Məşhur striminq xidməti "Spotify" tamamilə musiqi videolarına həsr olunmuş ilk özünəməxsus hit-paradı olan "Music Video Charts Global" layihəsini istifadəyə verib. Reytinqə ən çox baxılan 50 videoklip və canlı çıxış daxildir və bu siyahı her gün yenilənir.
“İki sahil” xəbər verir ki, bu barədə "Kommersant" məlumat yayıb.
Tam siyahı platformanın "Charts" və "Music Video Playlists" bölmələrində yer alıb. Bundan əlavə, "Spotify" hər həftənin çərşənbə axşamı sosial şəbəkələrdə ən populyar 10 videodan ibarət siyahını paylaşacaq. Debüt reytinqində birinci yeri Şakiranın "Dai Dai" klipi tutub. İlk onluqdakı mövqelərin altısını isə Cənubi Koreyanın K-Pop qrupu BTS ələ keçirib.
Eyni zamanda, "Spotify" müğənnilərin birbaşa "Spotify for Artists" platforması vasitəsilə tamformatlı videolar yükləməsi funksiyasını sınaqdan keçirməyə başlayıb. Bu imkandan təxminən 100 minə yaxın ifaçı yararlana bilib. Onlar rəsmi klipləri, konsert yazılarını, studiya çıxışlarını və kaver-versiyaları yükləmək, həmçinin onları tematik siyahıların redaktorlarına təqdim etmək hüququ qazanıblar.