12 iyul 2026 11:11
105

Belçikada minik avtomobilləri üçün yollardan istifadə ödənişli ola bilər

Belçikada minik avtomobilləri üçün yollardan istifadəyə ödəniş sisteminin tətbiqi planlaşdırılır.

“İki sahil” xəbər verir ki, ölkənin üç regionu - Flandriya, Valoniya və Brüssel bu barədə razılığa gəlib.

Yeni qaydalara əsasən, yol ödənişi həm Belçika vətəndaşlarına, həm də ölkəyə gələn xarici sürücülərə şamil ediləcək. Ödənişin məbləği avtomobilin növündən asılı olacaq. Elektrik avtomobilləri üçün illik ödənişin 90 avro, köhnə daxiliyanma mühərrikli avtomobillər üçün isə 125 avroyadək müəyyənləşdirilməsi nəzərdə tutulur. Bundan başqa, bir gündən iki ayadək qüvvədə olan qısamüddətli tariflər də tətbiq ediləcək.

Qaydalara əməl olunmasına kameralar vasitəsilə nəzarət ediləcək. Bu qaydaları pozan sürücülər 70 avro məbləğində cərimələnəcəklər. Toplanan vəsaitin avtomobil yollarının saxlanılması və təmirinin maliyyələşdirilməsinə yönəldilməsi planlaşdırılır.

Bu qaydaların qüvvəyə minməsi üçün regionların və Avropa İttifaqının müvafiq qurumlarının yekun təsdiqi tələb olunur.