Müsahibimiz Milli Məclisin deputatı Elman Nəsirovdur
- Elman müəllim, geridə qoyduğumuz 2016-cı ildə cərəyan edən siyasi proseslərə nəzər salsaq, diqqəti çəkən əsas hansı məqamları qeyd edə bilərik?
- 2016-cı ildə dünyada neftin qiyməti üç-dörd dəfə aşağı düşdü. Bu da təbii ki, həm nefti istehsal, həm də istehlak edən ölkələrə öz təsirini göstərdi. Bundan başqa, Avropada inteqrasiya proseslərində çox ciddi problemlər yaşandı. Eyni zamanda Böyük Britaniyanın Avropa İttifaqından çıxması ilə bağlı qərar qəbul edildi. Bu qərar Avropada böyük problem kimi qarşılandı. Yaxın Şərqdə böyük bir miqrant ordusu yarandı. Bütövlükdə 2016-cı il asan və sadə il olmadı. Kifayət qədər mürəkkəb keçən bir ili geridə qoyduq. Sadalanan bir çox neqativ proseslər təbii ki, Azərbaycandan da yan ötmədi. Çünki biz də dünyanın tərkib hissəsiyik. Xüsusilə neftin qiymətinin düşməsi Azərbaycanın büdcəsinə də təsir göstərdi.
- Ötən ili ölkəmiz üçün uğurlu hesab edə bilərikmi?
- 2016-cı ili Azərbaycan üçün uğurlu hesab etmək olar. İlk növbədə deməliyəm ki, ötən il Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa olunmasının 25 illiyini qeyd etdik. Bu, çox mühüm hadisədir. Hesab edirəm ki, 25 illik müstəqillik tariximizə qiymət verərkən üç mühüm məsələ xüsusi qeyd olunmalıdır. Birincisi, ölkəmizdə hökm sürən ictimai-siyasi sabitlik ötən il daha da möhkəmləndi. İkincisi, ölkəmizdə təhlükəsizlik mühitini daha da gücləndirdik. Üçüncü, mühüm məqam isə ondan ibarətdir ki, eyni zamanda davamlı inkişafımızı təmin etdik. İl ərzində bir çox sahələrdə ciddi nailiyyətlərimiz oldu. Hesab edirəm ki, ən yaddaqalan hadisələrdən biri heç şübhəsiz ki, aprel döyüşləridir. Ölkə Prezidenti cənab İlham Əliyev aprel döyüşlərinə qiymət verərkən bildirdi ki, aprel döyüşləri Azərbaycan tarixinin ən şanlı səhifələrindən biridir. Azərbaycan Ordusunun gücünü, potensialını hər kəs gördü. Məlum oldu ki, sözün həqiqi mənasında Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır. Həm də erməni ordusu haqqında bir mif formalaşmışdı ki, o, çox güclüdür, qüdrətlidir və s. Azərbaycan Ordusu o mifi tamamilə dağıtdı. Həm də biz öz hərbi potensialımızın cüzi bir hissəsindən istifadə etdik.
