01 iyul 2026 14:07
74

ADY Bakı Dəmiryol Vağzalında "Kitab Dayanacağı" layihəsinə start verib

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) Bakı Dəmiryol Vağzalında "Kitab Dayanacağı" layihəsinə start verib.

“İki sahil” xəbər verir ki, bu barədə ADY məlumat yayıb.

Məlumata görə, layihə sərnişinlərin gözləmə və səfər vaxtını daha maraqlı, faydalı və mənalı keçirməsi məqsədilə həyata keçirilir.

Bildirilib ki, Bakı Dəmiryol Vağzalının gözləmə zalında fəaliyyət göstərən "Kitab Dayanacağı"nda müxtəlif dillərdə və janrlarda təqdim olunan kitablardan qeydiyyat və ödəniş etmədən istifadə etmək mümkündür. Sərnişinlər kitabı gözləmə zalında və ya səfər zamanı oxuya, daha sonra isə digər oxucuların da faydalanması üçün onu yenidən "Kitab Dayanacağı"na və ya qatar bələdçisinə təhvil verə bilərlər.

ADY oxucuları layihəyə töhfə verməyə dəvət edib. Belə ki, vətəndaşlar oxuduqları və başqalarına tövsiyə etdikləri kitabları Bakı Dəmiryol Vağzalındakı Məlumat Mərkəzinə təhvil verməklə və ya qurumla birbaşa əlaqə saxlayaraq layihəyə əlavə edə bilərlər.

Qurum kitabların hər kəs üçün nəzərdə tutulduğunu vurğulayaraq, sərnişinləri onlara qayğı ilə yanaşmağa və növbəti oxucular üçün qoruyub saxlamağa çağırıb.