölkələr üzrə kadr hazırlığı həyata keçirilir. Regionşünaslıq istiqaməti üzrə kadr hazırlığı prosesində “Qafqazşünaslıq” ixtisası və onun tərkibində ixtisas dili kimi erməni dilinin öyrənilməsi xüsusi olaraq qeyd olunmalıdır. 44 günlük Vətən müharibəsi gedişində və sonrakı dönəmlərdə dövlətimizin ehtiyac duyduğu erməni dilini bilən kadrların məhz BMR fakültəsində hazırlanması da təqdirəlayiqdir. Adıçəkilən ixtisaslar üzrə elmi mərkəzlər də təşkil olunmuşdur və burada çalışan peşəkar kadrlar həmin ixtisasların dərindən mənimsənilməsi istiqamətində və eləcə də Azərbaycan ilə bu dövlətlər arasında münasibətlərin inkişaf etdirilməsinə öz töhfələrini verməkdədir. 2026/2027-ci  tədris ilində fakültədə ilk dəfə olaraq Regionşünaslıq (Mərkəzi Asiya üzrə) ixtisasına qəbul verildi. Bu ixtisasda ixtisas dili özbək dili olaraq tədrisə başlanılmışdır. Universitetdə özbək dili və mədəniyyəti mərkəzi mövcuddur. Daha yeni bir faktı diqqətə çatdırım ki, universitet rəhbəri rektor akad.K.M.Abdullayevin xüsusi səyi nəticəsində (Region Afrika üzrə) ixtisasında bu ildən etibarən suaxili dili ixtisas ölkəsinin dili kimi tədris olunur. Bu dilin tədrisi məqsədilə Keniyadan xüsusi olaraq müəllim dəvət olunmuşdur. Universitet bir-neçə istiqamət üzrə mövcud rəqabətə davamlı inkişaf strategiyasını əsas götürür. Müxtəlif səviyyəli reytinqlərdə ADU-nu öndə olan Universitetlər sırasında görürük. Qəbul planında nəzərdə tutulmuş yerlərin illik dinamikada 100% göstərici ilə tamamlanması qeydə alınır. Bu da Universitetə olan inam, etimad və etibarın göstəricisidir.

İstehsalat təcrübəsi. BMR fakültəsi tək tədris prosesinin təşkili ilə deyil, tələbələrin (məzunların) istehsalat təcrübəsinin həyata keçirilməsinə, onların peşəkar diplomat kimi yetişməsinə xüsusi diqqət yetirir.

İstehsalat təcrübəsi gedişində tələbələrin təhsil prosesində öyrəndikləri nəzəri bilikləri təcrübi vərdişlərlə möhkəmləndirərək müəssisənin iş üsulunu dərindən mənimsəmək, sonrakı əmək fəaliyyətində tətbiq etmək vərdişlərini yaratmaq fakültə rəhbərliyinin xüsusi önəm verdiyi məsələlər sırasında yer almaqdadır. İstehsalat təcrübəsi bir qayda olaraq yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasında vacib şərtlərdən biri olduğundan qabaqcıl müəssisə və təşkilatlarda keçirilməlidir. Bunları əsas götürərək fakültənin IV kurs tələbələri, VIII semestr 30 kredit olmaqla Azərbaycanın xarici siyasətinin həyata keçirilməsində əhəmiyyətli rol oynayan dövlət orqanlarında-Milli Məclis, Xarici İşlər Nazirliyi, Diasporalarla İş Üzrə Dövlət Komitəsi, bəzi səfirliklər, nazirliklər, dövlət komitələri sənədləşmə işləri, qeyri hökumət təşkilatları və.s yerlərdə istehsalat təcrübəsinin keçməsinə nail olur. Adıçəkilən dövlət orqanlarında və digər qurumlarda tələbələr ixtisasın profilindən və xüsusiyyətindən asılı olaraq yeni texnologiyalarla, mütərəqqi iş üsulları ilə tanış olur və onları gələcək fəaliyyətlərində tətbiq edirlər.

BMR fakültəsi universitetin rektorunun bilavasitə rəhbərliyi və düzgün müəyyən etdiyi dövlətçiliyə xidmət istiqamətində Azərbaycanın ictimai-siyasi həyatında baş verən proseslərdə yaxından iştirak edir. Televiziya və digər kütləvi informasiya vasitələrində dünyada, regionda və ölkə daxilində baş verən ictimai-siyasi proseslərlə bağlı çıxışlar edir. Universitet daxilində respublika əhəmiyyətli əlamətdar günlərin qeyd olunmasında, eləcə də dövlət başçısının fərman və sərəncamlarından irəli gələn tədbirlərin həyata keçirilməsində BMR fakültəsi xüsusi olaraq fərqlənir və bunu məsuliyyətlə deyirəm ki, illərdir avanqard rol oynayır.

BMR fakültəsinin fəaliyyətinin mühüm bir hissəsi də elmi istiqamət təşkil edir. Məhz BMR fakültəsinin təşkilatçılığı ilə beynəlxalq və respublika səviyyəli elmi konfranslar təşkil edilir. Vaxtaşırı universitet daxilində BMR fakültəsinin təşkilatçılığı ilə elmi-praktik seminarlar, dəyirmi masalar keçirilir. Fakültə əməkdaşlarının əsərləri dünyanın məşhur indeksli jurnallarında və nəşrlərində çap edilir. Beynəlxalq səviyyəli konfrans və simpoziumlarda fakültə nəzdində olan kafedraların müəllimləri iştirak edib. Həmçinin öz üzərlərində çalışan əməkdaşlar ənənəvi və onlayn ixtisas artırma kurslarına qatılırlar. Beynəlxalq səviyyəli sertifikatlar əldə edirlər.

Fakültənin fəaliyyətinin mühüm bir istiqamətini tələbələrin beynəlxalq dəyərlərə hörmətlə yanaşmaq, multikultural ənənələri saxlamaqla, onları vətənpərvər ruhda, dövlətə, millətə bağlı şəkildə yetişdirməkdən ibarətdir.

BMR fakültəsi öz fəaliyyətində Azərbaycan Respublikası dövlət başçısının imzaladığı fərman və sərəncamlarını, (aidiyyatı üzrə) Təhsil Qanununu, Nazirlər Kabinetinin və Elm və Təhsil Nazirliyinin müvafiq əmr və sərəncamlarını, Universitet Elmi Şurasının, rektorun imzaladığı qərarları rəhbər tutaraq tədris prosesini təşkil edir. Eləcə də “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” ilə müəyyənləşdirilmiş strateji istiqamətləri-səriştəyə əsaslanan şəxsiyyətyönlü təhsil məzmununun yaradılmasını,  təhsil sahəsində insan resurslarının müasirləşməsini (səriştəli, təcrübəli təhsilverəni formalaşdırmaq, innovativ metodlardan istifadə etmək), təhsildə səmərəli idarəetmə mexanizmlərinin yaradılması (səmərəli, cavabdeh, şəffaf idarəetmə qabaqcıl beynəlxalq təcrübəyə əsaslanmaqla müasir təhsilin keyfiyyət təminatını artırmalı) əsas hədəf kimi götürülür.

Fakültə dekanı: professor İbrahim Kazımbəyli