25 sentyabr 2026 11:34
123

Balaxanı neftçilərinin hər gün yaşatdığı “Anım Günü”

“Balakhani Operating Company LTD”-nin (BOC) Sabunçu rayonunda yerləşən baş qərargah binası sanki tarixin kiçik qapısıdır. Hələ orta əsrlərdən yerli əhalisi müxtəlif yollarla neft çıxardığı Balaxanı mədənlərində bu gün çalışanlar binaya girəndə XIX əsrin sonunun neft bumu ab-havasına bürünürlər.

“İki sahil” xəbər verir ki, lakin darvazadan girəndə onları qarşılayan ilk mənzərə məhz müstəqil Azərbaycanın ilk illərinin nişanəsidir. 1994-cü ildə neftçilərin təşəbbüsü ilə onların 1ci Qarabağ Müharibəsində şəhid olan həmkarlarının xatirəsi əbədiləşdirilib.

Qarşısında mütəmadi tər çiçəklər düzülən abidə divarından baxan simalardan biri də Novruz Səlimovdur. O, baş leytenant olaraq könüllü şəkildə Vətəni müdafiə etməyə yollanıb, Füzuli uğrunda gedən döyüşlər zamanı şəhid olmuşdur.

35 yaşının 13 ilini Balaxanı neft mədənlərində çalışan Novruz Səlimov və onun şəhid yoldaşlarının xatirəsi burada tək “Anım Günü”ndə deyil, onun peşəkar yolunu davam etdirən ailə üzvləri hər gün işə gələndə yaşayır.

Novruz Səlimov şəhidlik zirvəsinə qovuşanda qızı Nigar cəmi 40 günlük idi. O deyir: “Mənə danışılanlara görə, atam savadlı, vətənpərvər və həmkarları ilə səmimi münasibət quran olub. Mənimlə bağlı da böyük arzuları olub. Təəssüf ki, məni görmək ona qismət olmayıb. Lakin  anamın dediyinə görə adımı özü seçib.”

Bu gün Nigar Səlimova “Balakhani Operating Company LTD”də mühəndis texnoloq kimi çalışır. Anası da burada mərkəzi anbarın əməkdaşıdır. Səlimovlar ailəsi  “Balakhani Operating Company LTD”-nin əməkdaşları arasında olan 400-ə yaxın şəhid və qazi ailə üzvləri arasındadır.

“Atam uzun illər burada 3cü mədəndə çalışıb. Onun əməyinin izlərini yaşatmaq mənim üçün qürurvericidir. Vaxtilə çalışdığı yerdə anamın və mənim işləməyim bizim üçün xüsusi məna daşıyır”, deyir Nigar: “Onun məzun olduğu AZİ, hazırda ADNSU-nun tələbəsiyəm. BOC prezidenti Rövşən Rzayev şəhid və qazi ailələrinə hər zaman böyük ehtiram və qayğı ilə yanaşdığı kimi, təhsil məsələlərində də kömək edir-  atamın getdiyi neftçi yolunu davam etdirməkdə bizə dəstək göstərir. Bu yolda irəliləmək mənim üçün böyük məsuliyyətdir.”

Beləliklə, “Anım Günü” Nigar üçün tək 27 sentyabr deyil, Balaxanıda hasilatla məşğul olduğu hər gündə yaşayır və bir də…son döyüşə yollanmamışdan əvvəl atasının anasına “mənim üçün darıxsan Məmmədbağırın mahnısını dinlə” miras qoyduğu “Xatırlayarsan məni” melodiyasında.

Ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş bütün şəhidlərimizin xatirəsini dərin ehtiramla anırıq.