26 sentyabr 2026 21:09
97

Almaniyanın Olimpiya və Paralimpiya Oyunlarına ev sahibliyi üçün namizəd şəhəri müəyyənləşib

Almaniyanın Olimpiya və Paralimpiya Oyunlarına ev sahibliyi üçün namizəd şəhəri müəyyənləşib.

“İki sahil” xəbər verir ki, Almaniya Olimpiya İdman Federasiyasının (DOSB) növbədənkənar iclasında Münxen 2036-cı, 2040-cı və ya 2044-cü illər üçün Yay Olimpiya və Paralimpiya Oyunlarına namizəd şəhər seçilib. Bavariya əyalətinin paytaxt şəhəri namizədlik uğrunda yarışda Köln-Rur regionunu üstələyib. Qərarı Almaniya Prezidenti Frank-Valter Ştaynmayer DOSB prezidenti Tomas Vaykert ilə birlikdə elan edib. Bu səsvermədən bir neçə gün əvvəl Berlin namizədliyini geri götürüb. Hamburq isə daha əvvəl keçirilmiş referendumun mənfi nəticəsindən sonra mübarizədən çəkilib. Almaniya Prezidenti komanda şəklində yarışılacağı təqdirdə Olimpiadaya ev sahibliyi üçün şansların artacağını vurğulayaraq bildirib: “Dünyanın ən böyük idman tədbirinə namizədlik təkcə seçilmiş bölgə üçün uğur deyil. Bu bütün Almaniya üçün böyük fürsətdir”. Kansler Fridrix Merts də bütün Almaniyanın Münxenin namizədliyini dəstəklədiyini vurğulayaraq qeyd edib: “Biz Olimpiya və Paralimpiya Oyunlarını həyəcan dolu anlar, böyük uğurlar, unudulmaz xatirələr və bütün ölkənin nəfəsini dərərək bu mübarizəni izləməsi üçün ölkəmizə gətirmək istəyirik”.

DOSB növbəti mərhələdə Beynəlxalq Olimpiya Komitəsinə Münxenin namizədliyi ilə bağlı müraciət edəcək. Münxen beynəlxalq namizədlik prosesində ev sahibliyi adı uğrunda digər mümkün namizədlərlə rəqabət aparacaq. Almaniya konkret olaraq, 2036-cı, 2040-cı və ya 2044-cü il variantlarından birini hələ dəqiq müəyyənləşdirməyib. Münxen qalib gələcəyi təqdirdə 1972-ci ildən sonra tarixində ikinci dəfə Olimpiadaya ev sahibliyi edəcək. Daha əvvəl isə Berlin 1936-cı ildə Olimpiya Oyunlarını qəbul edib.