30 iyun 2026 20:05
96

Uşaq Reabilitasiya Mərkəzinə infotur təşkil edilib

QHT nümayəndələri üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 1 saylı Uşaq Reabilitasiya Mərkəzinə infotur təşkil edilib.

“İki sahil” xəbər verir ki, vətəndaş cəmiyyəti nümayəndələri müəssisədə yaradılan şərait, əlilliyi olan uşaqlara göstərilən reabilitasiya xidmətləri, tətbiq olunan müasir müalicə və bərpa metodları ilə yaxından tanış olublar.  Əlilliyi olan uşaqların Nazirliyin paytaxtda yerləşən 1 və 2 saylı Uşaq Reabilitasiya Mərkəzlərində, eləcə də Qəbələ və Şəmkir rayonlarındakı Uşaq Reabilitasiya Mərkəzlərində reabilitasiya xidmətləri ilə təmin edildikləri qeyd edilib. Bu mərkəzlərə qəbul olunan hər bir uşaqla bağlı fərdi reabilitasiya proqramı əsasında onların funksional bacarıqlarının inkişafına, gündəlik həyata və cəmiyyətə inteqrasiyasına dəstək məqsədilə işlərin aparıldığı diqqətə çatdırılıb. Əlilliyi olan uşaqların ambulator və icma əsaslı reabilitasiya xidmətlərinə əlçatanlığını artırmaq, müvafiq müəssisəyə asan, rahat şəkildə çatmasını təmin etmək üçün icra olunan “RehaBus” (Reabilitasiya Avtobusu) layihəsi barədə məlumat verilib. QHT nümayəndələri reabilitasiya prosesini izləyib, mütəxəssislərlə fikir mübadiləsi aparıblar. Sonda göstərilən xidmətlər, tətbiq olunan innovativ yanaşmalar və yaradılmış şəraitlə bağlı suallar cavablandırılıb.