Qazaxıstanda Kurultay (birpalatalı parlament) deputatlarının seçkilərində yerli vaxtla saat 16:00-a olan məlumata görə seçici fəallığı 65,37% təşkil edib.
“İki sahil” TASS-a istinadla xəbər verir ki, bu göstərici ölkədə 2023-cü ildə keçirilmiş son parlament seçkilərindəki nəticəni üstələyib. Bu barədə Qazaxıstan Mərkəzi Seçki Komissiyasının üzvü Asel Janabilova brifinqdə bildirib.
"Ölkə üzrə saat 16:00-a olan məlumata görə, 8 240 336 seçici bülleten alıb ki, bu da səsvermə siyahılarına daxil edilmiş seçicilərin 65,37%-ni təşkil edir", - deyə o bildirib.
MSK-nın məlumatına görə, ən aşağı seçici fəallığı ölkənin ən böyük şəhəri Almatıda qeydə alınıb - 36,65%. Ən yüksək göstərici isə Qızılorda vilayətindədir - 81,38%. Paytaxt Astanada seçicilərin 46,38%-i səs verib.
2023-cü ildə parlamentin aşağı palatasına (Məclisə) keçirilən seçkilərdə seçici fəallığı 54,21% təşkil edib.
Bu il referendumla qəbul edilən Qazaxıstanın yeni Konstitusiyasına uyğun olaraq, ikipalatalı parlament ləğv edilib. Onun əvəzinə 145 deputatdan ibarət birpalatalı Kurultay yaradılıb. Seçkilər avqustun 23-də keçirilir və deputatlar yalnız yeddi partiyanın partiya siyahıları üzrə seçilir.
Qazaxıstanda parlament seçkilərində seçici fəallığı üçün minimum hədd yoxdur. Seçkilər səsvermədə iştirak edənlərin sayından asılı olmayaraq baş tutmuş hesab edilir.
Məhərrəm Ağalaroğlu, “İki sahil”
Tokayev Qazaxıstanın vitse-prezidentinin adını nə vaxt elan edəcəyini açıqlayıb