İyun ayında Almaniyada 99 nəfər suda boğularaq həyatını itirib.
“İki sahil” yerli mediaya istinadla xəbər verir ki, bu 2003-cü ildən sonra iyun ayı üzrə qeydə alınan ən yüksək göstəricidir. Həmin ilin iyununda 107 nəfər suda boğulmuşdu.
Məlumata görə, iyunda ölüm hallarının böyük hissəsi göllərdə və çaylarda qeydə alınıb. Ümumilikdə suda boğulanların 90 faizindən çoxunu kişilər təşkil edib. Gənclər arasında qeydə alınan bütün ölüm hallarında zərərçəkənlər kişi olub.
Ölənlərdən 40 nəfərin yaşı 30-dan aşağı, 35 nəfərin yaşı isə 50-dən yuxarı olub. Ən çox ölüm hadisəsi Şimali Reyn-Vestfaliya (22), Bavariya (21) və Baden-Vürtemberq (13) əyalətlərində baş verib.
Mütəxəssislər güclü istilər zamanı insanların su hövzələrinə axınının artmasının bu riskləri yüksəltdiyini bildirirlər. Xüsusilə çaylarda axınların, su temperaturundakı fərqlərin və üzgüçülük imkanlarının düzgün qiymətləndirilməməsi təhlükə yaradır.