Müəllimlik sadəcə dərs keçmək deyil, bir uşağın həyatına toxunmaq, onun gələcəyi üçün sona qədər mübarizə aparmaq və ona motivasiya verməkdir
Bir tarix müəllimi kimi məqsədim şagirdlərimə sadəcə tarixin faktlarını deyil, onun hadisələrə obyektiv baxış və milli-mənəvi dəyərlər aşılayan ruhunu ötürməkdir
Müəllimlik insan həyatına toxunan, talelərə istiqamət verən və cəmiyyətin gələcəyini formalaşdıran ən ali peşələrdən biridir.Müəllim yalnız bilik öyrədən deyil, həm də düşünməyi, araşdırmağı, doğru ilə yanlışı ayırd etməyi, milli-mənəvi dəyərlərə bağlılığı və vətəndaşlıq məsuliyyətini aşılayan ziyalıdır. Məhz buna görə də hər bir ölkənin inkişafının təməlində savadlı müəllim, güclü məktəb və sağlam təhsil sistemi dayanır. Bu müqəddəs peşəni seçən insanlar öz ömürlərini gələcək nəsillərin formalaşmasına həsr edir, hər bir şagirdin uğurunda öz zəhmətinin bəhrəsini görürlər.
Tarix müəllimlərinin missiyası isə daha böyük məsuliyyət daşıyır. Çünki tarix yalnız keçmişi öyrədən elm deyil, xalqın milli yaddaşını yaşadan, dövlətçilik ənənələrini qoruyan, vətənpərvərlik ruhunu gücləndirən və gələcək nəsillərin milli kimliyini formalaşdıran ən mühüm fənlərdən biridir. Tarix müəllimi şagirdlərə sadəcə tarixləri və hadisələri əzbərlətmir, onları düşünməyə, təhlil aparmağa, tarixi həqiqətləri obyektiv qiymətləndirməyə və keçmişdən nəticə çıxararaq gələcəyə inamla baxmağa sövq edir. Bu baxımdan müəllimin sinifdə söylədiyi hər fikir, aşıladığı hər dəyər gələcəyin vətəndaşının formalaşmasında mühüm rol oynayır.
Müasir dövrdə təhsil yeni çağırışlarla üz-üzədir. Rəqəmsal texnologiyalar, süni intellekt və informasiya bolluğu müəllimlərdən daha çevik, daha yaradıcı və daim yenilənən yanaşma tələb edir. Lakin bütün bu dəyişikliklər fonunda dəyişməyən bir həqiqət var: heç bir texnologiya müəllimin sözünün təsirini, onun verdiyi mənəvi dəstəyi və şagirdinə aşıladığı inamı əvəz edə bilməz. Məhz buna görə də öz peşəsini sevən, daim inkişaf edən və şagirdlərinin uğurunu şəxsi uğuru hesab edən müəllimlər cəmiyyətin ən böyük mənəvi sərvəti sayılır.
Qəzetimizin budəfəki qonağı da məhz belə müəllimlərdəndir. Sabunçu rayonu Firuz Bayramov adına 22 nömrəli tam orta məktəbin tarix müəllimi Zülfiyyə Yusifova uzun illərdir ki, gənc nəslin tarixə maraqla yanaşması, milli-mənəvi dəyərlərə bağlı, geniş dünyagörüşlü və vətənpərvər vətəndaş kimi formalaşması istiqamətində yorulmadan fəaliyyət göstərir. O, peşəsinə olan sevgisi, öz üzərində daim çalışması, müasir tədris metodlarına açıq olması və şagirdləri ilə səmimi münasibəti sayəsində həm məktəb kollektivində, həm də şagirdləri arasında hörmət qazanan pedaqoqlardandır.
Onunla müəllimlik peşəsinin məsuliyyəti, tarix fənninin cəmiyyət üçün əhəmiyyəti, müasir təhsil prosesinin qarşıya qoyduğu vəzifələr, süni intellekt dövründə tarixin tədrisi, müəllim–şagird münasibətləri, unudulmaz pedaqoji xatirələri, gələcək planları və tarix müəlliminin cəmiyyət qarşısındakı missiyası barədə geniş söhbət etdik.
