12 iyun 2026 15:28
182

Heydər Əliyev yolu: xilaskarlıq missiyasından şanlı qələbəyə

Müsahibimiz YAP Təftiş Komissiyasının üzvü, Milli Məclisin deputatı Sevinc Hüseynova

- 15 İyun – Milli Qurtuluş Günündən başlanan dövlətçilik strategiyası müasir Azərbaycanın siyasi sabitliyi, iqtisadi qüdrəti və beynəlxalq nüfuzunun formalaşmasında müstəsna yol oynayıb. Bu barədə nə deyə bilərsiniz?

- Müasir Azərbaycan tarixinin ən mühüm hadisələrindən biri - 15 İyun Milli Qurtuluş Günü müstəqil dövlətçiliyinin qorunub saxlanılmasının, ictimai-siyasi sabitliyin bərpa olunmasının və ölkəmizin tərəqqi yolunun başlanğıcı olmuşdur. Qədirbilən xalqımız bu əlamətdar bayramı hər il böyük qürur hissi və fəxarətlə qeyd edir.

1990-cı illərin əvvəllərində bir tərəfdən AXC-Müsavat hakimiyyətinin səriştəsiz idarəçiliyi, başıpozuq silahlı dəstələrin qanunsuz əməlləri, ölkənin müxtəlif bölgələrində separatçılıq meyillərinin güclənməsi və bütün bunların vətəndaş qarşıdurması təhlükəsi yaratması dövlət müstəqilliyini itirmək həddinə gətirib çıxarmışdı. Digər tərəfdən isə Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi hərbi təcavüz nəticəsində torpaqlarımızın işğalı genişlənir, ölkədə dərin siyasi- iqtisadi və sosial böhran hökm sürürdü. Azərbaycan həm döyüş meydanında, həm də beynəlxalq müstəvidə ciddi çətinliklərlə üzləşmişdi, xalqımızın taleyi real təhlükə altında idi.

Xüsusilə, 1992-ci ilin mayında Şuşa və Laçının işğala məruz qalması, həmin faciəli hadisələrdən az sonra hakimiyyətə gələn yeni iqtidarın ölkəni idarə etmək gücündə olmaması mövcud şəraiti daha da ağırlaşdırmışdı. Hakimiyyəti zəbt etmiş qüvvələrin xəyanəti nəticəsində 1993-cü ilin aprel ayında Kəlbəcərin işğalı Azərbaycanın real təhlükə ilə qarşı-qarşıya qaldığının növbəti göstəricisidir. Məhz belə bir ağır şəraitdə xalqımız yeganə çıxış yolunu Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışında görürdü.

Tanınmış ziyalılar və ictimai-siyasi xadimlərin yeni bir partiyanın yaradılması üçün Ümummilli Lider Heydər Əliyevə müraciət etməsi təsadüfi deyildi. Heydər Əliyevin vətənpərvərliyi, siyasi təcrübəsi və xalq qarşısında göstərdiyi misilsiz xidmətlər mütərəqqi düşüncəli insanların Onun ətrafında sıx birləşməsini zərurətə çevirmişdi. Digər mühüm amil isə Ulu Öndər Heydər Əliyevin siyasi fəaliyyətinin Naxçıvan dövrü ilə bağlı idi. O vaxt Ermənistanın hərbi təcavüzü ilə üzləşən Naxçıvan Muxtar Respublikası blokada şəraitində idi. Ulu Öndər Heydər Əliyev yaxşı bilirdi ki, ermənilərin göz dikdiyi Naxçıvanın qorunub saxlanması Azərbaycan dövlətçiliyi, bütövlükdə, türk dünyası üçün mühüm önəm daşıyır. Bütün çətinliklərə, hakimiyyətin laqeyd münasibətinə baxmayaraq, Heydər Əliyev Naxçıvanı yadelli işğalçılardan qorudu. Bu baxımdan ölkə ictimaiyyəti əmin idi ki, Azərbaycanı yaranmış təhlükəli vəziyyətdən yalnız böyük dövlət xadimi, dahi şəxsiyyət Heydər Əliyev xilas edə bilər.

