01 iyul 2026 16:31
96

Erkən heyvan kəsiminə qarşı mübarizə gücləndirilir

AQTA: Erkən heyvan kəsimi qida təhlükəsizliyi və heyvandarlığın inkişafı üçün risk yaradır

Əhalinin sağlam və təhlükəsiz qida məhsulları ilə təmin olunması dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Bu baxımdan heyvandarlıq məhsullarının istehsalı zamanı baytarlıq-sanitariya normalarına riayət olunması, xüsusilə də heyvanların fizioloji inkişafını tamamlamadan kəsiminin qarşısının alınması həm qida təhlükəsizliyinin təmin edilməsində, həm də ölkənin heyvandarlıq potensialının qorunmasında mühüm əhəmiyyət daşıyır. Erkən heyvan kəsimi yalnız ət və ət məhsullarının keyfiyyətinə mənfi təsir göstərmir, eyni zamanda gələcək damazlıq fondunun zəifləməsinə, istehsalın dayanıqlılığına və istehlakçı sağlamlığına dair risklərin artmasına səbəb olur.

Məhz bu məqsədlə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həyata keçirilən "Erkən kəsimə son!" maarifləndirmə kampaniyası qanunvericiliyin tələblərinin təbliği, fermer və heyvandarların məlumatlandırılması, ictimai məsuliyyətin artırılması, eləcə də təhlükəsiz qida zəncirinin formalaşdırılması istiqamətində mühüm təşəbbüslərdən biridir.

Kampaniyanın məqsədləri, görülən işlər, əldə olunan nəticələr və gələcək hədəflərlə bağlı “İki sahil" qəzetinin suallarını Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi cavablandırır.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) “İki sahil" qəzetinin sorğusuna cavab olaraq bildirilib ki, “Erkən kəsimə son!" kampaniyasının əsas məqsədi iri və xırdabuynuzlu heyvanların erkən yaşda kəsilməsinin qarşısının alınması, eyni zamanda, istehlakçıların təhlükəsiz və keyfiyyətli heyvan mənşəli qida məhsulları ilə təmin edilməsinə töhfə verməkdir.

Qurumdan qeyd edilib ki, heyvanların erkən yaşda kəsilməsi heyvandarlıq sahəsində damazlıq və məhsuldarlıq potensialının azalmasına, ölkənin heyvan mənşəli məhsullarla təminatına mənfi təsir göstərə bilər. Bu baxımdan erkən kəsim həm iqtisadi, həm də qida təhlükəsizliyi baxımından tövsiyə olunmur.

AQTA-dan verilən məlumata görə, kampaniya çərçivəsində respublikanın müxtəlif şəhər və rayonlarında maarifləndirmə tədbirləri keçirilir. Bildirilib ki, tədbirlərin əsas hədəf qrupunu fermerlər, heyvandarlıq sahəsində çalışan şəxslər və heyvan kəsimi məntəqələrinin əməkdaşları təşkil edir. Tədbirlər zamanı Agentlik tərəfindən hazırlanmış buklet və flayerlər iştirakçılara təqdim olunur. Paylanılan maarifləndirici materiallarda quzuların erkən yaşda kəsilməsinin yaratdığı fəsadlar barədə ətraflı məlumat verilir.

Qurumdan o da bildirilib ki, erkən kəsim hallarının qarşısının alınması məqsədilə AQTA tərəfindən heyvan kəsimi məntəqələrində mütəmadi olaraq yoxlama və nəzarət tədbirləri həyata keçirilir.