-Oxucularımız üçün özünüzü necə təqdim edərdiniz? Pedaqoji fəaliyyət yolunuz və həyat fəlsəfəniz haqqında qısa məlumat verməyinizi istərdik.
-Mən, Zülfiyyə Yusifova Hikmət qızı 1994-cü ildə Bakıda anadan olmuşam. Yüksək balla Bakı Dövlət Universitetinə qəbul olmuşam. Müəllim işləyə bilmək üçün Azərbaycan Dövlət Pedaqoji Universitetində yenidən hazırlanma təhsili alaraq - tarix müəllimi ixtisasına yiyələnmişəm. Bakı Slavyan Universitetində magistr təhsili almışam. Orada da müəllimliklə bağlı - pedaqogika nəzəriyyəsi və tarixi ixtisasını bitirmişəm.
2018-ci ildə MİQ imtahanında iştirak edərək 54 balla işə qəbul olmuşam. Hal-hazırda isə Sabunçu rayonu Firuz Bayramov adına 22 nömrəli məktəbdə işləyirəm. Mənim həyat fəlsəfəm keçmişin təcrübəsindən dərs çıxararaq bu günü düzgün anlamaq və daha işıqlı bir gələcək inşa etməkdir. Bir tarix müəllimi kimi məqsədim şagirdlərimə sadəcə tarixin faktlarını deyil, onun hadisələrə obyektiv baxış və milli-mənəvi dəyərlər aşılayan ruhunu ötürməkdir. İnanıram ki, keçmişini dərindən dərk edən bir nəsil gələcəyin ən güclü tarixini yazmağa qadirdir.
-Niyə məhz tarix müəllimliyi peşəsini seçdiniz? Bu qərarın verilməsində hansı amillər və ya insanlar mühüm rol oynayıb?
-Mənim tarixə olan marağım hələ məktəb illərindən başlayıb. Zamanla anladım ki, bu elmi sadəcə sevmək kifayət deyil, bu sevgini və qəhrəmanlıq tariximizi gənc nəsillərə də ötürmək lazımdır. Müəllimliyi seçdim ki, həm sevdiyim işlə məşğul olum, həm də tariximizi gənclərə sevdirə bilim.
-Sizcə, yaxşı tarix müəllimini digərlərindən fərqləndirən əsas xüsusiyyətlər hansılardır? Özünüzü bu baxımdan necə qiymətləndirirsiniz?
-Mənim fikrimcə, yaxşı bir tarix müəllimini fərqləndirən əsas cəhət — dərsi maraqlı etməyi bacarmasıdır. O, şagirdlərə tarixləri sadəcə əzbərlətmir, hadisələrin səbəbini öyrədir və onlarda vətənpərvərlik hissini formalaşdırır.
Özümü bu baxımdan yüksək qiymətləndirirəm. Fənnimi dərindən bilirəm, dərsləri canlı keçməyə üstünlük verirəm və şagirdlərə tarixi sevdirmək üçün hər zaman öz üzərimdə işləyir, mütaliə edərək biliklərimi yeniləyirəm. Həm güclü savadıma, həm də məsuliyyətimə güvənirəm. Düşünürəm ki, hər bir şagirdə fərdi yanaşan və daim inkişaf edən bir müəllim kimi işimin öhdəsindən tam layiqincə gəlirəm.
-Əgər müəllim olmasaydınız, özünüzü hansı peşədə və ya fəaliyyət sahəsində görərdiniz?
-Şagird olduğum zaman ən sevdiyim fənlər biologiya və tarix idi. Əvvəlcə həkim olmağı arzulayırdım, lakin zamanla tarixə olan sevgim daha üstün gəldi. Məhz bu böyük marağıma görə III ixtisas qrupunu seçdim və gələcəyimi tarix müəllimliyi peşəsinə bağlamağa qərar verdim.
-Müxtəlif dövrlərdə qazandığınız peşəkar təcrübələr müəllimlik fəaliyyətinizə hansı töhfələri verib?
-Fəaliyyətim dövründə iki fərqli məktəbdə çalışmaq mənə böyük təcrübə qazandırıb. Hər iki məktəbdə rəhbərlik və kollektivin dəstəyi sayəsində çox öyrədici bir mühitdə yetişmişəm. Xüsusilə hal-hazırda çalışdığım məktəbin güclü nizam-intizamı, prinsipiallığı və digər müəllimlərin də sertifikasiyada yüksək nəticələr göstərməsi məndə müsbət mənada rəqabət hissini və peşəkarlığı daha da artırıb.
