21 avqust 2026 22:58
107

Beş Aİ ölkəsi Ruandada miqrantların qayıdış mərkəzlərinin yaradılması üzrə danışıqlar aparır

Almaniya və daha dörd Avropa İttifaqı (Aİ) ölkəsi sığınacaq müraciətləri rədd edilmiş şəxslərin geri qaytarılması üçün Ruandada xüsusi mərkəzlərin yaradılmasını müzakirə edir.

“İki sahil” xəbər verir ki, bu barədə “Spiegel” nəşrində yayımlanan məqalədə bildirilib.

Məlumata əsasən, gələn həftə beş ölkənin nümayəndə heyəti Ruandaya səfər edərək “Return Hubs” adlandırılan mərkəzlər üzrə texniki danışıqlar aparacaq.

Danışıqlarda Almaniya ilə yanaşı, Avstriya, Danimarka, Yunanıstan və Niderland da iştirak edir. “İcraçılar” adlandırılan qrup ilin sonunadək tərəfdaş ölkə tapmağı hədəfləyir. İtaliya da Ruanda ilə oxşar razılaşmaya maraq göstərib.

İyunda Avropa Parlamenti üçüncü ölkələrdə belə mərkəzlərin yaradılmasına hüquqi əsas verən yeni Aİ geriqaytarma qaydalarını təsdiqləyib.

Ruanda ilə bağlı planın hüquqi və insan haqları baxımından problemlərə yol açacağı bildirilir. Böyük Britaniya 2022-ci ildə Ruanda ilə oxşar razılaşma imzalamış, lakin Britaniya Ali Məhkəməsi 2023-cü ildə planın icrasını dayandırmışdı. Razılaşma 2024-cü ildə yeni hökumət tərəfindən ləğv edilib.