08 oktyabr 2026 08:15
105

Suriya məlumatları təkzib edib

Suriyanın İnformasiya Nazirliyi ölkənin silahlı qüvvələrinin ərəb koalisiyasının tərəfində Yəməndəki müharibəyə mümkün qoşulması ilə bağlı yayılan məlumatları təkzib edib.

“İki sahil” xəbər verir ki, nazirliyin yaydığı bəyanatda Dəməşqin Səudiyyə Ərəbistanını qətiyyətlə dəstəklədiyi, lakin ölkənin siyasətinin yeni cəbhələrin açılmasını nəzərdə tutmadığı bildirilib. Bundan əvvəl “Axios” portalı Dəməşq və Ər-Riyadın Yəmənə 10-20 min nəfərdən ibarət Suriya hərbi kontingentinin göndərilməsi məsələsini müzakirə etdiyini iddia edib. Bildirilib ki, bu qüvvələr Yəmənin “Ənsar Allah” hərəkatına qarşı hərbi əməliyyatlarda iştirak edə bilər. Portalın məlumatına görə, belə bir addım Yəməndəki münaqişəyə dini xarakter verə və qarşıdurmanı daha da dərinləşdirə bilər.

Qeyd edək ki, oktyabrın 6-da Suriyanın keçid dövrü Prezidenti Əhməd Əl Şaraa Ər-Riyadda Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman Al Səud ilə görüşüb. Tərəflər strateji əməkdaşlıq planlarını müzakirə ediblər.

Əhməd Əl Şaraa Səudiyyə Ərəbistanının vəliəhdini Dəməşqə səfərə dəvət edib. Səfərin diplomatik yaxınlaşmanın möhkəmləndirilməsinə və birgə ərəb fəaliyyətində yeni mərhələnin başlanmasına xidmət edəcəyi bildirilib.