10 oktyabr 2026 14:41
94

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb

Səhiyyə Nazirliyi və Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun təşkilatçılığı ilə Ümumdünya Ağciyər Sağlamlığı Gününə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçirilib.

“İki sahil” xəbər verir ki, tədbirdə Türkiyə, Özbəkistan və Ukraynadan olan qonaqlar, yerli alimlər, pulmonoloqlar, torakal cərrahlar, ftiziatrlar, digər ixtisaslar üzrə həkimlər və laboratoriya mütəxəssisləri iştirak ediblər. Konfransın məqsədi pulmonologiya və ftiziatriya sahəsində müasir elmi və klinik yanaşmaları müzakirə etmək, yerli və xarici mütəxəssislər arasında təcrübə mübadiləsini gücləndirməkdir.

Tədbirdə çıxış edən Səhiyyə Nazirliyinin Səhiyyə siyasəti şöbəsinin müdiri Ramik Quliyev bildirib ki, son illərin epidemioloji mənzərəsində yoluxucu xəstəliklərdən qeyri-infeksion xəstəliklərə doğru ciddi keçid müşahidə olunur. O qeyd edib ki, qlobal miqyasda orta ömür uzunluğu son illərdə 73-74 il olduğu halda, Azərbaycanda 2025-ci ilin sonuna bu göstərici 77 ili ötüb. Bununla yanaşı, ömür uzunluğunun artması ilə bərabər, əlavə qazanılan illərin nə dərəcədə sağlam yaşandığı da nəzərə alınmalıdır. Şöbə müdirinin sözlərinə görə, 2023-cü ildə dünyada ümumi ölüm hallarının 74 faizi qeyri-infeksion xəstəliklərin payına düşüb. 2020-ci ildə bu göstərici 58 faiz təşkil edib. Azərbaycanda da qeyri-infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artır. Həmin xəstəliklər sırasında ürək-damar, onkoloji və tənəffüs sistemi xəstəlikləri xüsusi yer tutur.

TƏBİB-in icraçı direktorunun müşaviri Töhfə Cəmilova ağciyər sağlamlığının qorunmasının yalnız tibbi deyil, həm də ictimai səhiyyə məsələsi olduğunu vurğulayıb. O bildirib ki, bu istiqamətdə profilaktika, erkən aşkarlanma və vaxtında diaqnostika, eləcə də xəstəliklərin müalicəsi əsas əhəmiyyət daşıyır. Profilaktik tədbirlərə tibbi xidmətlərə bərabər səviyyədə əlçatanlıq, sağlam həyat tərzinin təşviqi, düzgün qidalanma, gigiyena qaydalarına əməl olunması və peyvəndlər daxildir. Töhfə Cəmilova ilkin səhiyyə xidmətlərinin gücləndirilməsinin, bu sahədə çalışan mütəxəssislərin bilik və bacarıqlarının artırılmasının, gənc kadrların bölgələrdə fəaliyyətə cəlb edilməsinin vacibliyini qeyd edib. O, ilkin səhiyyə müəssisələrində erkən diaqnostika üçün müasir texnologiyaların əlçatan olmasının da əhəmiyyətini vurğulayıb. Müşavir xroniki tənəffüs xəstəliklərinin müalicəsində reabilitasiya, davamlı dəstək, tibbi xidmətlərin ardıcıllığı və fasiləsizliyinin təmin edilməsinin vacib olduğunu bildirib.

Ətraf mühitin sağlamlığa təsirinə də toxunan T.Cəmilova havanın çirklənməsinin, qapalı məkanlarda çirkli hava ilə nəfəs almağın və ictimai obyektlərdə tütün tüstüsünün ağciyər sağlamlığı baxımından əhəmiyyətli məsələlər olduğunu deyib. O qeyd edib ki, bu problemlərin həlli yalnız səhiyyə sektorunun deyil, sənaye, nəqliyyat və digər sahələrin də əməkdaşlığını tələb edir.

Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun baş direktoru, tibb üzrə fəlsəfə doktoru İradə Axundova ağciyər sağlamlığının insanın həyat fəaliyyəti və sağlam gələcəyi üçün əsas şərtlərdən biri olduğunu bildirib. O, tənəffüs sistemi xəstəliklərinin qarşısının alınması və vaxtında aşkarlanmasının müxtəlif ixtisaslar arasında sıx əməkdaşlıq tələb etdiyini vurğulayıb. İ.Axundovanın sözlərinə görə, 80 ildən çoxdur fəaliyyət göstərən institut tibbi yardım, elmi tədqiqat və təhsilin bir araya gəldiyi mühüm mərkəzdir. O, Səhiyyə Nazirliyinin dəstəyi ilə yaradılmış Milli İstinad Laboratoriyasının fəaliyyətini də qeyd edib. Laboratoriyada Ümumdünya Səhiyyə Təşkilatının tələblərinə uyğun olaraq vərəmin bakterioloji və molekulyar-genetik diaqnostikası, o cümlədən skrinninq həyata keçirilir. Bu imkanlar xəstəliyin aşkarlanmasına, dərmanlara davamlılığın müəyyənləşdirilməsinə və müalicə qərarlarının əsaslandırılmasına töhfə verir.

Tədbirdə çıxış edən Milli Məclisin Səhiyyə komitəsinin üzvləri Məlahət İbrahimqızı və İlham Məmmədov, eləcə də ictimai xadim Sədaqət Vəliyeva Azərbaycanda ağciyər sağlamlığının qorunması, tənəffüs sistemi xəstəliklərinin profilaktikası və vaxtında aşkarlanması istiqamətində görülən işlərə toxunublar.

Konfrans təqdimat və müzakirələrlə davam edib.