10 oktyabr 2026 16:25
103

BDYPİ həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət edib

Ölkə ərazisində müşahidə olunan yağışlı və dumanlı hava şəraiti yollarda görünüş məsafəsinin azalmasına səbəb ola bilər.

“İki sahil” xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) sürücülərə müraciətində bildirilib. Qeyd olunub ki, xüsusilə gecə və səhər saatlarında görünüş məsafəsinin azalması, yaş yol örtüyü isə nəqliyyat vasitəsinin idarə olunmasına və əyləc məsafəsinin uzanmasına təsir göstərir. Belə şəraitdə yol nişanlarını, nişanlama xətlərini və digər hərəkət iştirakçılarını vaxtında görmək çətinləşdiyindən, sürücülərin daha diqqətli və ehtiyatlı olmaları vacibdir.

Hazırda yağışlı hava ilə müşahidə olunan həftəsonu avtomobil yollarında hərəkət intensivliyinin artacağını nəzərə alaraq, BDYPİ sürücülərə səfərlərini əvvəlcədən planlaşdırmağı, nəqliyyat vasitələrinin texniki sazlığını yoxlamağı və hava şəraitinə uyğun hərəkət etməyi tövsiyə edir.

Sürücülər sürət həddini yol və görünüş şəraitinə uyğun seçməli, təhlükəsiz ara məsafəsini saxlamalı, texniki nasazlığı olan nəqliyyat vasitələri ilə yola çıxmamalıdırlar. Həmçinin ötmə və manevr zamanı, eləcə də dayanma və durma yerlərini seçərkən təhlükəsizlik tələblərinə ciddi əməl edilməlidir.

Yollarda diqqətli və məsuliyyətli davranış hər bir hərəkət iştirakçısının təhlükəsizliyinin təmin olunmasında mühüm əhəmiyyət daşıyır.

BDYPİ sürücüləri müraciətdə qeyd olunan tövsiyələrə ciddi yanaşmağa, özlərinin və digər hərəkət iştirakçılarının təhlükəsizliyini nəzərə alaraq hərəkət etməyə çağırır.