24 iyun 2026 17:58
149

Azərbaycanda İslam dəyərlərinin qorunmasına böyük önəm verilir - TƏHLİL

Dövlətimizin başçısı İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci Sessiyasının iştirakçılarına ünvanladığı təbrik  məktubunda bir daha bildirir ki, Azərbaycan üzv dövlətlərlə ikitərəfli əsasda da möhkəm dostluq və qardaşlıq münasibətlərinə söykənən çoxşaxəli əməkdaşlıq əlaqələri qurur

Azərbaycan  xarici siyasətində islam ölkələri ilə ikitərəfli və çoxtərəfli münasibətlərə xüsusi önəm verir. Azərbaycan  müxtəlif mədəniyyətləri və dinləri bir araya gətirən ölkə olaraq İslam həmrəyliyinin gücləndirilməsinə mühüm töhfələr verir.  İslam dünyasının birliyi, müxtəlif qitələrdə yaşayan milyardlarla müsəlmanın ortaq dini dəyərlər, həmrəylik və qardaşlıq prinsipləri əsasında siyasi, iqtisadi və mədəni əməkdaşlığını hədəfləyən, həmçinin islamofobiya ilə mübarizədə mühüm rol oynayan qlobal geosiyasi konsepsiyadır. Azərbaycan Şərq və Qərb mədəniyyətlərinin kəsişməsində yerləşən bir ölkə olaraq İslam dünyası həmrəyliyinin gücləndirilməsinə, sülhə və mədəniyyətlərarası dialoqun inkişafına mühüm töhfələri ilə diqqətdədir. İslam ölkələri ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığın qurulması, inkişafı həmişə Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biri olub. Ölkəmizdə müxtəlif xalqların və dini konfessiyaların nümayəndələri əsrlər boyu sülh, qarşılıqlı hörmət və əmin-amanlıq şəraitində yaşayırlar. Dövlətimizin başçısı dünyaya səs salan tarixi Zəfərimizdən bəhs edərkən  bu məqamı daim xüsusi vurğulayır ki, Azərbaycan xalqının həmrəyliyi əsas uğurlarımızdan biridir. İkinci Qarabağ müharibəsindəki parlaq Qələbə bir daha onu göstərdi ki, Azərbaycan xalqı böyük xalqdır. Azərbaycanda yaşayan bütün etnik qruplar, bütün xalqlar Azərbaycan Bayrağı altında birləşib. Bu Qələbədə, bu tarixi Zəfərdə ölkəmizdə yaşayan hər bir xalqın öz dəyərli töhfəsi var.

İslam dünyasını bir araya gətirən, islam ölkələrini birləşdirən İslam Əməkdaşlıq Təşkilatı da həm işğal dövründə, həm işğaldan sonra, həm də İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatı zamanı və ondan sonra Azərbaycanın yanında olub. Azərbaycan bu təşkilatın dəyərli üzvüdür. Azərbaycanda müsəlman dininə və bütün dinlərə olan münasibət bu təşkilat tərəfindən yüksək qiymətləndirilir. Bu təşkilat bütün müsəlman ölkələrini birləşdirir. Əlbəttə ki, bu təşkilatda  təşəbbüslərimizin qəbul edilməsi və dəstəklənməsi xüsusi məna daşıyır.

Cənab İlham Əliyevin İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci Sessiyasının iştirakçılarına ünvanladığı məktubda da mühüm çağırışları səsləndirdi. “Qardaş ölkələrin qanunverici orqanlarını birləşdirən bu mötəbər platforma parlamentlərarası əməkdaşlığın gücləndirilməsi, siyasi, iqtisadi, sosial və humanitar sahələrdə əlaqələrin inkişaf etdirilməsinə xidmət etməklə yanaşı, İslam həmrəyliyinin möhkəmləndirilməsini təmin edən vacib mexanizmlərdən biri kimi xüsusi əhəmiyyət kəsb edir” söyləyən Prezident İlham Əliyev onu da qeyd edir ki, bu il Azərbaycanın   İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv olmasından 35 il ötür. İƏT Azərbaycanın müstəqilliyinin bərpasından sonra qoşulduğu ilk beynəlxalq təşkilatlardandır. Qürurla qeyd edə bilərik ki, bu illər ərzində ölkəmiz İslam həmrəyliyinin gücləndirilməsinə töhfə vermiş, İƏT-in fəaliyyətində təşəbbüskar və məsuliyyətli rol oynamış, məqsəd və prinsiplərinə sadiq qalmış, beynəlxalq müstəvidə nüfuzunun artırılmasında fəal iştirak etmişdir. Azərbaycan üzv dövlətlərlə ikitərəfli əsasda da möhkəm dostluq və qardaşlıq münasibətlərinə söykənən çoxşaxəli əməkdaşlıq əlaqələri qurmuşdur. Biz də, öz növbəmizdə, İƏT-in ardıcıl dəstəyini daim hiss etmişik. İƏT Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxın davam edən təcavüzü zamanı və postmüharibə dövründə qətiyyətli mövqe nümayiş etdirərək, işğalı şiddətlə qınayan, Azərbaycanın haqq işini, suverenliyini və ərazi bütövlüyünü dəstəkləyən, azad olunmuş ərazilərimizdə bərpa və quruculuq işlərini alqışlayan qətnamələr və bəyanatlar qəbul etmişdir. Ermənistanın Azərbaycana qarşı təcavüzünə dair İƏT çərçivəsində Təmas Qrupunun fəaliyyətini xüsusilə vurğulamaq istərdim. Biz qardaş ölkələrin bu münasibətini yüksək qiymətləndiririk.

