08 oktyabr 2026 14:32
111

"Audi" işçilərini müdafiə sənayesi zavodlarına göndərəcək

Almaniyanın "Audi" avtomobil şirkəti işçilərinin müəyyən müddət ərzində müdafiə sənayesi müəssisələrində çalışıb daha sonra şirkətə qayıda biləcəyi proqram işə salıb.

“İki sahil” xəbər verir ki, bu barədə "Handelsblatt" və "Bayerische Rundfunk" (BR) daxil olmaqla Almaniya KİV-ləri məlumat yayıb. "Audi" proqramın işə salındığını təsdiqləyərək bunun könüllü əsasda həyata keçirildiyini qeyd edib.

Proqramda iştirak etmək istəyən "Audi" əməkdaşları Bavariyanın digər müəssisələrinə, ilk növbədə, tam və ya qismən müdafiə sektorunda fəaliyyət göstərən, o cümlədən "Diehl", "Airbus", "MBDA", "KNDS" şirkətlərinə göndəriləcəklər. Eyni zamanda, onlar avtomobil şirkətindəki iş yerini rəsmi olaraq qoruyub saxlayacaqlar, başqa korporasiyada müvəqqəti məşğulluq müddəti isə iki illə məhdudlaşdırılacaq. "Audi" şirkətindən bildiriblər ki, işçilər arasında proqrama maraq çox yüksəkdir və oktyabrın sonunda maraqlı şəxslər müdafiə şirkətlərinin nümayəndələri ilə birbaşa ünsiyyət qurmaq imkanı əldə edəcəklər.

BR-in qeyd etdiyi kimi, belə bir proqramın başladılması "Audi"yə və brendin daxil olduğu "Volkswagen" (VW) konserninə güclü təsir göstərən avtomobil sektorundakı böhranı əks etdirir. Sentyabr ayında məlumat verilmişdi ki, "VW" rəhbərliyi Almaniyada dörd zavodun, o cümlədən Nekkarzulmdakı "Audi" istehsal meydançasının bağlanması imkanlarını nəzərdən keçirir.