Vaşinqton regionda böyük müharibənin qarşısını almaq məqsədilə bəzi yüksək rütbəli İran rəsmilərinin hədəf alına biləcəyi barədə Tehrana məxfi kəşfiyyat məlumatları ötürüb.
Amerika Birləşmiş Ştatları yaz aylarında İsrail tərəfindən İslam Respublikasının bəzi yüksək rütbəli rəhbərlərinə qarşı mümkün sui-qəsd planları barədə məlumatları birbaşa İrana ötürüb. Vaşinqton bu addımı ilə sözügedən hərbi əməliyyatların qarşısını almağa çalışıb.
“İki sahil” xəbər verir ki, bu barədə "The Washington Post" (WP) qəzeti Ağ Evdəki etibarlı mənbələrinə istinadla məlumat yayıb.
Nəşrin yazdığına görə, İranın ali lideri Əli Xamenei və ölkənin digər yüksək rütbəli nümayəndələrinin ölümündən sonra Vaşinqton münaqişənin diplomatik yollarla nizamlanması üçün intensiv şəkildə çıxış yolları axtarmağa başlayıb.
Birləşmiş Ştatlar böhranı idarə etmək üçün xüsusilə İranın Xarici İşlər naziri Abbas Araqçi və parlament sədri Məhəmməd Baqer Qalibaf ilə diplomatik təmasların qurulmasında maraqlı olub.
WP-nin iddiasına görə, Vaşinqton rəsmi Təl-Əvivdən bu siyasətçilərə qarşı sui-qəsd cəhdlərindən çəkinməyi xahiş etsə də, İsrail tərəfindən lazımi təhlükəsizlik zəmanəti ala bilməyib. Bundan sonra Amerika tərəfi hər iki rəsminin təhlükəsizlik tədbirlərini maksimum dərəcədə gücləndirməyin zəruriliyi barədə birbaşa Tehrana xəbərdarlıq göndərib.
Qəzetin məlumatında qeyd olunur ki, İran liderlərinin məhv edilməsi məsələsində ABŞ və İsrail arasındakı strateji fikir ayrılıqları, İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin ölümündən sonra daha da kəskinləşib.