08 oktyabr 2026 17:30
116

Mərkəzi Asiya dövlətləri Azərbaycanın önəmli ticarət tərəfdaşlarıdır

Dövlət başçılarının 8-ci Məşvərət görüşündə ölkəmizin geosiyasi nüfuzu və iqtisadi tərəfdaşlıqdakı önəmi xüsusi vurğulanıb

Oktyabrın 8-dgə Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün Türkmənistanın Türkmənbaşı şəhərinə işgüzar səfərə gedib. Görüşdə Mərkəzi Asiya ölkələri ilə bir çox regional məsələlərə, o cümlədən iqtisadi əməkdaşlığa dair müzakirələr aparılıb. Ölkəmizin başçısı çıxışında müttəfiq ölkələrin energetika sahəsindəki əməkdaşlığını daha da genişləndirməyin vacibliyini vurğulayıb. Deyib ki, bu gün Azərbaycan enerji resurslarının Mərkəzi Asiyadan beynəlxalq bazarlara tranzitində mühüm rol oynayır: «Türkmənistan və Qazaxıstan nefti ölkəmiz vasitəsilə nəql olunur və bu daşımaların həcmi artır. Bərpaolunan enerji sahəsində əməkdaşlığımız davamlı olaraq genişlənir. Biz Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyirik».

Bundan başqa, tədbirdə  Mərkəzi Asiya ölkələrini  və Azərbaycanı dünyanın bir çox istiqamətləri ilə bağlayan nəqliyyat- loqistika məsələləri də əsas müzəkirə mövzusu olub. Xüsusi qeyd edilib ki,  nəqliyyat Mərkəzi Asiya və Azərbaycan arasında əməkdaşlığın əsas sahələrindən  biridir. Dövlətimizin başçısı çıxışında vurğulayıb ki, Xəzər dənizi  bu ölkələr arasında qarşılıqlı nəqliyyat əlaqələrində getdikcə daha vacib rol oynayır. Yəni, Xəzərin hər iki sahilindəki nəqliyyat infrastrukturu Mərkəzi Asiyanı Azərbaycanla və daha sonra beynəlxalq bazarlarla birləşdirmək üçün çox əhəmiyyətli  məkandır. Prezident İlham Əliyev bu istiqamətdə əməkdaşlığın genişləndirilməsinin səmərəliliyindən danışaraq bildirib: «Bizim ortaq məqsədimiz bu marşrutları daha səmərəli və rəqabətədavamlı etməkdir.

Təbii ki, Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə iqtisadi əlaqələri hər il  davamlı olaraq artır. Belə ki, bu ölkələr arasındakı  ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb. Bu rəqəmləri də 8-ci Məşvərət görüşünəki çıxışında bu ölkəmizin başçısı  səsləndirib. Deyib ki, bu gün ölkəmizdə Mərkəzi Asiya ölkələrinin kapitalı ilə 400-dən çox şirkət aktiv şəkildə fəaliyyət göstərir: «Son illərdə Azərbaycan Qazaxıstan, Özbəkistan və Qırğızıstanla birgə investisiya fondları yaradıb. Bu fondların hər birinin kapitalı yüz milyonlarla dollar təşkil edir».

Ölkəmizin başçısı iqtisadi əməkdaşlığın ən önəmli seqmenti olan investisiyalar barədə də danışıb. Vurğulayıb ki,  ilk növbədə, birgə layihələrin həyata keçirilməsi, yeni istehsal müəssisələrinin yaradılması və sənaye əməkdaşlığının genişləndirilməsi üçün bu investisiya fondlarının imkanlarından daha fəal və səmərəli istifadə zəruridir : «Biz təkcə qarşılıqlı ticarəti artırmaqla kifayətlənməməliyik, həm də birlikdə investisiya qoymalı, istehsal etməli və xarici bazarlara çıxmalıyıq».

Prezident İlham Əliyev tədbirdə Qarabağda və Şərqi Zəngəzurda erməni işğalından azad edilmiş ərazilərin bərpasına göstərilən qardaş dəstəyini də yüsək qiymətləndirərək  bunun  Azərbaycan üçün xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Bildirib ki, Füzuli şəhərində Özbəkistan tərəfindən Mirzə Uluqbəy adına məktəb, Qazaxıstan tərəfindən Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi inşa edilib. Qırğızıstan tərəfindən də azad edilmiş ərazilərdə məktəb tikilib: «Biz bu yardımı yüksək qiymətləndiririk».

