12 iyul 2026 18:30
104

Rumıniya mediası: Şaquli Qaz Dəhlizinin genişləndirilməsi Azərbaycanın strateji rolunu gücləndirəcək

Rumıniyanın “Antena 3 CNN” televiziya kanalının internet səhifəsində dərc olunan məqalədə Şaquli Qaz Dəhlizinin genişləndirilməsi layihəsində Azərbaycanın mühüm rolu vurğulanır.

“İki sahil” xəbər verir ki, məqalədə layihənin Qərbi Balkan ölkələrini də əhatə edəcək şəkildə genişləndirilməsinin Avropanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə və təbii qaz təchizatının şaxələndirilməsinə xidmət edəcəyi bildirilir.

Nəşr qeyd edir ki, layihə çərçivəsində Xəzər regionundan, o cümlədən Azərbaycandan nəql olunan təbii qazın Bolqarıstan, Rumıniya, Moldova və Ukrayna vasitəsilə Mərkəzi və Şərqi Avropa bazarlarına çatdırılması nəzərdə tutulur.

Məqalədə vurğulanır ki, Şaquli Qaz Dəhlizinin əsas məqsədlərindən biri Avropa ölkələrinin Rusiya qazından asılılığını azaltmaq və alternativ mənbələrdən qaz tədarükünü artırmaqdır. Bu baxımdan Azərbaycan layihənin əsas təchizatçılarından biri kimi xüsusi əhəmiyyət daşıyır. Bildirilir ki, Azərbaycan qazı Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya nəql olunur və Şaquli Qaz Dəhlizinin inkişafı bu resursların daha geniş coğrafiyaya çatdırılmasına əlavə imkanlar yaradacaq.

“Antena 3 CNN”-in qiymətləndirməsinə görə, layihənin genişləndirilməsi Azərbaycanın etibarlı enerji tərəfdaşı kimi strateji mövqeyini daha da gücləndirəcək.