27 sentyabr 2026 21:06
132

Azərbaycanın Malayziyadakı səfirliyində Anım Günü ilə əlaqədar tədbir keçirilib

Azərbaycanın Malayziyadakı səfirliyində 27 Sentyabr – Anım Günü ilə əlaqədar tədbir keçirilib.

“İki sahil” xəbər verir ki, Kuala Lumpur şəhərində yaşayan Azərbaycan icmasının üzvlərinin iştirak etdikləri tədbirdə əvvəlcə ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda həyatlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Səfir Xəzər Fərhadov 2020-ci ilin sentyabr ayının 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsinin Azərbaycanın müasir tarixində mühüm dönüş nöqtəsi olmaqla, ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin bərpası ilə nəticələndiyini bildirib, bu tarixi nəticənin qazanılmasında Müzəffər Ali Baş Komandanın rəhbərliyi, xalqımızın həmrəyliyi, Azərbaycan Ordusunun qəhrəmanlığı və Vətən qarşısında nümayiş etdirdiyi yüksək peşəkarlığının mühüm rol oynadığını vurğulayıb. Səfir bildirib ki, 27 sentyabr tarixinin Anım Günü kimi təsis edilməsi şəhidlərimizin əziz xatirəsinə dövlət və xalq səviyyəsində göstərilən ehtiramın ifadəsidir və bu gün Vətən uğrunda həyatını qurban vermiş hər bir şəhidimizin fədakarlığı, eləcə də müharibə iştirakçılarının və qazilərimizin göstərdiyi şücaət bir daha ehtiramla yad edilir.

Tədbir iştirakçıları, həmçinin Vətən müharibəsindən sonrakı dövrdə işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması, münaqişənin humanitar nəticələrinin, o cümlədən mina təhlükəsinin aradan qaldırılması, keçmiş məcburi köçkünlərin təhlükəsiz və ləyaqətli şəkildə doğma yurdlarına qayıdışının təmini və eləcə də münaqişə zamanı itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi istiqamətində həyata keçirilən ardıcıl tədbirlər barədə məlumatlandırılıb.

Tədbirdə 44 günlük Vətən müharibəsinə və antiterror tədbirlərinə dair videoçarx nümayiş etdirilib, şəhidlərimizin xatirəsinə ehsan süfrəsi təşkil olunub.