Məşvərət görüşündə Azərbaycan dövlətinin geosiyasi nüfuzunu və iqtisadi  əməkdaşlığının geniş miqyaslılığı nəzərə alınaraq  təklif edilib ki, 2027-ci ildə Azərbaycan və Mərkəzi Asiya Məşvərət Şurasınınn növbəti görüşü  Azərbaycanda keçirilsin. Bu təkif  bir daha göstərir ki, qonşu ölkələr, Azərbaycanla iqtisadi və siyasi  tərəfdaşlıqlarını geenişləndirməkdə çox maraqlıdırlar. Eyni zamanda,  övsiyə olunub ki, bu ölkələr arasında vahid elektron ticarət platforması yaradılsın. Çünki hər bir ölkənin vətəndaşları  üçüncü ölkələrdən mallar əldə etmək üçün beynəlxalq elektron ticarət platformalarından fəal şəkildə istifadə edə bilməlidirlər.

Tədbirə ev sahibliyi edən Türkmənistanla Azərbaycanın da münasibətlərinin son illərdə  dinamik şəkildə inkişaf ediyini bildirən Prezident İlham Əliyev deyib ki, iki ölkə arasında ötən ildən bəri artıq beş yüksəksəviyyəli səfər həyata keçirilib: «Bu, siyasi dialoqumuzun intensivliyini və ikitərəfli əlaqələri daha da gücləndirmək üçün qarşılıqlı istəyimizi əks etdirir».

Ölkəmizin başçısı Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun təşəbbüsü ilə Füzuli şəhərində məscidin tikintisini xüsusi vurğulayıb: «Keçən il onun təməlinin qoyulmasında birgə iştirak etdik. Qardaş Türkmənistanın ölkəmizə verdiyi bu hədiyyə xalqlarımızın dostluğunun və mənəvi yaxınlığının daha bir sübutudur».

8-ci Məşvərət görüşündə dövlət başçıları - Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov, Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev, Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev və Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon «Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşünün Birgə Bəyanatı»nı və «Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünün tənzimləyici sənədləri haqqında Qərar»ı imzalayıblar.

Bəli , hazırda Mərkəzi Asiya dünyanın sürətlə inkişaf edən regionlarından biridir.  Bu, regionun geosiyasi çəkisinin artması, yeni ticarət marşrutlarının formalaşması və enerji-logistika əməkdaşlığının dərinləşməsi ilə müşayiət olunur. Təkcə 2024-cü ildə Mərkəzi Asiya ölkələri 500 milyard ABŞ dollarından çox birgə nominal ümumi daxili məhsul (ÜDM) istehsal edib. Azərbaycan və Mərkəzi Asiya dövlətləri birlikdə 575 milyard dollarlıq iqtisadiyyata malikdirlər. İqtisadçıların bildirdiklərinə  görə, 2026- cı  ilin  sonunda adıçəkilən region ölkələrinin və Azərbaycanın ÜDM-nin birgə həcmi 700 milyard dollara yaxınlaşacaqdır.

Bu gün Mərkəzi Asiya ölkələri  ümumi 6,2 faiz illik iqtisadi artım ilə diqqət çəkir və bu temp dünya üzrə orta illik artımı 2 dəfə üstələyir. Belə ki, son 8 ildə bu region dövlətləri arasındakı ticarət dövriyyəsi 5 dəfəyə yaxın artaraq 2,5 milyard ABŞ dollarından 12 milyard dollara çatıb. Son 25 ildə Mərkəzi Asiya dövlətlərinin ticarət dövriyyəsində isə 6 dəfə artım qeydə alınıb.

Qeyd olunan iqtisadi üstünlüklərlə yanaşı, Azərbaycan və Mərkəzi Asiya dövlətlərinin son illər geosiyasi mövqeyi də ciddi şəkildə güclənib. Orta Dəhlizin (Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu) genişlənməsi, yaşıl enerji sahəsində reallaşan böyük potensial buna misal göstərilə bilər. Böyük təbii ehtiyatlara malik olan Mərkəzi Asiya ölkələrinin qlobal və regional iqtisadiyyata gələcəkdə də ciddi töhfələr verəcəyi bir həqiqətdir.  