Bilirsiniz ki, cənab Prezidentin siyasətinin əsas xəttini qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın şaxələndirilməsi və onun rəqabət gücünün artırılması təşkil edir. Bu istiqamətlərdə ciddi işlər görüldü. Ötən ilin yaddaqalan məqamlarından biri fevral ayında Bakıda Cənub Qaz Dəhlizi üzrə Məşvərət Şurasının ikinci toplantısının keçirilməsi oldu. Bu layihə XXI əsrin layihəsidir, onun 45 milyard dollar dəyəri var. Layihənin reallaşdırılmasında yeddi dövlətin əməyi var. Fevral ayında təsdiqləndi ki, bu layihə reallıqdır, əfsanə deyil. Ən son məlumata görə, artıq TANAP layihəsinin 60, TAP layihəsinin isə 30 faizi reallaşıb. Daha sonra 2016-cı ilin mart ayında paytaxtımızda sayca dördüncü Beynəlxalq Bakı Humanitar Forumu keçirildi. Bu forumda dünyanı narahat edən humanitar böhranla bağlı məsələlər, eyni zamanda böhrandan çıxış yolları ilə bağlı mühüm müzakirələr aparıldı. Aprel ayında isə BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu keçirildi. Bu foruma 140-dan çox ölkədən nümayəndə gəlmişdi. Forumda Nobel mükafatçıları, tanınmış siyasi, iqtisadi xadimlər, yüksək elita iştirak edirdi. Bu tədbir göstərdi ki, Azərbaycan sözün həqiqi mənasında multikulturalizmin vətənidir. Yeri gəlmişkən, ötən ilin ən yaddaqalan hadisəsi cənab Prezidentin 2016-cı ili “Multikulturalizm ili” elan etməsi ilə bağlıdır. Bu gün dünyada çox ciddi proseslər gedir. 5-10 il bundan qabaq kimə desəydin ki, neofaşist təşkilatlar Avropanın küçələrində nümayişlər keçirəcəklər, heç kəs buna inanmazdı. Amma bu, artıq reallıqdır. Məhz bu reallığın fonunda Azərbaycanda ötən il “Multikulturalizm ili” elan edildi. Bu kontekstdə yaddaqalan məqamlardan biri Roma Papasının Bakıya səfəridir. Roma Papasının müsəlman ölkələrinə səfəri nadir hadisələrdəndir. O, Bakıya gəldi və Bakıdan dünyaya mesajlar göndərdi. Azərbaycanın sözün həqiqi mənasında multikulturalizmin məkanı olduğunu dünyaya bəyan etdi. Hesab edirəm ki, ötən ilə qiymət verərkən xüsusilə idman nailiyyətlərimizi vurğulamaq lazımdır. İyun ayında paytaxtda “Formula-1” yarışları keçirildi. Dünyanın 500 milyondan artıq əhalisi onu izlədi. Bu, həm idman hadisəsi idi, həm də bu yarışın böyük iqtisadi, siyasi mənası vardı. Dünya Azərbaycanı gördü. Xüsusilə Rio Olimpiadasını qeyd etmək istəyirəm. Bu yarışda sanki idmançılarımız Azərbaycanın müstəqilliyinin 25 ilinə öz töhfələrini verdilər. Biz nəticələrimizə görə Avropada 7-ci, MDB məkanında Rusiyadan sonra ikinci, 57 müsəlman ölkəsi arasında isə birinci yerə layiq görüldük.
- Sizcə, ötən il Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycan nələrə nail oldu? 2017-ci il bu mənada bizə nələri vəd edir?
- Həqiqətən, ötən il Azərbaycan dövləti qarşısına qoyduğu bütün hədəflərə nail ola bilib. Yeganə həllinə nail ola bilmədiyimiz məsələ Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Amma münaqişənin həll olunmaması bizim ucbatımızdan deyil. Bu, Ermənistanın yeritdiyi qeyri-konstruktiv siyasət nəticəsində baş verib. Prezident İlham Əliyev ötən ilin oktyabr ayında Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasındakı nitqində vurğuladı ki, bu, təkcə Ermənistanın işi deyil. Biri Ermənistana silah, digəri pul verir. Başqa birisi erməni lobbisinin fəaliyyətinə dəstək verir, onun təbliği ilə məşğuldur. Bu reallıqlar Ermənistana imkan verir ki, yarıtmaz siyasətini davam etdirsin. Aprel döyüşlərindən sonra münaqişənin həlli ilə bağlı yeni situasiya yarandı. Bunun ardınca may ayında Vyanada, iyun ayında Sankt-Peterburqda danışıqlar aparıldı. Bir ümid yarandı ki, nəhayət münaqişənin həlli ilə bağlı yeni mərhələ başlayır. Təəssüf ki, bu ümidlər son nəticədə özünü doğrultmadı. Yenə də dediyimiz qüvvələrin Ermənistana dəstək siyasəti erməni tərəfində arxayınlıq yaratdı. Həmsədrlər cidd-cəhdlə əvvəlcə xarici işlər nazirlərinin, ilin sonunda isə heç olmasa bir dəfə prezidentlərin görüşünü keçirmək istəyirdilər. Amma xarici işlər nazirlərinin görüşünə belə nail ola bilmədilər. Ümidlər 2017-ci ilə dikilib. 2016-cı ilin sonlarında Rusiyanın yeni xarici siyasət konsepsiyası irəli sürüldü. Həmin konsepsiyada MDB məkanında “dondurulmuş” münaqişələr adlı bir hissə var. Həmin o bənddə Rusiya tərəfinin mövqeyinə görə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün həmsədr dövlətlərin əlaqələrinin genişlənməsi, onların qəbul etdiyi sənədlərin reallaşdırılması vacibdir. Bu nöqteyi-nəzərdən ilk növbədə Dovil sənədini xatırlayırıq. Həmin sənədə imzanı Rusiyadan Medvedev, Fransa tərəfdən Sarkozi, ABŞ-dan isə Barak Obama atmışdı. İndi Rusiya rəhbərliyi həmin sənədə nəfəs vermək istəyir.
