20 oktyabr 2026 10:13
84

Qaradağ rayonunda YAP-ın VIII Qurultayından irəli gələn məsələlərə həsr olunan tədbir keçirilib

Oktyabrın 19-da Lökbatan qəsəbəsi, Mədən küçəsi 3 ünvanı üzrə (3 saylı Texnoloji Nəqliyyat Departamenti) ərazi partiya təşkilatında Azərbaycan Prezidenti, YAP-ın Sədri cənab İlham Əliyevin partiyanın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlər mövzusunda tədbir keçirilib.

“İki sahil” xəbər verir ki, tədbirdə YAP Qaradağ rayon təşkilatının sədri İlqar İlyasov, Mədən küçəsi 3 ünvanı üzrə (3 saylı Texnoloji Nəqliyyat Departamenti) ərazi partiya təşkilatının sədri, 3 saylı Texnoloji Nəqliyyat Departamentinin rəisi vəzifəsini müvəqqəti icra edən Əfqan Musayev, ərazi partiya təşkilatının üzvləri və fəallar iştirak ediblər.

Tədbir Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbiri giriş sözü ilə açan Mədən küçəsi 3 ünvanı üzrə (3 saylı Texnoloji Nəqliyyat Departamenti) ərazi partiya təşkilatının sədri Əfqan Musayev Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqində irəli sürülən məsələlərə toxunub. O, Azərbaycanın müstəqil xarici siyasətini, beynəlxalq nüfuzunu və etibarlı tərəfdaş kimi mövqeyini vurğulayaraq, beynəlxalq əməkdaşlığın genişləndirilməsinin, müasir texnologiyaların tətbiqinin, mütəxəssis hazırlığının iqtisadiyyatın inkişafı üçün əhəmiyyətini qeyd edib.

Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ rayon təşkilatının sədri İlqar İlyasov çıxışında VIII Qurultayın Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tam bərpasından sonra keçirilməsinin tarixi əhəmiyyətindən danışıb. O, ideoloji işin müasir tələblərə uyğun qurulmasının, sosial şəbəkələrdə fəallığın artırılmasının, tarixi yaddaşın qorunmasının, gənclərlə işin gücləndirilməsinin, şəhid ailələrinə və qazilərə qayğının artırılmasının vacibliyini qeyd edib. Eyni zamanda, YAP Qaradağ rayon təşkilatının sədri partiya üzvlərinin ictimai fəallığının artırılması, vətəndaşlarla əlaqələrin möhkəmləndirilməsi və ərazi partiya təşkilatlarının fəaliyyətinin daha da təkmilləşdirilməsi ilə əlaqədar fikirlərini bölüşüb.

Tədbirdə digər çıxış edənlər Mədən küçəsi 3 ünvanı üzrə (3 saylı Texnoloji Nəqliyyat Departamenti) ərazi partiya təşkilatının fəalları baş mühasib Elnur Abbaszadə və mühəndis Ərəstun Aslanov Prezident İlham Əliyevin nitqində milli təhlükəsizlik, ideoloji maarifləndirmə, iqtisadi dayanıqlılıq və sosial rifahın yüksəldilməsi məsələlərinin qabardılmasının əhəmiyyətindən danışıblar.

Onlar Qarabağ və Şərqi Zəngəzurun bərpası və yenidən qurulması, “Böyük Qayıdış” prosesinin sürətlə davam etdirilməsi, dövlətçilik ənənələrinin qorunması və müasir informasiya mühitində dezinformasiyaya qarşı mübarizənin vacibliyini vurğulayıblar.

Tədbirdə çıxış edənlər Prezident İlham Əliyevin müəyyən etdiyi strateji hədəflərin həyata keçirilməsində məsuliyyətli fəaliyyətin, milli maraqlara sədaqətin, ictimaiyyətlə əlaqələrin gücləndirilməsinin və dövlətə, xalqa xidmət prinsipinin rəhbər tutulmasının vacibliyini qeyd ediblər.