Avropa İttifaqının yeddi ölkəsinin nazirləri turist axınının azalması səbəbindən əlavə dəstək tədbirlərinin qəbul edilməsi xahişi ilə Avropa Komissiyasına (AK) müraciət ediblər.
“İki sahil” xəbər verir ki, bu barədə "Politico" nəşri məlumat yayıb. Bildirilir ki, Avropa ölkələri göndərdikləri məktubda sərhədyanı regionlara səfərlərin sayının azalmasını Rusiyadan gələn hərbi təhlükə ilə əsaslandırırlar.
Nəşrin məlumatına görə, bu problem barədə Litva, Latviya, Estoniya, Polşa, Bolqarıstan, Rumıniya və Slovakiya nazirləri məlumat veriblər.
"Geosiyasi hadisələr və təhlükəsizlik problemləri ölkələrimizin şərq sərhədyanı regionlarında turizmə əhəmiyyətli dərəcədə mənfi təsir göstərib. Bu regionların əksəriyyətində turist axını kəskin şəkildə azalıb," - deyə rəsmi müraciətin mətnində qeyd olunur.
"Politico" göstərir ki, səyahətçilərin bu istiqamətlərə marağının düşməsi Qərb hökumətlərinin ehtimal olunan təhlükələrlə bağlı xəbərdarlıqları ilə üst-üstə düşür.
Bununla belə, Avropa Komissiyasına ünvanlanan sənədin özündə bilavasitə Rusiyanın adının çəkilmədiyi bildirilir.