İsrail rəsmiləri Beyrutun cənubundakı Qubeyri rayonuna bugünkü hücumla bağlı Vaşinqtonu məlumatlandırdıqlarını bildiriblər.
“İki sahil” “əl-Ərəbiyyə”yə istinadla xəbər verir ki, “Axios”un məlumatına görə, İsrail ordusu ABŞ komandanlığını hücumdan az əvvəl məlumatlandırıb. Lakin ABŞ tərəfinin mövqeyini gözləmədən əməliyyata başlayıb.
Bu hadisəyə cavab olaraq, ABŞ Prezidenti Donald Tramp “Truth” sosial mediasında yazıb ki, bu səhər Beyruta hücum, xüsusən də İranla sülh sazişinə çox yaxınlaşan xüsusi bir gündə baş verməməli idi. O bildirib ki, İsrailin təhdidlərdən özünü müdafiə etmək hüququ var. Lakin heç kimin xəsarət almadığı “kiçik və mənasız” hücum regionda “uzun və gözəl bir sülhün başlanğıcı”nı poza bilər.
Xatırladaq ki, İran Silahlı Qüvvələrinin “Xatəm əl-Ənbiya” Mərkəzi Qoşun Qərargahının komandanının müavini Məhəmməd Cəfər Əsədi bu hücumların “cavabsız qalmayacağı” ilə bağlı xəbərdarlıq edib.
İran Parlamentinin spikeri Məhəmməd Qalibaf da bütün cəbhələrdə, o cümlədən Livanda atəşkəs olmayacağı təqdirdə ABŞ tərəfi ilə diplomatik həll prosesindən çıxacaqlarına eyham vurub.