Xüsusilə son 5 ildə Azərbaycan ilə Özbəkistan arasındakı ticarət dövriyyəsinin 3 dəfə artması yuxarıda deyilənlərə əyani sübutdur.. Bu gün də Azərbaycan–Özbəkistan tərəfdaşlığı xüsusi diqqət çəkir. Özbəkistan işğaldan azad edilmiş ərazilərin bərpasına dəstək göstərən ilk Mərkəzi Asiya dövlətlərindən biri olub. Füzulidə Mirzə Uluqbəy adına məktəbin tikintisi, eləcə də Xankəndidə Özbəkistan sərmayəsi hesabına ilk iri sənaye müəssisəsinin yaradılması bu əməkdaşlığın konkret nəticələridir.

Bununla  yanaşı, iqtisadi və investisiya əlaqələri də sürətlə inkişaf edir. Azərbaycan və Özbəkistanın yaratdıqları 500 milyon ABŞ dolları həcmində Birgə İnvestisiya Fondu hər iki ölkədə sənaye, kənd təsərrüfatı, logistika və digər perspektivli istiqamətlər üzrə layihələrin maliyyələşdirilməsinə xidmət edir. Enerji sektoru da tərəfdaşlığın əsas istiqamətlərindən biridir. 2025-ci il iyulun 24-də Özbəkistanın Energetika Nazirliyi, SOCAR və «Özbəkneftqaz» Sghmdar cəmiyyətin (SC) arasında imzalanmış Hasilatın Pay Bölgüsü Sazişinə əsasən, Üstyurd regionunun altı investisiya blokunda geoloji kəşfiyyat, işlənmə və hasilat işləri həyata keçiriləcək. Layihənin ilkin mərhələsində operator funksiyasını SOCAR icra edəcək və beş il ərzində geoloji-kəşfiyyat proqramının başa çatdırılması nəzərdə tutulur.

Son illərdə Azərbaycanın  daha bir Mərkəzi Asiya ölkəsi olan Qazaxıstanla da ikitərəfli ticarətdə böyük artım müşahidə olunur. Eyni zamanda, hər iki ölkənin sahibkarları arasında da fəal biznes əlaqələri qurulub. Qazaxıstanda Azərbaycan kapitallı 1500-ə yaxın şirkət, Azərbaycanda isə 150-yə yaxın Qazaxıstan müəssisəsi fəaliyyət göstərir. Bu, qardaş dövlətlərimizin bir-birinin bazarlarında iqtisadi iştirakını genişləndirmək sahəsində qarşılıqlı marağı əks etdirir.

Qazaxıstan bu gün Azərbaycandan keçən loqistika və nəqliyyat məkanlarından da geniş istifadə edir. Xüsusilə tranzit və ixrac axınları Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu boyunca sürət qazanmağa davam edir. 2025-ci ildə bu dəhlizlə 2,8 milyon ton yük daşınıb ki, bu, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə  iki faiz artım deməkdir.

Qazaxıstan neftinin Bakı-Tbilisi-Ceyhan marşrutu ilə ixracı da davam edir. 2022-ci ilin noyabr ayından etibarən Qazaxıstanın  «KazMunayQaz» dövlət şirkəti SOCAR ilə birlikdə bu marşrutla neft tədarükünü həyata keçirir. Hər il daşınmadakı həcmlər tədricən artır. 2023-cü ildə 1 milyon tondan çox, 2024-cü ildə 1,4 milyon ton, 2025-ci ildə isə təxminən 1, 5 milyon ton yük daşınıb. Həmçinin 2027-ci ilə qədər bu marşrutla neft ixracının ildə 7 milyon tona çatdırılması planlaşdırılır.

Qeyd edək ki, 2025-ci ildə Azərbaycan Mərkəzi Asiya ölkələrinin məşvərət görüşləri formatına tamhüquqlu üzv seçilib. Bu fakt da ölkəmizə ciddi  üstünlüklər qazandırır. Bir sözlə,  Şərq-Qərb dəhlizinin əsas həlqəsinin Azərbaycandan keçdiyi nəzərə alınmaqla, həmçinin yaxın gəəcəkdə  Zəngəzur dəhlizinin reallaşması ilə ölkəmizin nəqliyyat –loqistika liderliyinin daha da möhkəmlənəcəyini demək mümkündür. Hətta proqnozlara görə, Mərkəzi Asiyadan göndərilən yüklərin 70 faizindən  çoxu Azərbaycan üzərindən Avropaya çıxarıla bilər.

Elçin Zaman, "İki sahil"