Sənədin ilk bəndində isə qeyd olunub ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində status-kvo qəbuledilməzdir. Əgər Rusiyanın xarici siyasət sənədində Dovil bəyanatına istinad edilirsə, bu, müəyyən ümidlər yaradır.
- Ötən il dünyada baş verən əsas siyasi proseslərdən biri də Rusiya-Türkiyə münasibətlərinin dəyişməsi ilə bağlıdır. Vəziyyət müsbətə doğru dəyişdi. Bu kontekstdə Rusiya səfirinin öldürülməsini necə şərh edərdiniz?
- Bilirsiniz ki, 2015-ci ilin noyabr ayında Rusiya-Türkiyə münasibətləri korlandı. Əgər Rusiya səfirinin Türkiyədə qətlə yetirilməsi o münasibətlər korlandığı müddətdə baş versəydi, hesab edirəm ki, “iki dövlətin münasibətləri korlanıb” ifadəsi çox yumşaq olardı. Bu hadisə o zaman baş verdi ki, artıq münasibətlər bərpa olunmuşdu. Türkiyə Prezidentinin Rusiya Prezidenti ilə telefon danışığından da bəlli oldu ki, bu hadisəni törədən qüvvə iki dövlətin münasibətlərinin yenidən korlanmasında çox maraqlıdır. Bir məqamı da vurğulamaq istəyirəm ki, Türkiyə-Rusiya münasibətlərinin bərpasında Azərbaycan Prezidenti cənab İlham Əliyevin, eyni zamanda Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin müstəsna xidmətləri oldu. Bu iki prezidentin gücü, siyasi iradəsi, qətiyyəti və barışdırıcı mövqeyi, hər iki tərəf ilə xüsusi münasibətlərin olması son nəticədə münasibətlərin normallaşmasını və inkişafını təmin etdi.
- Suriya ərazisində gedən proseslərin səngiməsinə dair İran-Türkiyə-Rusiya razılaşmasını necə qiymətləndirirsiniz?
- Bəli, Suriyada proseslər doğrudan da mürəkkəb xətt üzrə inkişaf edirdi. Bəşər Əsəd qüvvələrinin, xüsusilə də Hələb üzərində qazandığı qələbələr vəziyyəti tamamilə dəyişmişdi. Moskvada aparılan danışıqlar, həm Rusiyanın, həm də Türkiyənin xarici işlər nazirləri, eyni zamanda hərbi nazirlər səviyyəsində aparılan müzakirələr onu göstərdi ki, bu üç dövlətin böhranın həlli ilə bağlı xüsusi fəallığı var və onlar tezliklə beş ildən çox davam edən böhrana son qoymaq istəyirlər. Bilirsiniz, məsələ ondan ibarətdir ki, biz bu məsələyə münasibətdə bəzən ikili yanaşmanın şahidi oluruq. Türkiyə tərəfi hər zaman haqlı olaraq ABŞ-dan cidd-cəhdlə xahiş edir ki, siz PKK-nı terror təşkilatı kimi tanımalısınız. Departamentin müəyyən etdiyi 500-dən artıq terrorçu təşkilatın siyahısında PKK-nın adı var. Suriyada PKK-nın bir qolu fəaliyyət göstərir. Siz PKK-nı terror təşkilatı kimi tanımısınız, amma Suriyada onun fəaliyyət göstərən qolunu tanımırsınız. Ona görə tanımaq istəmirsiniz ki, o, Bəşər Əsədə qarşı döyüşür. Belə çıxır ki, PKK pis təşkilatdır, amma onun qanadı yaxşıdır. Bu cür yanaşmalarla terrorizmə qalib gəlmək mümkün deyil. Onunla mübarizə “hər zaman və hər yerdə” prinsipi ilə olmalıdır.
