23 avqust 2026 15:23
91

Tokayev Qazaxıstanın vitse-prezidentinin adını nə vaxt elan edəcəyini açıqlayıb

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev gələn həftə və ya yaxın 10 gün ərzində respublikanın vitse-prezidentinin adını elan etmək niyyətində olduğunu bəyan edib.

“İki sahil” TASS-a istinadən xəbər verir ki, dövlət başçısı bu barədə Astanada parlament seçkisində səs verdikdən sonra jurnalistlərə açıqlamasında bildirib.

"Vitse-prezident postunu kimin tutacağı gələn həftə və ya 10 gün ərzində bəlli olacaq. İndi onun adını çəkmək vaxtından əvvəl olardı. Düşünürəm ki, bu, hamınızın yaxşı tanıdığı tanınmış bir şəxs olacaq", - deyə Tokayev qeyd edib.

Qazaxıstan liderinin mətbuat xidmətinin məlumatına görə, Tokayev vitse-prezident vəzifəsinin "indiki mürəkkəb dövrdə" respublika üçün xüsusilə vacib olduğunu vurğulayıb:

"Hər kəs vitse-prezident vəzifəsi ilə bağlı sual verir. Həqiqətən də bu, əhəmiyyətli dəyişiklikdir. Biz şüurlu şəkildə Konstitusiyada bu yeni vəzifəni təsis etdik", - deyə prezident əlavə edib.

Qeyd edək ki, vitse-prezident postu respublikanın yeni Konstitusiyasında nəzərdə tutulub. Vitse-prezident prezident tərəfindən təyin edilir, yeni birpalatalı parlamentin (Qurultay) deputatları isə namizədlik üzrə səs verməlidirlər.