Bu uğurlu pedaqoji mühitdə təcrübəli həmkarlarımın məsləhətlərindən hər zaman yararlanmışam. Eyni zamanda, dərslikləri və təhsildəki yenilikləri mütəmadi izləyirəm. Şagirdlərimə daha faydalı olmaq üçün testologiyanı dərindən öyrənmiş, müxtəlif test vəsaitləri üzərində işləmiş və bu sahədə mütəxəssis olan müəllimlərin təcrübəsindən uğurla faydalanmışam. Bütün bu təcrübələr məni bir müəllim kimi daim irəli aparıb.
-İlk dərs gününüzü necə xatırlayırsınız? O gün yaşadığınız həyəcan və hisslər bu gün də yadınızdadırmı?
-İlk dərs günüm 8-ci siniflə olmuşdu. Təcrübəsiz bir müəllim kimi birbaşa böyük şagirdlərlə işə başlamaq məni çox həyəcanlandırırdı. Lakin bu həyəcana baxmayaraq, ilk gündən uşaqlarla gözəl dil tapdım və dərslərim çox uğurlu keçdi.
Həmin il gənc olmağıma baxmayaraq şagirdlərimə tarixi sevdirməyi bacardım. Əlbəttə, o vaxtdan bəri keçən hər il mənə yeni təcrübələr qazandırdı və peşəmdə daha da püxtələşdim. İlk ilimlə müqayisədə bu gün özümə daha çox güvənirəm, amma işimə olan o ilk günkü həvəsimi və həyəcanımı hələ də itirməmişəm.
-Tarix fənninin gənclərdə milli kimliyin, vətənpərvərlik hissinin və tarixi yaddaşın formalaşmasında rolunu necə qiymətləndirirsiniz?
-Tarix fənni şagirdlərə sadəcə keçmişi öyrətmir, həm də onlara kim olduqlarını, hansı zəngin kökə və mədəniyyətə sahib olduqlarını göstərən bir aynadır. Şagirdlər xalqımızın qəhrəmanlıq mübarizəsini, dövlətçilik ənənələrini və qazanılan böyük zəfərləri öyrəndikcə onlarda təbii bir milli qürur və vətənə bağlılıq hissi formalaşır. Bu mənada tarix dərsləri gənc nəsildə möhkəm milli kimlik şüuru və dövlətinə sadiq vətənpərvərlik ruhu aşılamağın ən güclü vasitəsidir.
-Sizcə, tarix yalnız keçmişi öyrədən elm deyil, həm də gələcəyi formalaşdıran bir vasitədirmi? Tarix dərslərinin əsas missiyası nədən ibarət olmalıdır?
-Bəli, tamamilə razıyam. Tarix bizə keçmişin səhvlərini və uğurlarını göstərərək bu günü düzgün anlamağa və gələcəyi daha uğurlu, doğru şəkildə qurmağa kömək edən ən böyük vasitədir.
Bu səbəbdən tarix dərslərinin əsas missiyası şagirdlərə sadəcə quru faktları əzbərlətmək yox, onlara keçmişdən dərs çıxarmağı, hadisələrə tənqidi yanaşmağı və vətənpərvər, dövlətini sevən bir şəxsiyyət kimi yetişməyi öyrətmək olmalıdır.
-Müasir dövrdə şagirdlərin tarix fənninə marağı hansı səviyyədədir? Bu marağı artırmaq üçün hansı tədris metodlarından və yanaşmalardan istifadə edirsiniz?
-Müasir dövrdə şagirdlərin quru məlumatlara marağı az olsa da, düzgün yanaşma ilə onlarda tarixə maraq oyatmaq mümkündür. Mən dərslərimdə tarixi xəritələrdən və vizual materiallardan istifadə edirəm. Şagirdlərin dərsdə aktiv olması üçün daha çox sual-cavaba və qarşılıqlı müzakirələrə üstünlük verirəm. Bu sadə metodlar dərsi canlandırır və uşaqların mövzunu rahat mənimsəməsinə kömək edir.
