24 iyun 2026 23:46
102

Xəzərdən rəqəmsal körpüyə: Qazaxıstan və Azərbaycan əməkdaşlıq üçün yeni imkanları necə yaradır?

Bu gün Qazaxıstan və Azərbaycan arasında əməkdaşlıq iqtisadiyyatın ənənəvi sahələrinin hüdudlarını xeyli aşır, Xəzər isə yeni rol qazanaraq regionlar arasında rəqəmsal körpüyə çevrilir.

“İki sahil” xəbər verir ki, bu fikri AZƏRTAC-a Qazaxıstanın “AMANAT” Müəlliflik hüququ və əlaqəli hüquqların qorunması üzrə qeyri-kommersiya təşkilatının baş direktorunun müavini, əqli mülkiyyət, rəqəmsal iqtisadiyyat və beynəlxalq əməkdaşlıq sahəsində ekspert Azamat Tleujanov bildirib.

Onun sözlərinə görə, iki ölkə arasındakı münasibətlər təkcə strateji tərəfdaşlığa deyil, həm də möhkəm insani əlaqələrə əsaslanır.

“Mənə Bakını iki dəfə ziyarət etmək qismət olub, belə ki, ilk dəfə 1998-ci ildə, daha sonra isə 2022-ci ildə bu şəhərdə olmuşam. Bu səfərləri təxminən dörddəbir əsrlik zaman ayırırdı və bu müddət ərzində şəhər və ölkə heyrətamiz inkişaf yolu keçib. 2022-ci ildə mən “Flame Towers” kompleksində keçirilən, COPAT tərəfindən təşkil olunmuş beynəlxalq konfransda iştirak etmişəm. Zəngin işgüzar proqramla yanaşı, məni ənənəvi Azərbaycan qonaqpərvərliyi də gözləyirdi. Həmkarlar mənə İçərişəhəri, eləcə də milyonlarla tamaşaçıya əfsanəvi “Brilyant əl” filmi ilə tanış olan məkanı göstərdilər. Məhz belə məqamlar ölkəni təkcə rəsmi görüşlər vasitəsilə deyil, həm də insanlar, mədəniyyət və tarix vasitəsilə daha yaxşı anlamağa imkan verir. Bu səfər zamanı mən Azərbaycanda hüquqların kollektiv idarə olunması sahəsində fəaliyyət göstərən RAYS və MHUIB təşkilatlarının nümayəndələri ilə tanış oldum. Ötən illər ərzində peşəkar əməkdaşlığımız qarşılıqlı etimada və beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi istəyinə əsaslanan davamlı tərəfdaşlıq münasibətlərinə çevrilib. Mənim fikrimcə, məhz insani və peşəkar əlaqələr dövlətlər arasında istənilən uzunmüddətli əməkdaşlığın təməlini təşkil edir. Xüsusilə də söhbət təkcə strateji tərəfdaşlığın deyil, həm də mədəni yaxınlığın birləşdirdiyi ölkələrdən gedirsə, bu, özünü daha aydın büruzə verir. Qazaxıstan və Azərbaycan Türk dünyasına mənsubdur, oxşar tarixi köklərə malikdir və eyni dil ailəsinə aiddir. Bu isə insanlar, biznes, təhsil müəssisələri və peşəkar icmalar arasında qarşılıqlı əlaqələri asanlaşdırır. Bu gün ölkələrimiz arasında əməkdaşlıq iqtisadiyyatın ənənəvi sahələrinin hüdudlarını xeyli aşır. Biz nəqliyyat dəhlizləri, energetika və ticarət haqqında danışmağa öyrəşmişik. Lakin rəqəmsal texnologiyalar, innovasiyalar və bilik iqtisadiyyatı getdikcə daha böyük əhəmiyyət qazanır”, – deyə o qeyd edib.

