Ukrayna Yaponiyanın Özünümüdafiə Qüvvələri üçün ələkeçirici raketlər istehsal edən Yaponiyanın "Mitsubishi Heavy Industries Ltd." şirkətinin təcrübəsinə arxalanaraq, ABŞ lisenziyası ilə "Patriot" hava hücumundan müdafiə sistemlərinin istehsalında Yaponiyanın dəstəyinə ümid edir.
“İki sahil” xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Ofisi rəhbərinin birinci müavini Sergey Kislitsa "Kyodo" agentliyinə müsahibəsində bildirib.
S.Kislitsanın sözlərinə görə, Ukrayna mürəkkəb müdafiə sisteminin istismarı üçün imkanlara malikdir, lakin ona "təlim və yardım lazımdır".
Agentlik qeyd edib ki, Kislitsa Ukraynanın Yaponiyada lisenziya əsasında "Patriot" istehsal edən əsas podratçı olan "Mitsubishi Heavy Industries" ilə danışıqlar aparıb-aparmadığını şərh etməkdən imtina edib.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp iyulun əvvəlində Rusiya ilə davam edən müharibə fonunda raket zərbələrinə qarşı mübarizədə Kiyev üçün son dərəcə vacib sayılan "Patriot" sistemlərinin istehsalı üçün Ukraynaya lisenziya verməyi vəd etmişdi.