-Tarixin tədrisində faktların əzbərlədilməsi ilə analitik düşüncənin formalaşdırılması arasında necə balans qurulmalıdır?
-Tarixi öyrənərkən əsas faktları və tarixləri bilmək mütləqdir, çünki onlar dərsin bünövrəsidir. Lakin dərsi sadəcə əzbərçiliklə bitirmək olmaz. Əsas məqsəd şagirdə həmin faktlar arasında əlaqə qurmağı öyrətməkdir. Mən dərslərimdə çalışıram ki, uşaqlar bir hadisənin tarixini əzbərləməklə yanaşı, onun niyə baş verdiyini və nə ilə nəticələndiyini də başqa hadisələrlə müqayisə edib özləri anlasınlar.
-İnformasiya bolluğu və sosial şəbəkələrin geniş yayıldığı bir dövrdə tarixi saxtalaşdırma cəhdləri və dezinformasiyalarla mübarizədə məktəbin və tarix müəlliminin rolu nədən ibarətdir?
-Sosial şəbəkələrdə dezinformasiyaların çox olduğu bu dövrdə məktəbin və müəllimin üzərinə böyük məsuliyyət düşür. Bu baxımdan bizim məktəbdə vəziyyət çox ürək açandır, çünki rəhbərliyimiz, xüsusilə direktorumuz Azər Ələkbərov şagirdlərin maarifləndirilməsinə çox ciddi yanaşır. Həm dərslərdə, həm də valideyn iclaslarında telefon və sosial şəbəkələrin düzgün istifadəsi ilə bağlı mütəmadi olaraq şagirdlərlə çox ciddi işlər aparılır.
Bir tarix müəllimi kimi mənim rolum isə şagirdlərə sosial şəbəkələrdə gördükləri hər tarixi məlumata kor-koranə inanmamağı, rəsmi və doğru qaynaqlara güvənməyi öyrətməkdir. Məktəb rəhbərliyi ilə birgə apardığımız bu işlər uşaqları saxta məlumatlardan qorumağa böyük kömək edir.
-Süni intellekt və rəqəmsal texnologiyaların inkişafı tarix fənninin tədrisinə hansı yenilikləri gətirə bilər? Bu imkanlardan istifadəni necə qiymətləndirirsiniz?
-Süni intellekt və rəqəmsal texnologiyalar tarixin quru bir fənn kimi görünməsinin qarşısını ala bilər. Məsələn, bu texnologiyalar sayəsində dərslikdəki tarixi xəritələri, qədim dövrlərə ait rəsmləri və abidələri şagirdlərə daha canlı, vizual şəkildə göstərmək mümkündür.
Mən bu imkanlardan istifadəni çox müsbət qiymətləndirirəm. Çünki rəqəmsal vasitələr dərsi müasirləşdirir, uşaqların vizual yaddaşını gücləndirir və mövzuları daha maraqlı, anlaşıqlı formada onlara çatdırmağa kömək edir.
-Müəllimlik peşəsinin bu gün qarşılaşdığı ən böyük çətinliklər hansılardır? Sizcə, müəllim nüfuzunun qorunması üçün hansı addımlar atılmalıdır?
-Məncə, bu gün müəllimlərin qarşılaşdığı ən böyük çətinlik sosial şəbəkələr və telefonlar ucbatından şagirdlərin diqqətini dərsə cəlb etməyin çətinləşməsidir.
Müəllim nüfuzunu qorumaq üçün isə ilk növbədə öz üzərimizdə işləməli, fənnimizi dərindən bilməli və şagirdlərlə ədalətli, hörmətə söykənən münasibət qurmalıyıq. Müəllim həm öz savadı, həm də səmimi davranışı ilə uşaqlara düzgün nümunə olanda onun nüfuzu hər zaman uca qalacaq.
-Pedaqoji fəaliyyətiniz ərzində qazandığınız uğurlar arasında sizi ən çox qürurlandıran nailiyyət hansıdır?
-Pedaqoji fəaliyyətim ərzində məni ən çox qürurlandıran nailiyyət — illərdir çəkdiyim zəhmətin bəhrəsini görmək, dərslərinə girdiyim şagirdlərin yüksək nəticələr qazanması və onlara tarix fənnini sevdirməyi bacarmağımdır. Bir müəllim üçün böyütdüyü şagirdlərin universitetlərə qəbul olması, vətənpərvər bir şəxsiyyət kimi yetişməsi və illər keçsə də öz müəllimini hörmətlə xatırlaması qazanılacaq ən böyük və ən ali uğurdur.
