08 avqust 2026 11:19
96

Ukrayna Xəzər Boru Kəməri konsorsiumunun infrastrukturuna hücum etməyəcəyinə söz verib

Ukrayna Xəzər Boru Kəməri Konsorsiumunun (KTK) infrastrukturuna zərbələr endirməməyi öhdəsinə götürüb və Qara dənizdə Rusiya ilə əlaqəsi olmayan tankerlərə hücum etməyəcəyinə söz verib.

“İki sahil” xəbər verir ki, bu barədə "Bloomberg" mənbələrə istinadən məlumat yayıb.

Agentliyin yazdığına görə, ölkə rəhbərliyi belə bir qərarı ABŞ-nin yüksək səviyyəli rəhbərliyi ilə danışıqlardan sonra qəbul edib.

Agentliyin məlumatına görə, danışıqlar Novorossiysk ərazisində yaxın zamanda baş vermiş, neft yüklənməsində fasilələrə və dünya neft qiymətlərinin artmasına səbəb olan dron hücumlarından sonra keçirilib. Bu hücumlar KTK-nın xammalın ixracı üçün əsas marşrut olduğu Qazaxıstanın neft ixracını təhlükə altına qoyub.

"Bloomberg" qeyd edir ki, Ukrayna gəmi sahiblərinə şərtlər irəli sürüb və həmin şərtlərə əməl olunacağı təqdirdə Qara dənizdə onların tankerlərinə hücum etməyəcək. Gəmi və onun sahibləri Ukraynanın sanksiyaları altında olmamalı, Rusiya vətəndaşlarına və ya hüquqi şəxslərinə məxsus olmamalı, həmçinin gəmidə Rusiya nefti və ya Rusiyadan digər yüklər daşınmamalıdır. Kiyev kommersiya daşıyıcıları üçün xüsusi əlaqə kanalları və təlimatlar da yaradıb.