27 avqust 2026 13:24
153

Ombudsmanın müstəqil monitorinq fəaliyyəti çərçivəsində idmançıların tibbi təhlükəsizliyinin gücləndirilməsi haqqında analitik arayış hazırlanıb

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) müstəqil monitorinq fəaliyyəti çərçivəsində idman yarışlarında və məşq prosesində tibbi müayinələrin məcburi xarakter daşımasının hüquqi əsasları və milli qanunvericiliyin təkmilləşdirilməsi haqqında analitik arayış hazırlanıb.

Araşdırmada xüsusilə yüksək riskli və döyüş idman növlərində idmançıların, o cümlədən yetkinlik yaşına çatmayan şəxslərin sağlamlığının və təhlükəsizliyinin daha etibarlı təmini məqsədilə mövcud qanunvericiliyin və tibbi nəzarət mexanizmlərinin təkmilləşdirilməsinin vacibliyi qeyd olunub.

Beynəlxalq təcrübənin təhlili əsasında idmançıların yarışlara, sparrinq və intensiv məşq proseslərinə buraxılmasından əvvəl kompleks və çoxpilləli tibbi müayinələrin tətbiqinin əhəmiyyəti vurğulanıb.

Analitik arayışda, xüsusilə yüksək riskli idman növləri üzrə MRT, genişləndirilmiş kardioloji müayinə və nevroloji qiymətləndirmənin məcburi qaydada həyata keçirilməsi ilə bağlı milli qanunvericiliyin təkmilləşdirilməsi təklif olunub.

Bununla yanaşı, idmançıların sağlamlıq vəziyyətinə nəzarətin gücləndirilməsi, aralıq tibbi monitorinq mexanizminin və vahid elektron tibbi nəzarət reyestrinin yaradılmasının onların sağlamlıq hüququnun daha səmərəli təmininə xidmət edəcəyi bildirilib.

Aparılmış araşdırmanın nəticələri ilə əlaqədar Ombudsman tərəfindən aidiyyəti quruma məktub ünvanlanıb.

Araşdırmanın nəticələri və irəli sürülən təkliflərlə tam şəkildə tanış olmaq üçün analitik arayışa buradan daxil ola bilərsiniz.