23 avqust 2026 15:15
175

Azərbaycan-Özbəkistan: Qardaş mədəniyyətlər

Azərbaycan və Özbəkistan arasında dostluq və qardaşlıq əlaqələri genişlənir. Təməli Ulu Öndərimiz Heydər Əliyev tərəfindən qoyulan münasibətlər Prezident İlham Əliyevin məqsədyönlü fəaliyyəti nəticəsində strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməkdədir.

Bu gün Prezident İlham Əliyev qardaş Özbəkistana dövlət səfərinə gedib. Bundan əvvəl də dövlət başçımız Özbəkistanda iki dəfə səfərdə olub.  Hər dəfə də səfər bayram kimi qeyd olunub.

Özbəkistanla münasibətlər yeni olmayıb yüz illərlə formalaşıb. Digər əlaqələrlə bərabər qardaş xalqları kökü bir olan mədəniyyət birləşdirib. Mədəni əlaqələrimizin yaşı uzaq keçmişimizdən qidalanır. Beş yüz əvvəl yaşayıb yaratmış klassik şair Əlişir Nəvai Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrinin yaradıcılığını yüksək qiymətləndirib. Hər iki dövlət müstəqilliyini bərpa edəndən sonra Azərbaycan-Özbəkistan əlaqələri mehriban və qarşılıqlı əməkdaşlıq şəraitində davam etdirilir.

Hər il Özbəkistanda keçirilən Əlişir Nəvai Günlərində AMEA təmsilçiləriləri də fəal iştirak edirlər. Əlişir Nəvai irsinə dair əlyazmaların saxlanıldığı ən böyük mərkəz Daşkənddən sonra Azərbaycandır. AMEA-nın Əlyazmalar İnstitutunda dahi şairin onlarla qiymətli əlyazması qorunub saxlanılır və öyrənilir.

AMEA rəhbəri böyük şairimiz Nizami Gəncəvi yaradıcılığına ən yüksək dəyər verən böyük sənətkarlardan birinin də Əlişir Nəvai olduğunu xatırladıb: “Əlişir Nəvainin fikrincə, Nizami Gəncəvi elə bir sənət zirvəsidir ki, onunla “pəncə-pəncəyə” gəlmək heç kəsin hünəri deyil. Eyni qarşılıqlı hörmət və məhəbbət ənənəsini Məhəmməd Füzuli də Əlişir Nəvainin timsalında özbək xalqına göstərmişdir”.

Özbək ədəbiyyatının banisi sayılan Əlişir Nəvainin bizə məlum olan beş divanının dördü türkcə, biri isə farsca yazılıb. Onun beş poeması dünya tarixində türk dilində yaradılan ilk „Xəmsə“ sayılır. Məşhur əsərləri aşağıdakılardır: “Heyrətül-Əbrar", «Fərhad və Şirin», «Leyla və Məcnun», «Səbai-səyyarəm», «Səddi-İsgəndəri», «Lisanüt-təyr», «Mühakəmətül-lüğəteyn», «Məcalisün-nəfais», «Mizanül-övzan», «Nəsaimül-məhabbə», «Nəzmül-cəvahir», «Xəmsətül-mütəhayyirin», «Töhfətül-mülük», «Münşəat», «Siracül-muslimin», «Tarixül-ənbiya», «Məhbubül-qülub fil-əxlaq», «Seyfül-hadi», «Rəqabətül-münadi».

Ölkəmizdə böyük mütəfəkkir Əlişir Nəvainin əsərləri sevilərək oxunur. Əvvəlki illərdə şairin həyat və yaradıcılığı orta və ali məktəblərin ədəbiyyat dərsliklərində öz əksini tapıb. Bu gün Azərbaycanda Nəvainin 585 illik yubileyi ölkəmizin hər yerində qeyd olunur.

Şübhə yoxdur ki, Prezidentimizin qardaş ölkəyə səfərindən sonra ikitərəfli mədəni əlaqələrimiz daha da inkişaf etdiriləcək və genişləndiriləcək. Bu və digər amillər xalqlarımızın sıx birləşməsinə, sarsılmaz qüvvəyə çevrilməsində mühüm rol oynayacaq.

Vəli İlyasov, “İki sahil”