24 iyul 2026 15:28
103

Zelenski ilə Madıyar arasında görüş olacaqmı?

Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri əvəzi Andriy Sibiqa macar həmkarı Anita Orban ilə telefon danışığı zamanı, Budapeştin Ukrayna və Moldovanın Avropa İttifaqına üzvlüyü üzrə danışıqlarda növbəti addımları bloklaması fonunda milli azlıqlar məsələsini müzakirə edib.

“İki sahil” TASS-a istinadla xəbər verir ki, bu barədə Sibiqa "X" sosial şəbəkəsində yazıb.

"Biz milli azlıqlarla bağlı məsələlər ətrafında fikir mübadiləsi apardıq. Bununla əlaqədar olaraq, Ukrayna-Macarıstan münasibətlərinin daha da möhkəmlənməsinə töhfə verəcək konstruktiv dialoqun saxlanmasına Ukraynanın sadiq olduğunu vurğuladım," — deyə nazir qeyd edib.

Diplomat əlavə edib ki, Macarıstanın xarici işlər naziri ilə dialoqu davam etdirmək, eləcə də Volodimir Zelenski və Macarıstanın baş naziri Peter Madıyar arasında görüşün təşkili üzərində birgə işləmək barədə razılıq əldə olunub.

Zakarpatyedəki macar milli azlığının hüquqlarının bərpası məsələsi uzun müddətdir ki, Ukrayna və Macarıstan arasında münasibətlərin pisləşməsinin əsas səbəblərindən biri olub. Viktor Orbanın başçılıq etdiyi əvvəlki hökumət bu istiqamətdə böyük səylər göstərsə də, nəticə əldə edə bilməmişdi.

Macarıstanın indiki XİN rəhbəri Anita Orbanın bildirdiyinə görə, nazirlik onun rəhbərliyi altında ölkə maraqlarının qorunması üçün ciddi diplomatik fəaliyyət yürüdəcək, o cümlədən Ukrayna hakimiyyətindən Zakarpatye macarlarının hüquqlarının qaytarılmasını tələb edəcək. O həmçinin vurğulayıb ki, Macarıstanın yeni hökuməti Ukraynanın Aİ-yə sürətləndirilmiş qaydada qoşulmasını dəstəkləməyəcək və bu ölkənin birliyə daxil olmağa hazırlığını ümumi meyarlar əsasında qiymətləndirəcək.