-Şagirdlərinizin qazandığı uğurlar və cəmiyyətdə layiqli yer tutmaları sizdə hansı hissləri yaradır? Müəllim üçün ən böyük mükafat nədir?
-Şagirdlərimin uğurlarını görmək və onların cəmiyyətdə layiqli yer tutduğunu eşitmək mənə sözlə ifadə edilməyəcək qədər böyük bir qürur və xoşbəxtlik hissi yaşadır. Həmin an bütün yorğunluğum unudulur və peşəmə olan bağlılığım daha da artır.
Məncə, bir müəllim üçün bu həyatda ən böyük mükafat — vaxtilə parta arxasında dərs dediyi uşaqların illər sonra savadlı, xeyirli və vətənpərvər bir insan kimi qarşısına çıxması və müəlliminin əməyini hər zaman uca tutmasıdır.
-Müəllimlik fəaliyyətiniz ərzində yüzlərlə şagird yetişdirmisiniz və saysız-hesabsız xatirələr yaşamısınız. Bu illər ərzində yaddaşınızda silinməz iz qoyan, sizi həm müəllim, həm də insan kimi ən çox təsirləndirən bir hadisəni oxucularımızla bölüşə bilərsinizmi? Həmin xatirə sizə hansı həyati və peşəkar dərsi öyrətdi və bu gün də fəaliyyətinizə necə təsir göstərir?
-Pedaqoji fəaliyyətimin ilk illərində yaşadığım və mənim üçün silinməz iz qoyan çox təsirli bir hadisə var. Bir şagirdimizin atası müəyyən səbəblərdən qızının oxumasına qarşı çıxırdı. Biz məktəb kollektivi olaraq birləşdik, valideynlə danışıb onu razı salmaq üçün çox böyük mübarizə apardıq və həmin qıza hər cür mənəvi, pedaqoji dəstək olduq.
Bu gün həmin şagirdim artıq tələbədir və gələcəyin müəllimidir. Onun uğurlarını görmək mənim üçün ən böyük qürurdur. Bu hadisə mənə öyrətdi ki, müəllimlik sadəcə dərs keçmək deyil, bir uşağın həyatına toxunmaq, onun gələcəyi üçün sona qədər mübarizə aparmaq və ona motivasiya verməkdir.
-Bu günün gəncləri ilə sizin gənclik illərinizin gəncləri arasında hansı əsas fərqləri və oxşarlıqları görürsünüz?
-Məncə, bizim gənclik illərimizlə indiki gənclər arasındakı ən böyük fərq texnologiyadır. İndiki gənclər informasiya əsrində yaşayırlar, texnologiyadan çox sürətli istifadə edirlər və dünyagörüşləri, maraq dairələri daha genişdir. Bizim dövrümüzdə isə məlumatı tapmaq daha çox zəhmət tələb edirdi və həyata baxışımız bəlkə də biraz daha sadə idi.
Oxşar cəhət isə odur ki, dövrlər dəyişsə də, gəncliyin enerjisi, öyrənmək həvəsi, gələcəyə olan ümidləri və özünü təsdiq etmək istəyi hər zaman eynidir. Hər iki nəslin gəncliyi də hər zaman daha yaxşı bir gələcək qurmağın axtarışındadır.
-Valideyn–məktəb–müəllim əməkdaşlığını necə qiymətləndirirsiniz? Sağlam təhsil mühitinin formalaşması üçün bu münasibətlər hansı prinsiplər üzərində qurulmalıdır?
-Məncə, şagirdin uğur qazanması üçün valideyn, məktəb və müəllim birlikdə bir komanda kimi işləməlidir. Bu əməkdaşlıq zəif olanda uşaqların təhsilində və tərbiyəsində mütləq boşluqlar yaranır.
Sağlam bir təhsil mühitinin formalaşması üçün bu münasibətlər ilk növbədə qarşılıqlı hörmət, səmimiyyət və dürüstlük prinsipləri üzərində qurulmalıdır. Valideyn də, müəllim də eyni məqsəd üçün — uşağın gələcəyi üçün çalışdıqlarını unutmamalı və hər bir problemdə bir-birinə dəstək olmağa hazır olmalıdır.
