11 iyul 2026 21:39
99

ABŞ Kubaya qarşı bütün vasitələrdən istifadə etməyə hazırdır

ABŞ administrasiyası milli təhlükəsizliyinə Kuba tərəfindən düşündüyü təhdidlərin aradan qaldırılması üçün bütün mövcud vasitələrdən istifadə etməyə hazırdır.

“İki sahil” xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio Dövlət Departamenti tərəfindən yayılan bəyanatında bildirib.

Onun sözlərinə görə, Kubada siyasi və iqtisadi islahatların həyata keçirilməsinə ehtiyac var. Rubio qeyd edib ki, ölkə iqtisadiyyatı "sərbəst eniş vəziyyətindədir".

"ABŞ milli təhlükəsizliyə yönəlmiş təhdidləri aradan qaldırmaq, Kubanın daha yaxşı gələcəyi naminə iqtisadi və siyasi islahatları təşviq etmək üçün əlində olan bütün vasitələrdən istifadə etməyə davam edəcək. Kuba rəhbərliyi gec olmadan real islahatlar, sülh və rifah yolunu seçməlidir", - ABŞ dövlət katibi vurğulayıb.