30 iyul 2026 15:40
107

Sadır Japarov Şavkat Mirziyoyevi Qırğızıstanın ali dövlət mükafatı ilə təltif edib

Qırğızıstan Prezidenti Sadır Japarov Özbəkistanlı həmkarı Şavkat Mirziyoyevə respublikanın ali dövlət mükafatı olan I dərəcəli «Manas» ordenini təqdim edib.

“İki sahil” TASS-a istinadla xəbər verir ki, bu barədə məlumat Qırğızıstan liderinin rəsmi saytında dərc olunub.

"Qırğızıstan Respublikasının Prezidenti Sadır Japarov bu gün, 30 iyul tarixində Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevə I dərəcəli "Manas" ordenini təqdim edib. Mükafat Qırğızıstan və Özbəkistan arasında strateji tərəfdaşlığın inkişafına və iki ölkə xalqları arasında dostluğun möhkəmləndirilməsinə verilən mühüm töhfəyə görə təqdim olunub", — deyə rəsmi bəyanatda qeyd edilir.

Təqdimetmə mərasimi zamanı Sadır Japarov Qırğızıstan və Özbəkistan arasındakı münasibətlərin misilsiz səviyyədə olduğunu vurğulayıb. Öz növbəsində Şavkat Mirziyoyev əldə olunmuş etimad və qarşılıqlı anlaşma səviyyəsinin hər iki xalqın rifahı naminə müttəfiqlik münasibətlərinin inkişafı üçün yeni üfüqlər açdığını diqqətə çatdırıb.

Qırğızıstan Prezidentinin rəsmi saytının məlumatına görə, «Manas» ordeni dövlət və xalq qarşısında Qırğızıstan Respublikasının tərəqqisinə imkan yaradan xidmətlərə, dövlətin və demokratik cəmiyyətin, xalqın birliyinin qorunması və möhkəmləndirilməsinə, ölkənin iqtisadi, mənəvi və intellektual potensialının artırılmasına verilən töhfələrə görə təqdim edilir.