-Tarix müəllimi olmaq istəyən gənclərə hansı tövsiyələri verərdiniz? Bu peşəni seçənlər ilk növbədə hansı keyfiyyətlərə malik olmalıdırlar?
-Tarix müəllimi olmaq istəyən bir gənc ilk növbədə öz fənnini, öz tarixini ürəkdən sevməlidir. Çünki tarixin əhatə dairəsi çox genişdir və bura kifayət qədər böyük vaxt ayırmaq lazım gəlir. Əgər insan bu fənlə arasında mənəvi bir bağ qura bilməsə, tarix oxumaq ona yorucu və çətin gələ bilər.
Bu peşəni seçənlər hər zaman öyrənməyə açıq olmalı, durmadan öz üzərində işləməli və ən əsası, öyrəndiyi o tarixi sevgini şagirdlərinə də eyni səmimiyyətlə ötürməyi bacarmalıdırlar.
-Öz müəllimlərinizdən elə biri olubmu ki, onun dediyi bir söz və ya verdiyi bir məsləhət bu gün də həyat və peşə fəaliyyətinizdə sizə yol göstərir?
-Mənim həyatıma istiqamət verən ən unudulmaz xatirə universitetə hazırlaşdığım illərlə bağlıdır. Hələ tələbə adını qazanmamışdan qabaq öz tarix müəllimimin mənə inanıb, 'Artıq sən bir tələbəsən və mən səni gələcəkdə tarixi çox yaxşı bilən bir mütəxəssis kimi görürəm' deməsi mənə böyük bir qürur və güvən vermişdi.
Məhz o sözlər, həmçinin tarix müəllimi olmaq qərarını verəndə mənə inanan və məni dəstəkləyən valideynlərimin, müəllimlərimin rolu bu peşəni seçməyimdə dönüş nöqtəsi oldu. Bu gün mən də öz şagirdlərimə eyni inamla yanaşır və müəllimimin vaxtilə mənə verdiyi o böyük motivasiyanı indi öz uşaqlarıma ötürməyə çalışıram.
-Öz müəllimlərinizdən elə biri olubmu ki, onun dediyi bir söz və ya verdiyi bir məsləhət bu gün də həyat və peşə fəaliyyətinizdə sizə yol göstərir?
-Bəli, mənim bu peşəni seçməyimdə və inkişafımda bir yox, bir neçə müəllimimin çox böyük rolu olub. Məktəbdə 5-ci sinifdən 11-ci sinfə qədər dərsimizə girən fərqli tarix müəllimlərimin hər birindən çox razı qalmışam. Tarixi mənə ilk növbədə onların insani keyfiyyətləri və fənnə olan yanaşmaları sevdirib.
Sonradan Bakı Dövlət Universitetində dərs aldığım çox savadlı, professional müəllimlərin və iş fəaliyyətimə başladığım məktəblərdəki təcrübəli həmkarlarımın məsləhətləri mənə hər zaman yol göstərib. Böyüklərin, ustad müəllimlərin tövsiyələrinə qulaq asmaq və onlardan öyrənmək mənim həm insan, həm də müəllim kimi formalaşmağımda ən böyük dəstək olub.
-Gələcəklə bağlı əsas məqsəd və planlarınız nələrdir? Tarix təhsilinin inkişafı istiqamətində həyata keçirmək istədiyiniz layihələr varmı?
-Gələcəklə bağlı peşəmlə əlaqədar çoxlu istəklərim və planlarım var. Hal-hazırda beynimdə konkret 2 - 3 fikir, gözəl ideya dolaşır, amma indidən tam açıqlamaq istəmirəm. İnşallah, zamanı gəlib həyata keçəndə hamı birlikdə görəcək.
Əlbəttə, əsas məqsədim hər zaman daha irəliyə getmək, yeni uğurlar qazanmaqdır. Bir müəllim kimi ən böyük hədəfim isə yetişdirdiyim şagirdlərin həyatında hər zaman yaxşı mənada silinməz bir iz qoya bilməkdir.
-Son dərs gününüzü necə təsəvvür edirsiniz? Şagirdlərinizin və həmkarlarınızın yaddaşında necə bir müəllim kimi qalmaq istərdiniz?