A.Tleujanov Qazaxıstan və Azərbaycan arasında Trans-Xəzər fiber-optik kabel layihəsinə xüsusi diqqət ayırıb: “Son illərin ən maraqlı layihələrindən biri Qazaxıstan və Azərbaycan arasında Trans-Xəzər fiber-optik kabelin yaradılmasıdır. Əslində söhbət Mərkəzi Asiya ilə Avropa arasında əlaqələri möhkəmləndirməyə imkan verəcək yeni rəqəmsal dəhlizin formalaşdırılmasından gedir. Əgər keçmişdə Xəzər hövzəsi ölkələrimizi nəqliyyat marşrutları və enerji layihələri ilə birləşdirirdisə, bu gün o, gələcəyin rəqəmsal infrastrukturunun inkişafı üçün əsas platformaya çevrilir. Hələ 1996-cı il dekabrın 15-də Azərbaycanda “Azercell Telecom” şirkətinin kommersiya fəaliyyətinə başlaması ilə GSM mobil rabitə standartı istifadəyə verilib. Həmin dövrdə müasir telekommunikasiya şəbəkələrinin inkişafı ölkənin qlobal informasiya məkanına inteqrasiyası üçün yeni imkanlar açırdı. Bu gün isə oxşar rolu yeni nəsil rəqəmsal infrastruktur layihələri oynamağa başlayır. Əgər XX əsrin sonlarında ölkələri mobil şəbəkələr və internet birləşdirirdisə, XXI əsrdə bu funksiyanı transsərhəd fiber-optik magistrallar, bulud texnologiyaları və süni intellekt öz üzərinə götürür. Məhz buna görə də Qazaxıstan və Azərbaycan arasında Trans-Xəzər fiber-optik kabel layihəsi təkcə infrastruktur baxımdan deyil, həm də strateji əhəmiyyət daşıyır. Bu layihə regionlar arasında daha sürətli və etibarlı məlumat mübadiləsini təmin etməklə Mərkəzi Asiya ilə Avropa arasında yeni rəqəmsal körpü yarada bilər”.

Regionun inkişaf perspektivlərindən danışan ekspert iqtisadiyyatın müxtəlif sahələrində süni intellektin rolunun artdığını qeyd edib. Onun sözlərinə görə, bu gün süni intellekt sadəcə yeni texnologiyaya deyil, təhsil, biznes, dövlət idarəçiliyi, media və kreativ sənayelərə təsir göstərən mühüm iqtisadi inkişaf amilinə çevrilir.

“Kreativ sənayelər sahəsində əməkdaşlıq potensialı xüsusi maraq doğurur. Musiqi, kino, rəqəmsal məzmun, oyun layihələri və yeni media müasir iqtisadiyyatın mühüm elementlərinə çevrilir. Süni intellekt bu sahələr üçün yeni imkanlar açır, məzmunun yaradılmasını sürətləndirməyə, beynəlxalq bazarlara çıxmağa və auditoriya ilə qarşılıqlı əlaqənin yeni modellərini formalaşdırmağa imkan verir. Fikrimcə, Mərkəzi Asiya və Cənubi Qafqaz yeni rəqəmsal həllərin tətbiqi üçün ən maraqlı platformalardan birinə çevrilə bilər. Regionlarımız mədəni irsin, gənc əhalinin, inkişaf edən rəqəmsal infrastrukturun və modernləşməyə canatmanın unikal vəhdətinə malikdir. Bu isə yeni texnoloji layihələrin, startapların və beynəlxalq təşəbbüslərin meydana çıxması üçün əlverişli şərait yaradır. Bu prosesdə Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlıq xüsusi rol oynaya bilər. Mədəni, tarixi və dil bağlarının ümumiliyi bilik mübadiləsi, birgə layihələrin inkişafı və texnologiyalar, təhsil və kreativ iqtisadiyyat sahələrində yeni peşəkar icmaların formalaşdırılması üçün əlavə zəmin yaradır”, – deyə ekspert qeyd edib.

O, həmçinin hesab edir ki, Mərkəzi Asiya və Cənubi Qafqaz innovativ həllərin tətbiqi üçün əhəmiyyətli potensiala malikdir: “Əminəm ki, Qazaxıstan və Azərbaycan arasında əməkdaşlığın gələcək inkişafı təkcə ikitərəfli münasibətlərin möhkəmlənməsinə deyil, həm də Mərkəzi Asiya ilə Qafqazı birləşdirən yeni innovasiya məkanının formalaşmasına töhfə verəcək. Son onilliklər ərzində Xəzər hövzəsi artıq ölkələrimiz arasında nəqliyyat və enerji əlaqələrinin simvoluna çevrilib. Bu gün isə onun qarşısında yeni missiya dayanır – ideyaları, texnologiyaları və insanları birləşdirən regionlararası rəqəmsal körpüyə çevrilmək”.