30 illik işğal dövründə  işğal altında olan torpaqlarımızın böyük dağıntılarla üzə-üzə qalması, dini və tarixi abidələrimizin yerlə-yeksan edilməsi cənab İlham Əliyevin bütün çıxışlarında, müsahibələrində, müraciətlərində əsaslı şəkildə diqqətə çatdırılır. Dövlətimizin başçısının qeyd edilən məktubunda da bu reallıqlar xüsusi vurğulanır  ki,  işğal dövründə Ermənistan tərəfindən urbisid və kultursidə məruz qalmış şəhər və kəndlərimizdə bəşəri əhəmiyyətə malik məscidlər və çoxəsrlik İslam memarlığı abidələri qəsdən dağıdılmış və talan olunmuşdur. 67 məsciddən 65-i məhv edilmiş, qalan məscidlərə isə ciddi zərər vurulmuşdur. Bu müqəddəs yerlərin tövlə kimi istifadə olunması və orada dinimizdə haram sayılan heyvanların saxlanılması təkcə azərbaycanlıların deyil, bütün dünya müsəlmanlarının hisslərinə təhqirdir. ICESCO və İƏT-in Müstəqil Daimi İnsan Hüquqları Komissiyası bu vandalizm aktlarının işğaldan azad edilmiş ərazilərimizə təşkil etdiyi missiyaları zamanı əyani şahidi olmuşdur. Bu gün işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı yenidənqurma işləri çərçivəsində dağıdılmış dini ocaqlarımız tarixi görkəmi nəzərə alınmaqla bərpa edilir, yeni məscidlər inşa edilir, minarələrdən uzun illərdən sonra yenidən azan sədaları ucalır.

Dövlətimizin başçısı  bu çağırışı da səsləndirir ki,  torpaqlarımızda İslam mədəni irsinə qarşı törədilmiş bu cinayətlər şübhəsiz ki, islamofobiyanın açıq-aydın təzahürüdür. Bu gün dünyada müsəlmanlara qarşı nifrətin aşılanması, İslam mədəni irsinin hədəfə alınması və İslam dəyərlərinin təhqir olunması geniş vüsət almışdır. Müqəddəs kitabımız “Qurani-Kərim”in yandırılması, Məhəmməd Peyğəmbərin (s.ə.s) karikaturalarının nəşr edilməsi heç bir halda ifadə azadlığı ilə əsaslandırıla bilməz və tamamilə qəbuledilməzdir. İslamofobiya yalnız müsəlmanlara qarşı dözümsüzlük halı deyil, qarşılıqlı anlaşmaya və dinc birgəyaşayışa təhdid yaradan təhlükəli tendensiyadır. Məyusedici haldır ki, Qərbdə bəzi siyasi dairələr, Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyası kimi beynəlxalq təsisatlar anti-İslam əhvali-ruhiyyəsini təlqin edərək, İslamı ekstremizm və terrorizm ilə eyniləşdirməyə, dinimizə qarşı qərəzli təsəvvür yaratmağa və onu təhlükə mənbəyi kimi qələmə verməyə cəhdlər göstərir. İslamofobiya ilə mübarizəyə beynəlxalq diqqətin daha da artırılması məqsədilə ölkəmizdə bu mövzuya həsr olunmuş beynəlxalq konfranslar təşkil edilir. İslamofobiyanın narahatedici şəkildə getdikcə yayıldığı bir dövrdə Azərbaycanın bu konfranslara ev sahibliyi etməsi dinlərarası və mədəniyyətlərarası dialoqun təşviqi və dinimizlə bağlı stereotiplərin aradan qaldırılması baxımından böyük əhəmiyyət kəsb edir. Milli-mənəvi dəyərlərimizin tərkib hissəsi olan və dünyada milyardlarla insan üçün mənəvi dayaq və bələdçi rolunu oynayan İslam dəyərlərinin qorunmasına Azərbaycanda həmişə böyük önəm verilmişdir.

