08 oktyabr 2026 18:30
116

“Xəzər Yaşıl Enerji Dəhlizi” Azərbaycanın enerji imkanlarını genişləndirəcək

Azərbaycanın enerji siyasətində ənənəvi enerji resurslarının nəqli ilə yanaşı, bərpaolunan enerjinin istehsalı və ixracı istiqaməti də getdikcə daha mühüm yer tutur. Mərkəzi Asiyanın zəngin yaşıl enerji potensialının Azərbaycan üzərindən Avropa bazarlarına çıxarılmasını nəzərdə tutan “Xəzər Yaşıl Enerji Dəhlizi” layihəsi bu baxımdan ölkəmizin regional enerji rolunu yeni mərhələyə çıxara biləcək strateji təşəbbüslərdən biridir. Layihə çərçivəsində Özbəkistan və Qazaxıstanın enerji sistemlərinin Xəzər dənizi üzərindən Azərbaycanla əlaqələndirilməsi və istehsal olunan yaşıl elektrik enerjisinin ölkəmiz vasitəsilə Avropaya ötürülməsi nəzərdə tutulur. Hazırda layihənin texniki-iqtisadi əsaslandırması hazırlanır və dəqiq ötürmə marşrutunun da bu araşdırmanın nəticələrinə əsasən müəyyənləşdirilməsi planlaşdırılır.

“Xəzər Yaşıl Enerji Dəhlizi”nin reallaşdırılması Azərbaycanın mövcud enerji tranziti imkanlarının elektrik enerjisi sahəsində genişlənməsinə, ölkəmizin Mərkəzi Asiya ilə Avropa arasında yaşıl enerjinin ötürülməsində regional qovşaq kimi mövqeyinin möhkəmlənməsinə şərait yarada bilər.

Mövzu ilə bağlı Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Kamal Hacıyev layihənin hazırkı mərhələsi, nəzərdə tutulan marşrut, Azərbaycanın bu təşəbbüsdə rolu, eləcə də ölkə iqtisadiyyatı üçün yarana biləcək yeni investisiya imkanları barədə sualları cavablandırıb.

-  Yaşıl enerji dəhlizi layihəsi hazırda hansı mərhələdədir və elektrik enerjisinin ötürülməsi üçün hansı marşrut nəzərdə tutulur?

- “Xəzər Yaşıl Enerji Dəhlizi” layihəsi hazırda texniki-iqtisadi əsaslandırmanın hazırlanması mərhələsindədir. İtaliyanın CESI şirkətinin tərəfdaşları ilə birgə həyata keçirdiyi tədqiqatın Asiya İnkişaf Bankı (ADB) və Asiya İnfrastruktur İnvestisiya Bankı (AIIB) vasitəsilə ayrılan maliyyə dəstəyi ilə 2027-ci ilin mayında tamamlanması nəzərdə tutulur. Layihə Özbəkistan və Qazaxıstanın enerji sistemlərinin Xəzər dənizi üzərindən Azərbaycanla əlaqələndirilməsini və yaşıl elektrik enerjisinin Azərbaycan vasitəsilə Avropaya ötürülməsini hədəfləyir. Dəqiq marşrut texniki-iqtisadi əsaslandırma çərçivəsində müəyyənləşdiriləcək.

- Layihədə Azərbaycanın əsas rolu nədən ibarət olacaq və ölkəmizin mövcud enerji tranziti mövqeyini necə genişləndirəcək?

“Xəzər Yaşıl Enerji Dəhlizi” layihəsində Azərbaycan Mərkəzi Asiya ilə Avropa arasında yaşıl enerjinin ötürülməsini təmin edən regional enerji qovşağı rolunu oynayacaq. Layihə, həmçinin Azərbaycanda istehsal olunan yaşıl elektrik enerjisinin Avropa bazarlarına çıxış imkanlarını genişləndirəcək və ölkəmizin enerji tranziti mövqeyini elektrik enerjisi sahəsində gücləndirəcək.

- Yaşıl enerji dəhlizi Azərbaycana hansı iqtisadi faydaları və yeni investisiya imkanlarını qazandıra bilər?

“Xəzər Yaşıl Enerji Dəhlizi” layihəsi Azərbaycanda yaşıl enerji istehsalının artırılmasına, bərpa olunan enerji və elektrik şəbəkəsi infrastrukturuna yeni investisiyaların cəlbinə təkan verə bilər. Layihənin reallaşdırılması elektrik enerjisinin ixracından və tranzitindən gəlir əldə etmək, yeni iş yerləri yaratmaq və yerli xidmət sahələrini inkişaf etdirmək imkanları açacaq.

Orxan Vahidoğlu, "İki sahil"