Rusiya və ABŞ Ukrayna mövzusu üzrə təmasları davam etdirirlər və bu müsbət məqamdır, lakin münaqişənin həllinin sürətlənməsindən danışmağa dəyməz.
“İki sahil” "Kommersant"a istinadla xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib.
"Mən mövcud vəziyyətdə həddindən artıq optimizmə qapılmazdım," - deyə Peskov keçirdiyi brifinqdə onu da qeyd edib ki, hazırda hər hansı yeni dinamikadan və ya sürətlənmədən danışmaq mümkün deyil.
Kreml nümayəndəsi vurğulayıb ki, Rusiya "danışıqlar prosesi üçün açıq qalmaqda davam edir". Peskov əlavə edib ki, Rusiya Xarici İşlər Nazirliyi "sülh yolu ilə tənzimləmə prosesinə hazır olmaq barədə mövqeyini bir daha bəyan edib".
Bu gün Rusiyanın xarici işlər naziri Sergey Lavrov Manilada keçirilən ASEAN tədbirləri çərçivəsində ABŞ-ın dövlət katibi Marko Rubio ilə danışıqlar aparıb. Söhbətin təfərrüatları açıqlanmayıb. Rusiya XİN-in görüşdən sonra yaydığı bəyanatda qeyd olunub ki, cənab Lavrov amerikalı həmkarına Alyaskada keçirilmiş prezidentlər sammitinin yekunlarını xatırladıb.