10 oktyabr 2026 17:02
118

Professor Aida İmanquliyevanın elmi yaradıcılığına həsr olunmuş məqalə ərəb mediasında yayımlanıb

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun elmi işlər üzrə direktor müavini dosent Ruhəngiz Cümşüdlünün görkəmli şərqşünas-alim, filologiya elmləri doktoru, professor Aida İmanquliyevanın elmi yaradıcılığına həsr olunmuş məqaləsi ərəb mediasında yayımlanıb.

İnstitutdan “İki sahil” bildirilib ki, məqalə Misirin “alameltanmya.com” (“Qlobal inkişaf”) və ərəb-Afrika regionunu əhatə edən africaface.net (“Afrikanın siması”) saytlarında dərc olunub.

Məqalədə Azərbaycan və ərəb dünyası arasında mövcud olan tarixi-mədəni əlaqələrdən, professor Aida İmanquliyevanın bu əlaqələrin ədəbi-mədəni aspektlərinin nəzəri cəhətdən tədqiqinə verdiyi töhfələrdən bəhs edilir. Eyni zamanda, alimin bu sahədə elmi araşdırmaların təşkili və istiqamətləndirilməsində fəal iştirakı diqqətə çatdırılır.

Yazıda Aida İmanquliyevanın məhcər ədəbiyyatını Azərbaycan ərəbşünaslığında ilk dəfə sistemli tədqiqat obyektinə çevirməsi xüsusi vurğulanır. Alimin ərəb dilindən Azərbaycan dilinə etdiyi tərcümələrə, eləcə də Azərbaycan-ərəb ədəbi əlaqələrinin müstəqil elmi problem kimi formalaşmasındakı müstəsna xidmətlərinə diqqət çəkilir.