Azərbaycan xalqının 44 günlük Vətən müharibəsi regionda yeni reallıqlar və yeni təhlükəsizlik formatı yaradıb.
“İki sahil” xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrovla birgə mətbuat konfransında deyib.
Nazir bildirib ki, bu təhlükəsizlik formatı beynəlxalq hüququn aliliyinə əsaslanır: “Ermənistan və Azərbaycan arasında normallaşma prosesi çərçivəsində son dövrlərdə baş verən tarixi hadisələr, o cümlədən sülh sazişi layihəsinin paraflanması regionda davamlı sülhün, təhlükəsizliyin və rifahın təmin olunması üçün unikal imkan yaradır”.
Ceyhun Bayramov qeyd edib ki, müzakirələr zamanı rusiyalı həmkarını azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma işləri, keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı prosesi, eləcə də Ermənistan və Azərbaycan arasında normallaşma prosesinin hazırkı vəziyyəti barədə məlumatlandırıb: “Əminliklə demək olar ki, bu gün Ermənistan və Azərbaycan arasında faktiki olaraq sülh mövcuddur”.
Nazir vurğulayıb ki, Azərbaycan tərəfinin həyata keçirdiyi müsbət və sülhyönümlü təşəbbüslər, o cümlədən etimad quruculuğu tədbirləri Ermənistan və Azərbaycan arasında normallaşma prosesinin sürətlənməsinə və irəliləməsinə mühüm töhfə verib.
O əlavə edib ki. sülh prosesində qalan məsələlərin həlli regionda uzunmüddətli sabitlik, təhlükəsizlik və rifah üçün zəruri şərait yaradacaq.