ABŞ-nin Meksikadakı səfirliyi sərhədyanı Noqales şəhərində dəqiqləşdirilməyən təhlükə ilə əlaqədar amerikalı dövlət qulluqçularının hərəkətinə məhdudiyyətlərin tətbiq edildiyini bəyan edib.
“İki sahil” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Səfirliyin rəsmi saytında yer alan məlumatda bildirilir: "Əldə olunmuş təhlükə məlumatı ilə əlaqədar ABŞ hökumətinin Noqalesdəki fəaliyyəti, eləcə də bu şəhərə səfərlər yalnız gündüz vaxtı zəruri olan hərəkətlərlə məhdudlaşdırılır".
Qeyd olunur ki, Noqales şəhərinin yerləşdiyi Meksikanın Sonora ştatı 3-cü təhlükəsizlik səviyyəsinə aid edilib, yəni ABŞ vətəndaşlarına bu bölgəyə səfərlərdən çəkinmək tövsiyə olunur. ABŞ vətəndaşlarına ehtiyatlı olmaq, şəraitə nəzarət etmək, baş verə biləcək insidentlər zamanı sığınacaqlarda gizlənmək və yerli hüquq-mühafizə orqanlarının göstərişlərinə əməl etmək məsləhət görülüb.
Məhdudiyyətlərə səbəb olan təhlükənin konkret xarakteri barədə məlumat verilmir.