Regional dövlətlər ABŞ-nin İrana qarşı tətbiq etdiyi sanksiyalara qoşulsa, İran təkcə Hörmüz boğazından keçən neft tankerlərinə deyil, həm də Fars körfəzi ölkələrindən gələn digər neft daşıma marşrutlarına zərbə endirməyə hazırdır.
“İki sahil” xəbər verir ki, bunu İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezai deyib.
"Biz bütün qonşu ölkələrə ABŞ ilə İrana qarşı iqtisadi müharibədə iştirak etməməyi deyirik, əks halda Tehran onları özünün düşməni hesab edəcək", - İslam Respublikasının Dövlət Televiziyasının məlumatına görə, Rezai deyib. O əlavə edib ki, əgər qonşu ölkələr ABŞ sanksiyalarına qoşulsa, Fars körfəzindən və Hörmüz boğazından bir damla da neft çıxmayacaq. M.Rezai vurğulayıb ki, bu halda İran regiondan digər neft ixrac marşrutlarını da hədəf alacaq.
Ali Milli Təhlükəsizlik Şurasının katibinin sözlərinə görə, İran müharibəni genişləndirməyə çalışmır. "Lakin İranın qonşuları iqtisadi müharibədə ABŞ-ni dəstəkləsələr, Tehran onların maraqlarına zərər verəcək", - Rezai aydınlıq gətirib.