-Məncə, bir müəllimin həyatındakı ən son dərs günü həm çox duyğulu, həm də sonsuz dərəcədə qürurverici bir an olmalıdır. O günü ömrünü gələcək nəsillərin yetişməsinə həsr etmiş, üzərinə düşən missiyanı alnıaçıq, üzüağ tamamlamış bir insanın daxili hüzuru ilə təsəvvür edirəm.
Şagirdlərimin və həmkarlarımın yaddaşında isə sadəcə sinfə girib dərs keçən biri kimi yox, öz peşəsini uca tutan, şərəfli, hər bir uşağa fərd kimi yanaşıb onlara doğru yol göstərən ədalətli bir müəllim kimi qalmaq istərdim. İllər keçsə də, addım-addım qazandığım o təmiz müəllim adının və ətrafıma bəxş etdiyim səmimi sevginin yaddaşlarda silinməz iz qoyması mənim üçün bu peşənin ən gözəl zirvəsidir.
Səmimi, düşündürücü və olduqca maraqlı müsahibəyə görə tarix müəllimi *Zülfiyyə Yusifovaya* dərin təşəkkürümüzü bildiririk. Onun müəllimlik peşəsinə sevgi və məsuliyyətlə yanaşması, tarix elminə bağlılığı, milli-mənəvi dəyərlərin qorunması və gənc nəslin vətənpərvər ruhda yetişdirilməsi ilə bağlı səsləndirdiyi fikirlər bir daha göstərir ki, müəllimlik sadəcə peşə deyil, cəmiyyət qarşısında daşıdığı böyük mənəvi missiyadır.
İnanırıq ki, gələcəyimizi formalaşdıran ən böyük sərvət savadlı, düşünən və milli kimliyini dərindən dərk edən gənclərdir. Belə bir nəslin yetişməsində isə fədakar müəllimlərin əməyi əvəzsizdir. Hər bir müəllim gələcəyə əkilən bir toxum kimidir; onun bu gün dediyi söz, verdiyi bilik və aşıladığı dəyər sabah cəmiyyətin inkişafında öz bəhrəsini verir. Bu baxımdan Zülfiyyə müəllimin fəaliyyətinin uzun illər ərzində də uğurla davam edəcəyinə, onun yetişdirdiyi şagirdlərin ölkəmizin müxtəlif sahələrində layiqli vətəndaşlar kimi söz sahibi olacaqlarına inanırıq.
Zülfiyyə müəllimə bu şərəfli və məsuliyyətli fəaliyyətində möhkəm cansağlığı, tükənməz enerji, yeni-yeni uğurlar, peşəkar zirvələr və bol nailiyyətlər arzulayırıq. Arzu edirik ki, müəllimlik yolunda həyata keçirmək istədiyi bütün məqsəd və layihələr uğurla reallaşsın, qazandığı hər yeni nailiyyət onu daha böyük hədəflərə ruhlandırsın. Yetişdirdiyi hər bir şagird onun zəhmətinin, biliyinin və mənəvi irsinin ən qiymətli bəhrəsinə çevrilsin.
Qoy ömrünüzün hər günü elmə xidmətlə, yeni uğurlarla, minnətdar şagirdlərin sevgisi və həmkarlarınızın ehtiramı ilə yadda qalsın. İllər ötüb keçsə də, adınız şagirdlərinizin qəlbində onlara tarix sevgisini, vətənə bağlılığı və insanlıq dəyərlərini aşılayan müəllim kimi sevgi və hörmətlə yaşasın. Çünki müəllim ömrünün əsl dəyəri aldığı mükafatlarla deyil, yetişdirdiyi insanların uğurları, qazandığı dualar və cəmiyyətin yaddaşında qoyduğu silinməz izlə ölçülür.
Əminik ki, müəllimlik peşəsinə göstərdiyiniz sədaqət, elmə və təhsilə sonsuz bağlılığınız bundan sonra da yeni uğurların başlanğıcı olacaq. Sizə uzun ömür, möhkəm cansağlığı, ailə səadəti və şərəfli müəllimlik yolunda daim yüksələn nailiyyətlər arzulayır, gələcək fəaliyyətinizdə bol-bol uğurlar diləyirik.