25 iyul 2026 09:11
100

NYT: ABŞ kəşfiyyatı İranın yeni Ali Liderinin nüvə silahı hazırlamağa meyilli olduğunu düşünür

ABŞ kəşfiyyat orqanları hesab edir ki, İranın yeni Ali Lideri Müctəba Xamenei nüvə silahının hazırlanmasında atası, mərhum Ayətullah Əli Xameneidən daha maraqlıdır.

“İki sahil” xəbər verir ki, bu barədə “The New York Times” qəzeti məsələ ilə tanış olan ABŞ rəsmilərinə istinadla məlumat yayıb.

Məlumata görə, ABŞ kəşfiyyatı Müctəba Xameneinin rəhbərliyi altında formalaşan daha mühafizəkar hakimiyyətin nüvə silahı əldə etmək niyyətində olduğunu ehtimal edir.

Qəzet yazır ki, ABŞ kəşfiyyatının məlumatına əsasən, İran ötən ilin iyununda ABŞ-nin zərbə endirdiyi nüvə obyektlərindən uranın zənginləşdirilməsi üçün istifadə olunan sentrifuqaların bir hissəsini ölkənin mərkəzində yerləşən Pikaks dağındakı möhkəmləndirilmiş yeraltı kompleksə köçürüb.

ABŞ rəsmiləri bunu Tehranın uranın zənginləşdirilməsi imkanlarını qorumağa çalışmasının göstəricisi kimi qiymətləndirirlər. Onların sözlərinə görə, yüksək zənginləşdirilmiş uran ehtiyatı da daxil olmaqla, nüvə proqramının əsas komponentləri hələ də İranın nəzarətində qalır.