- 2016-cı il ABŞ-da keçirilən prezident seçkilərinin nəticələri ilə yadda qaldı. Sizcə, Trampın prezidentliyi 2017-ci ildə dünya üçün nə vəd edir?
- Təbii ki, Trampın siyasəti haqqında biz onun hələ ki seçkidən öncə və seçkidən sonra səsləndirdiyi bəyanatlar əsasında fikir söyləyə bilirik. Artıq dövlət katibi bəllidir və o, Rusiya Prezidentindən mükafat almış bir şəxsdir. Yəni bu o qənaətə gəlməyə əsas verir ki, ABŞ-Rusiya münasibətlərində gərginlik olmayacaq. Təbii ki, hər iki dövlətin maraqları var və yeni dövlət katibi həmin maraqlara xidmət edir. Amma hər halda biz bir qədər gərginliyin səngiməsinin şahidi olacağıq. Tramp, eyni zamanda, bildirib ki, Avropa təhlükəsizlik məsələlərinə daha böyük dəstək verməlidir. Bunun da səbəbini göstərir ki, ABŞ-ın daxilində yetərincə problemlər var və əsas gücü buna yönləndirəcək. Hər halda biz unutmayaq ki, ABŞ fövqəldövlətdir. Onun dünyanın istənilən regionunda maraqları cəmlənib. ABŞ-ın bu gün dünyada 760-dan çox hərbi bazası var. Tramp gələndə təbii ki, xüsusi xidmət orqanları bu reallığı ona söyləyirlər. Bu reallıqdan çıxış edilərək maraqlar müdafiə olunmalıdır. Bu baxımdan hesab edirəm ki, bir çox hallarda Trampın söylədikləri ilə reallıq fərqli olacaq. Amma hər halda Trampın Obamadan fərqli siyasət yeridəcəyini söyləmək olar.
- Necə düşünürsünüz, ötən ilin ən yaddaqalan siyasi fenomeni kim oldu?
- Maraqlı sualdır. İlk növbədə ağlıma Tramp gəlir. Çünki onun prezident seçiləcəyini heç kim gözləmirdi. Onu dəstəkləyən çox az adam var idi. Hətta Klinton öz qələbəsinin şərəfinə ziyafət üçün yer də sifariş vermişdi. Hər kəs onun prezident olacağına əmin idi. Bilirsiniz, Trampa inam yox idi. Ona görə ki, ən azı öz partiyası ona inanmalı idi. Partiyanın ən məşhur simaları ondan uzaqlaşdılar və dəstəkləməyəcəklərini bildirdilər. Bütün media, ölkədəki bütün qüvvələr sənin əksinə danışa, öz partiyan səndən uzaqlaşa, bütün politoloqlar, sosioloqlar tam əksini söyləyələr, amma prezident olasan. Yeganə ona inanan elə Trampın özü idi. Qalib də o oldu. Buna görə hamı təəccübləndi. Gözlənilməz nəticə oldu. Hesab edirəm ki, 2016-cı ilin ən yaddaqalan siması da məhz o oldu.
Şəmsiyyə Əliqızı, Şəfiqə Dadaşova,
Vüsal Cahanov (foto), “İki sahil”