Heydər Əliyev o vaxtkı Azərbaycan rəhbərliyinin əsassız təqiblərinə məruz qalırdı. Lakin hakimiyyətin Heydər Əliyevə qarşı bütün məkrli planları iflasa uğradı. 1993-cü il iyunun 9-da Ümummilli Lider Heydər Əliyev xalqın təkidli tələbi ilə böyük risklərə baxmayaraq Bakıya gəldi. “Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır”, – deyən Ümummilli Lider siyasi hakimiyyətə qayıtdı. Bu qayıdış xalqın xilası və dövlətçiliyin qorunması fonunda Azərbaycanın parlaq gələcəyinin təmin olunması ilə xarakterizə olunur.

Məhz 15 iyun 1993-cü il tarixində Heydər Əliyevin Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilməsi müstəqil Azərbaycanın dövlətçilik tarixində dönüş nöqtəsi oldu. Bu tarixi hadisə qısa zaman kəsiyində ölkəmizdə xaos və anarxiya qarşısının alınmasında həledici rol oynadı. Xilaskarlıq missiyasını öz üzərinə götürən Ulu Öndər həyatını təhlükə ataraq dərhal Gəncəyə yollandı və orada baş qaldırmış qiyamın qarşısını aldı. Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi əsasında atdığı praqmatik addımlar sayəsində ölkədə hökm sürən dağıdıcı proseslərin qarşısı qətiyyətlə alındı. Beləliklə, Heydər Əliyev Azərbaycan dövlətçiliyinin xilası naminə misilsiz fədakarlıq göstərdi, ölkəmizi məhv olmaq təhlükəsindən, ictimai-siyasi pərakəndəliyin və anarxiyanın məngənəsindən qurtardı. Ulu Öndərin adı ilə bağlı olan Milli Qurtuluş Günü Azərbaycan tarixinin şanlı qürur səhifəsinə çevrildi.

Heydər Əliyev Azərbaycanı yenidən qurub-yaratdı, hüquqi dövlət quruculuğu prosesini uğurla həyata keçirdi, ölkəmizin misilsiz inkişaf yoluna çıxardı.  Müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul edilməsi üçün möhkəm hüquqi baza yaratdı. Kütləvi informasiya vasitələri üzərində senzura aradan qaldırıldı, insan hüquq və azadlıqları təmin edildi. Bununla yanaşı, məhkəmə islahatlarının həyata keçirilməsi, Konstitusiya Məhkəməsinin və digər mühüm təsisatların yaradılması ölkədə demokratikləşmə prosesinin irəliyə aparılmasında mühüm rol oynadı. Azərbaycanda hüquqi, demokratik və dünyəvi dövlət quruldu, vətəndaş cəmiyyətinin bərqərar edilməsi istiqamətində ciddi addımlar atıldı.

Ölkəmizdə milli birlik və həmrəyliyi təmin edə biləcək ideologiya da məhz 1993-cü ildən etibarən müəyyənləşdirildi. Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq ideologiyası ümumbəşəri səciyyə daşıyan və milli dəyərlərə cavab verən prinsipləri ehtiva edən mühüm faktor oldu. Ulu Öndər Heydər Əliyev Azərbaycanın müstəqilliyini daimi və dönməz etdi. Praqmatik xarici siyasət nəticəsində ölkəmiz dünya birliyində etibarlı tərəfdaş kimi tanındı. Heydər Əliyevin xarici siyasət kursunun mühüm istiqamətlərindən birini enerji resurslarından səmərəli istifadə olunması və bu kontekstdə Azərbaycanın beynəlxalq mövqelərinin gücləndirilməsi təşkil edirdi. 1994-cü il sentyabrın 20-də Bakıda dünyanın tanınmış şirkətləri ilə “Əsrin müqaviləsi” adlanan neft sazişi imzalandı.

Ulu Öndərin xarici siyasət strategiyasının prioritetlərindən birini də Qarabağ məsələsinin Ermənistan və Azərbaycan arasında beynəlxalq hüquq normaları əsasında, yəni ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll edilməsi təşkil edirdi. Heydər Əliyev bu prosesdə Azərbaycanın milli maraqlarını qətiyyətlə müdafiə etdi.

- Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində regionda yeni geosiyasi reallıqlar formalaşıb. Möhtəşəm Zəfər salnaməsinin yazıldığı bu dövrü necə təhlil edirsiniz?

- Müasir Azərbaycan Ulu Öndərin əbədiyaşar ideyalarının təntənəsidir. Bu gün Azərbaycan yalnız regionda deyil, beynəlxalq miqyasda da söz sahibi olan nüfuzlu dövlətdir. Ulu Öndərin müəyyənləşdirdiyi inkişaf strategiyası Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Bu siyasətin nəticəsi olaraq Azərbaycan 2020-ci ilin 44 günlük Vətən müharibəsində tarixi Zəfər qazandı. 2023-cü ilin sentyabrında şanlı ordumuz tərəfindən həyata keçirilən bir günlük lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmizin suverenliyi və ərazi bütövlüyünü tam təmin edildi. Bu şanlı qələbələr həm də Ulu Öndərin vəsiyyətinin yerinə yetirilməsi idi.

Bugünkü reallıqlar çərçivəsində ölkəmiz Böyük Qayıdış və sülh mərhələsinə qədəm qoymuşdur. Qarşıda dayanan əsas vəzifə işğaldan azad edilmiş ərazilərin bütövlükdə bərpası və keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına təhlukəsiz və layiqli şəkildə qayıdışının təmin olunmasıdır.

Bu gün ölkəmizin bütün ərazilərində Azərbaycanın üçrəngli dövlət bayrağı dalğalanır. Prezident İlham Əliyev Qarabağ və Şərqi Zəngəzurda infrastruktur layihələrinin təməlini qoyur, Böyük Qayıdış Proqramının uğurla reallaşdırılması istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirir. Artıq həmin ərazilərdə həyat yenidən canlanır, öz axarına düşür, yeni məktəblər, xəstəxanalar və yollar inşa olunur. Keçmiş məcburi köçkünlər öz dədə-baba yurdlarında məskunlaşırlar.

Əldə olunmuş qələbələr təkcə Azərbaycanın deyil, regionun inkişafi üçün yeni imkanlar yaradır. Cənubi Qafqazda sabitlik, əməkdaşlıq və təhlükəsizliyin bərqərar edilməsi mühüm tarixi əhəmiyyət kəsb edir. Ulu Öndərin həyata keçirdiyi siyasətin ən mühüm istiqamətlərindən biri də məhz sülh və sabitliyin təmin olunması olmuşdur. O, daim vurğulayırdı ki, Azərbaycan sülhpərvər dövlətdir və regionda davamlı sülhün təmin edilməsi əsas prioritetlərdəndir. “Biz dünyada sülh istəyirik, Qafqazda sülh istəyirik, bölgəmizdə sülh istəyirik, ölkəmizdə sülh istəyirik və buna nail olmağa çalışırıq” fikri Ümummilli Liderin siyasi xəttinin əsas mahiyyətini ifadə edirdi. Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi kursun layiqli davamçısı, Prezident İlham Əliyev tərəfindən Azərbaycanın milli maraqları ən yüksək səviyyədə təmin edilir. Artıq Qalib Xalqın Qalib Lideri, Zəfər səlnaməsinin müəllifi İlham Əliyev ən yüksək kürsülərdəndən dünya ictimayətinə tarixi ədaləti və beynalxalq hüququ savaş meydanında bərpa edərək sülhun əldə olunması təcrübəsini bölüşür. Bütün bu amillər Ulu Öndər Heydər Əliyev siyasətinin təntənəsidir.

- Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə müttəfiqliyinin gələcək inkişafı və Türk dünyasının inteqrasiyası baxımından yeni imkanlar yaradır...

