Qara Dəniz Ticarət və İnkişaf Bankı (QDTİB) Azərbaycan üçün etibarlı tərəfdaş olmaqla yanaşı, regional inteqrasiyanın dərinləşdirilməsi və innovasiyaların təşviqi vasitəsilə mövcud potensialın real iqtisadi imkanlara çevrilməsinə mühüm töhfə verir.
“İki sahil” xəbər verir ki, bu sözləri maliyyə naziri, QDTİB-nin Azərbaycan üzrə rəhbəri Sahil Babayev Azərbaycan Respublikasının sədrliyi ilə Bakıda keçirilən Qara Dəniz Ticarət və İnkişaf Bankının Rəhbərlər Şurasının 28-ci İllik Toplantısında deyib.
Nazir qeyd edib ki, banka üzv ölkələri yalnız coğrafi yaxınlıq deyil, həm də ticarət, investisiya və davamlı inkişaf naminə ortaq maraqlar birləşdirir. Sahil Babayev bu mötəbər tədbirin qlobal iqtisadiyyatda mühüm transformasiyaların baş verdiyi bir dövrə təsadüf etdiyini bildirib. Geosiyasi dəyişikliklər, iqlim çağırışları və təchizat zəncirlərinin yenidən formalaşdığı şəraitdə regional əməkdaşlığın gücləndirilməsi üçün kapitalın, innovasiyaların və insan potensialının bir araya gətirilməsinin xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Maliyyə naziri son illərdə Azərbaycanda iqtisadiyyatın dayanıqlığının artırılması, şaxələndirilməsi və regional əməkdaşlığın genişləndirilməsi istiqamətində həyata keçirilən ardıcıl iqtisadi siyasətdən bəhs edib. Bu prioritetlər çərçivəsində enerji sektoru ilə yanaşı, nəqliyyat-logistika, rəqəmsal iqtisadiyyat və bərpaolunan enerji kimi qeyri-neft sahələrinin inkişafına xüsusi diqqətin yetirildiyini bildirib. O, diqqətə çatdırıb ki, Avropa, Mərkəzi Asiya, Cənubi Qafqaz və Yaxın Şərqi birləşdirən müasir nəqliyyat və logistika infrastrukturunun yaradılması məqsədilə mühüm investisiyalar həyata keçirilib.
“Azərbaycan Avrasiya məkanında mühüm iqtisadi və logistika qovşağına çevrilib. Xüsusilə “Orta Dəhliz”in artan strateji əhəmiyyəti, limanlara, avtomobil və dəmir yollarına, logistika mərkəzlərinə, habelə rəqəmsal infrastruktura yönəlmiş irimiqyaslı investisiyalar ölkənin tranzit və etibarlı ticarət tərəfdaşı kimi mövqeyini daha da möhkəmləndirib”, - deyə nazir əlavə edib.