06 iyun 2026 17:18
118

XİN: Azov dənizindəki dron hücumunda xəsarət alan Azərbaycan vətəndaşlarına konsulluq dəstəyi göstərilir

Qeyd edildiyi kimi, iyunun 5-də Azov dənizində yük gəmilərinə qarşı həyata keçirilmiş dron hücumu nəticəsində vətəndaşlarımızın həlak olduğu və xəsarət alması xəbərindən sonra Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirliyinin əməkdaşları dərhal əraziyə yola düşmüşlər.

“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsi məlumat yayıb.

Səfirliyin Konsulluq bölməsinin əməkdaşları hazırda Yeysk şəhərindədirlər və yaralanmış, habelə xilas edilmiş Azərbaycan vətəndaşlarının yanında olaraq müvafiq konsulluq dəstəyi göstərirlər. Yaralıların vəziyyəti yaxşıdır, bir neçəsinin qısa müddətdə xəstəxanadan buraxılması nəzərdə tutulur.

Həyata keçirilən axtarış-xilasetmə tədbirləri çərçivəsində həlak olan şəxslərin kimliklərinin Rusiya Federasiyasının aidiyyəti qurumları tərəfindən müəyyənləşdirilməsi və digər zəruri tədbirlər davam etdirilir.

‎Eyni zamanda, xilas edilmiş Azərbaycan vətəndaşları üçün sənədləşdirmə işlərinin həyata keçirilməsi, onların qayıdış şəhadətnamələri ilə təmin olunması və ölkəyə qayıdışlarının təşkili istiqamətində zəruri tədbirlər görülür.

“Xarici İşlər Nazirliyi məsələni xüsusi nəzarətdə saxlayır və aidiyyəti qurumlarla sıx əlaqələndirmə işləri aparır. Həlak olan şəxslərin kimlikləri, onların cənazələrinin ölkəmizə gətirilməsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək”, - deyə nazirlikdən bildirilib.