- Postmüharibə dövründə - 2021-ci il iyunun 15-də Azərbaycanın mədəniyyət paytaxtı və Qarabağın qədim mədəniyyət mərkəzi olan Şuşa şəhərində imzalanmış Şuşa Bəyannaməsi Azərbaycan ilə Türkiyə arasında qardaşlıq və müttəfiqlik münasibətlərinin hüquqi-siyasi əsaslarını daha da möhkəmləndirən mühüm tarixi sənəddir. Bəyannamədən irəli gələn öhdəliklərin ardıcıl icrası dost və qardaş ölkələr arasında siyasi-iqtisadi, hərbi, enerji, nəqliyyat, humanitar və digər sahələrdə əməkdaşlığın dərinləşməsinə, regional inteqrasiyanın güclənməsinə və təhlükəsizliyin möhkəmlənməsinə xidmət edir. Bu sənəd, eyni zamanda Azərbaycan və Türkiyənin beynəlxalq nüfuzunun artmasına, qlobal proseslərdə mövqelərinin güclənməsinə və Türk dünyasının birliyinin daha da möhkəmlənməsinə mühüm töhfə verir. Şuşa Bəyannaməsi iki qardaş dövlətin regional və beynəlxalq məsələlərdə ortaq mövqedən çıxış etməsini, qarşılıqlı dəstək mexanizmlərinin inkişafını və strateji maraqların birgə müdafiəsini təmin edən mühüm yol xəritəsidir. Bəyannamədə xüsusi yer tutan məsələlərdən biri də xaricdə yaşayan Azərbaycan və türk diasporları arasında əməkdaşlığın genişləndirilməsi, informasiya mübadiləsinin gücləndirilməsi və diplomatik səylərin əlaqələndirilməsidir. Bu istiqamətdə birgə media platformalarının formalaşdırılması, informasiya-kommunikasiya sahəsində əməkdaşlığın genişləndirilməsi, strateji məsələlər üzrə birgə fəaliyyətin təşkili və qarşılıqlı maraq doğuran məsələlərdə həmrəyliyin təmin olunması mühüm əhəmiyyət daşıyır. Bəyannamənin beynəlxalq əhəmiyyətini artıran amillərdən biri də bu sənədin regionda sülhə, sabitliyə və əməkdaşlığa töhfə verməsidir. Xüsusilə nəqliyyat-kommunikasiya layihələrinin inkişafı, Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) genişləndirilməsi, enerji təhlükəsizliyinin təmin olunması və Türk Dövlətləri arasında iqtisadi əlaqələrin inkişaf etdirilməsi baxımından həmin sənəd mühüm strateji əhəmiyyətə malikdir.

Bəyannamənin imzalanmasından sonra Şuşa şəhəri Azərbaycan-Türkiyə strateji tərəfdaşlığının və Türk dünyasının gələcək inkişaf perspektivlərinin müzakirə olunduğu mühüm beynəlxalq platformaya çevrilib. Artıq ənənə halını alan beynəlxalq konfranslar Şuşa Bəyannaməsinin aktuallığını və strateji əhəmiyyətini bir daha nümayiş etdirir. Xüsusi olaraq vurğulanmalıdır ki, bu konfransların təşəbbüskarı Ulu Öndər Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyası olmuşdur. Bu amil özlüyündə böyük siyasi və ideoloji məna daşıyır. Çünki Azərbaycan-Türkiyə münasibətlərinin strateji müttəfiqlik səviyyəsinə yüksəlməsinin ideya əsasları məhz Ümummilli Lider Heydər Əliyev tərəfindən formalaşdırılmışdır. Ulu Öndər Heydər Əliyev hər zaman Türkiyə ilə münasibətlərə xüsusi önəm vermiş, iki qardaş xalqın tarixi, mədəni və mənəvi bağlılığını dövlət siyasətinin mühüm istiqamətlərindən biri kimi müəyyən etmişdir. Onun müəllifi olduğu “Bir millət, iki dövlət” ifadəsi Azərbaycan-Türkiyə münasibətlərinin fəlsəfəsini və mahiyyətini ən dolğun şəkildə ifadə edir. Bu gün Şuşa Bəyannaməsi məhz həmin siyasi kursun və strateji baxışın uğurlu davamı kimi çıxış edir. Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən həyata keçirilən siyasət nəticəsində Azərbaycan-Türkiyə əlaqələri ən yüksək zirvəyə yüksələrək müttəfiqlik mərhələsinə qədəm qoyub. Şuşa Bəyannaməsi isə bu münasibətlərin hüquqi-siyasi təminatı olmaqla yanaşı, Türk dünyasının birliyini və həmrəyliyini gücləndirən strateji sənəd kimi tarixə düşüb.