10 oktyabr 2026 17:33
101

Salyanda qatar minik avtomobili ilə toqquşub

Salyanda qatar avtomobillə toqquşub.

Hadisə oktyabrın 10-da dəmir yolunun rayon ərazisindən keçən hissəsində, Arbatan keçidində qeydə alınıb.

Belə ki, qatar “Mercedes” markalı minik avtomobili ilə toqquşub.

Avtomobilin sürücüsü maşından yerə atılaraq xəsarət almaqdan xilas olub.

Faktla bağlı araşdırma aparılır.

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətindən verilən məlumata görə, səhər saatlarında "Mersedes" markalı minik avtomobilinin sürücüsünün dəmiryol keçidi ilə bağlı qaydaları pozması nəticəsində idarə etdiyi avtomobil Salyan-Salmanlı sahəsində hərəkətdə olan lokomotivin qarşısına çıxıb.

"Maşinist təcili tormozlama aparsa da, məsafə az olduğundan toqquşma qeydə alınıb. Hadisə nəticəsində lokomotivə zərər dəyib.

ADY bir daha hərəkət iştirakçılarını dəmiryol keçidlərinə yaxınlaşarkən son dərəcə diqqətli olmağa, yolun qatardan boş olduğuna əmin olduqdan sonra hərəkəti davam etdirməyə, yol hərəkəti qaydalarına, o cümlədən yol nişanlarının tələblərinə ciddi əməl etməyə çağırır. Nəzərə almaq lazımdır ki, yol həmişə qatarındır", - deyə qurumdan bildirilib.

Trend