Azərbaycan  İslamın həmrəylik və qarşılıqlı hörmət prinsiplərinin təbliği istiqamətində müxtəlif təşəbbüslərlə çıxış edir, mütəmadi olaraq İƏT və onun qurumlarının tədbirlərinə ev sahibliyi edirik. İslam sivilizasiyasının zəngin mədəni-mənəvi irsini təcəssüm etdirən Bakı, Naxçıvan və Şuşa şəhərləri müxtəlif illərdə İslam dünyasının mədəniyyət paytaxtı adına layiq görülmüşdür.

Dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan edilməsində Azərbaycanın İslam dəyərlərinin qorunmasına verdiyi böyük önəmin göstəricidir.  Sənəddə də  qeyd edilmişdir ki, Azərbaycan uzun əsrlərdən bəri İslam sivilizasiyasının əsas mərkəzlərindən biri olmuşdur. O, İslam dininin yayılmasında və eyni zamanda Müsəlman İntibahının bərqərar olmasında mühüm rol oynamışdır. Bütün bunlar Azərbaycan ərazisində ilk vaxtlardan İslam dininin maddi və qeyri-maddi irsinin formalaşmasına zəmin yaratmışdır. 743-cü ildə tikilən Şamaxı Cümə məscidi və ölkəmizin muzeylərində saxlanılan qədim əlyazmalar bunun bariz nümunəsidir.  Azərbaycan tolerantlıq mühitinin təşəkkül tapmasına, multikulturalizmin, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun qurulmasına, islam dəyərlərinin dünyada təbliğinə böyük töhfələr vermişdir. Azərbaycanın İslam aləmində qazandığı nüfuz 2009-cu ildə Bakı və 2018-ci ildə Naxçıvan şəhərlərinin İslam mədəniyyətinin paytaxtı elan olunmasında öz ifadəsini tapmışdır. IV İslam Həmrəyliyi Oyunlarının 2017-ci ildə Bakı şəhərində keçirilməsi ilə bağlı qərar isə ölkəmizin İslam həmrəylinin möhkəmləndirilməsi sahəsində növbəti əməli addımlar atması üçün əlverişli şərait yaradır.

Onu da qeyd edək ki,  Azərbaycan beynəlxalq tədbirlərə ev sahibliyi ilə diqqətdədir.  Bu il ölkəmiz Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına ev sahibliyi etdi.  Onu ardınca  Bakıda müsəlman ölkələrinin dayanıqlı rifahı naminə regional inteqrasiya mövzusuna həsr olunmuş İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantıları  təşkil edildi.  Azərbaycanın beynəlxalq tədbirlərə ev sahibliyi davamlılığı ilə diqqətdədir. Belə ki, gələn il Azərbaycan İslam Zirvə Konfransının 16-cı Sessiyasına  ev sahibliyi edəcək. Ölkəmiz İƏT-də Sədrliyi öz üzərinə götürəcək. Prezident İlham Əliyev  sözügedən  təbrik məktubunda  vurğulayır ki, sədrliyimiz dövründə üzv dövlətlərin ümumi maraqlarının təşviqi, təşkilat çərçivəsində əməkdaşlığın dərinləşməsi, İslam həmrəyliyinin möhkəmləndirilməsi və böyük gücə çevrilməsi məqsədilə birgə səylərin səfərbər olunması üçün əlimizdən gələni əsirgəməyəcəyik. Hazırkı sessiyanın “Parlament əməkdaşlığı vasitəsilə İƏT üzvü olan dövlətlərdə dayanıqlı və inklüziv iqtisadi inkişafın təşviqi” mövzusuna həsr olunması Parlament İttifaqının üzv ölkələrinin tərəqqisi üçün ortaq çağırışlara birgə həll yolları tapmaq əzmini nümayiş etdirir.

Reallıq budur ki, Azərbaycan  İslam Əməkdaşlıq Təşkilatının, İSESKO-nun, həmçinin müsəlman ölkələrini birləşdirən digər mötəbər qurumların üzvü seçilərək İslam aləmi ilə qarşılıqlı faydalı münasibətlər qurmuş, qlobal əhəmiyyətli bir sıra mühüm mədəni forumların təşkilatçısı kimi çıxış edir. Azərbaycan tolerant, multikultural dəyərlərin inkişafına davamlı töhfələr verən ölkə olması beynəlxalq səviyyədə təqdir edilir. 2016-cı ilin ölkəmizdə “Multikulturalizm ili” elan edilməsi də bunun bariz nümunəsidir. Beynəlxalq ictimaiyyət də Azərbaycanın multikultural ənənələrinin nümunə olduğunu etiraf edir. Sivilizasiyaların qovuşduğu Azərbaycanda dini, milli, irqi tolerantlıq xalqımızın qazandığı böyük nailiyyətdir.

Yeganə Əliyeva, “İki sahil”