03 iyul 2026 00:56
86

Yanvar-may aylarında paytaxtda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 9 faiz artıb

Bakı Şəhər Statistika İdarəsi cari ilin 5 ayının göstəricilərini açıqlayıb

Sənayenin inkişafı haqqında

2026-cı ilin yanvar-may aylarında sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 21,9 milyard manat təşkil etmişdir. Sənaye məhsulunun 72,9 faizi mədənçıxarma, 23,4  faizi emal, 2,8 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,9 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunmuşdur.

Sənayedə qeyri-dövlət sektorunun  payı 82,7 faiz olmuşdur. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı  88,2 faiz, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 11,8 faiz təşkil  etmişdir.                                                 

İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilmiş, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında  01 iyun 2026-cı il vəziyyətinə 540,0 milyon manatlıq hazır məhsul ehtiyatı olmuşdur.

Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 37,7 milyon manat məbləğində digər məhsullar da  mövcud olmuşdur.

Tikintinin əsas göstəriciləri

2026-cı ilin yanvar-may aylarında tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş tikinti işlərinin 81,1 faizini inşa, yenidənqurma və bərpa, 8,8 faizini əsaslı təmir, 6,2 faizini cari təmir, 3,9 faizini isə sair tikinti işləri təşkil etmişdir.

Ümumi tikinti işlərinin 86,2 faizini qeyri-dövlət tikinti müəssisələri yerinə yetirmişlər.

Məhsul bazarı haqqında

2026-cı ilin yanvar-may aylarında  pərakəndə ticarət şəbəkəsində əhaliyə 15107,1 milyon manatlıq, o cümlədən  8189,0 milyon manatlıq ərzaq malları, içkilər və tütün məmulatları, 6918,1 milyon manatlıq qeyri-ərzaq malları satılmışdır. 2025-ci ilin müvafiq  dövrü ilə müqayisədə  pərakəndə ticarət dövriyyəsi real ifadədə 4,0 faiz, o cümlədən ərzaq malları, içkilər və tütün məmulatları üzrə 2,2 faiz, qeyri-ərzaq malları üzrə 6,7 faiz artmışdır. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə cari ilin yanvar-may aylarında pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 1,0 faiz, fərdi sahibkarlar, bazar və yarmarkalarda isə 5,9 faiz artmışdır. İstehlak məhsullarının 38,5 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 48,3 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 13,2 faizi isə paytaxtın əmtəə bazarlarında satılmışdır.

İctimai  iaşə

2026-cı ilin yanvar-may aylarında ictimai iaşə dövriyyəsinin həcmi 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 6,4 faiz artaraq 855,0 milyon manat olmuşdur. Hüquqi şəxslər tərəfindən ictimai iaşə dövriyyəsi 475,5 milyon manat olmuşdur ki, bu da ümumi dövriyyənin 55,6 faizini təşkil etmişdir.

Ödənişli xidmətlər haqqında

2026-cı ilin yanvar-may aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 9,0 faiz artaraq 4163,7 milyon manat olmuşdur. Hüquqi şəxslər tərəfindən əhaliyə 3414,5 milyon manatlıq xidmət göstərilmişdir ki, bu da xidmətlərin ümumi dəyərinin 82,0 faizini təşkil etmişdir.

Əməkhaqqı

2026-cı ilin yanvar-aprel aylarında muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 2025-ci ilin müvafiq dövrünə nisbətən 7,8 faiz artaraq 1385,9 manat olmuşdur.     

Bakı Şəhər Statistika İdarəsi