12 iyun 2026 18:18
140

15 İyun - Xalqımızın milli qurtuluş salnaməsinə yazılan tarix

Xalqını sonsuz məhəbbətlə sevən, azərbaycanlı olmağı ilə həmişə qürur duyan Heydər Əliyev  Azərbaycan xalqının və dövlətinin milli mənafeyini hər şeydən uca tutan, onu ümumi məqsədlər naminə səfərbər etməyi bacaran, cəmiyyətdə qanunçuluğu, hüquq qaydalarını təmin edən lider idi.  1969-cu ildə  dahi şəxsiyyət Heydər Əliyevin respublikamızda rəhbərliyə gəlməsi sosial-iqtisadi böhran keçirən, geridə qalan Azərbaycanı qısa zaman  ərzində keçmiş İttifaqın ən qabaqcıl  respublikalarından birinə çevirmişdir. 1969-1982-ci illərdə milli şüurun oyanışı naminə həyata keçirilən kompleks tədbirlər, elm, təhsil, səhiyyə, mədəniyyət, kadr hazırlığı, sosial-iqtisadi sahələr üzrə görülən işlər XX əsrin 90-cı illərində Azərbaycanın müstəqillik əldə etməsinə şərait yaratmışdır. Müasir mərhələdə Azərbaycanın dövlət suverenliyi və iqtisadi müstəqilliyi məhz həmin dövrdə təməli qoyulmuş potensiala əsaslanır.

Taleyin hökmü ilə iki dəfə xilaskarlıq missiyasını üzərinə götürərək hakimiyyətə gələn Ümummilli Lider Heydər Əliyev Azərbaycanın müqəddəratının həll olunduğu təhlükəli və mürəkkəb məqamlarda xalqın köməyinə çatmış, ona dayaq olmuş, Azərbaycanı zamanın ağır məngənəsindən xilas etmişdir. Azərbaycanda dövlətçilik ənənələrinin bərpa edilib zənginləşdirilməsi, müstəqilliyin möhkəmləndirilməsi, onun əbədi, dönməz xarakter alması, ölkəmizin dinamik iqtisadi inkişaf yolu ilə inamla irəliləməsi, beynəlxalq nüfuzunun sürətlə artması məhz Ulu Öndər Heydər Əliyevin titanik fəaliyyəti sayəsində mümkün olmuşdur.

Əgər 1993-cü il iyunun 15-də xalqın təkidli tələbi ilə Ümummilli Lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışı gerçəkləşməsəydi, indi biz müstəqil, qüdrətli Azərbaycan dövlətindən danışa bilməzdik. Bu qayıdış Azərbaycanın müstəqilliyini reallığa çevirmişdir. Dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycana ikinci rəhbərlik dövrü müstəqil dövlət quruculuğu prosesinin hərtərəfli şəkildə və böyük uğurla həyata keçirilməsi ilə səciyyələnir. "Azərbaycanın dövlət müstəqilliyi bizim üçün ən əziz, ən qiymətli nailiyyətdir və bu nailiyyəti - dövlət müstəqilliyimizi biz daima qoruyub saxlayacağıq", - deyən Ümummilli Liderimiz bu tarixi nailiyyətin, milli istiqlalımızın qorunub saxlanması və möhkəmləndirilməsi üçün misilsiz işlər görmüş, Vətəni və xalqı bəlalardan xilas etmişdir. 1993-2003-cü illərdə Ulu Öndər Heydər Əliyev müstəqilliyimizin əsl xilaskarı, hər bir vətəndaşın böyük qayğıkeşi, hamisi kimi öz sağlığında xalqın qəlbində heykəlləşib və əbədiləşmişdir.

Ümummilli Lider Heydər Əliyev azərbaycanlı olmağı ilə nə qədər fəxr edirdisə, Azərbaycan xalqı da öz böyük oğlu ilə qürur duyur. Xalqın təkidi ilə xilaskarlıq missiyasını öz üzərinə götürən Heydər Əliyevin müdrikliyi, uzaqgörənliyi, dəmir iradəsi sayəsində xalqımız bir çox bəlalardan xilas oldu, ölkədə vətəndaş müharibəsinin qarşısı alındı, ayrı-ayrı siyasi qüvvələrə və şəxslərə tabe olan silahlı birləşmələr ləğv edildi, vahid komandanlığa tabe olan ordu yaradıldı.

İyunun 15-i xalqımız üçün əsl qurtuluş tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan Heydər Əliyevdir.

XX əsrin sonlarında yenidən müstəqillik qazanmaq kimi tarixi fürsəti əldə edən Azərbaycan qısa vaxtdan sonra onun itirilməsi təhlükəsi ilə üzləşdi. Ölkədə hakimiyyət böhranı 1993-cü ilin iyununda kulminasiya həddinə çatdı, xaos və anarxiya respublikanı bürüdü. Vətəndaş müharibəsi dərəcəsinə yüksəlmiş qarşıdurma nəinki dövlət müstəqilliyimizi, hətta milli varlığımızı belə birbaşa hədəfə aldı. Hadisələri düzgün qiymətləndirə bilməyən ovaxtkı iqtidar əhali arasında gündən-günə nüfuzunu itirir, baş vermiş proseslərdən düzgün nəticə çıxara bilmirdi. Ümummilli Lider Heydər Əliyev müstəqilliyimizin həmin mərhələsini belə xarakterizə edirdi: "Azərbaycan böyük təhlükə qarşısında idi. Çünki Azərbaycanın müstəqil yaşamasının əleyhinə olan həm daxildəki qüvvələr güclü idi, həm də Azərbaycan kimi böyük coğrafi-strateji əhəmiyyətə, zəngin təbii sərvətlərə malik olan ölkənin tam müstəqil olması başqa ölkələrdə bəzi dairələri qane etmirdi. Ermənistanın Azərbaycana etdiyi təcavüz və bunun nəticəsində Azərbaycanın zəifləməsi, məğlubiyyətə uğraması, ikinci tərəfdən də daxildə hakimiyyət çəkişməsi 1992-ci ilin iyun ayında hakimiyyətə gəlmiş qüvvələri bir ildən sonra hakimiyyətdən saldı, xalq özü saldı".

Azərbaycan torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən işğalı, getdikcə gərginləşən siyasi vəziyyət, əhalinin gündən-günə ağırlaşan sosial durumu ölkəni bu bəlalardan xilas edə biləcək, xalqı öz arxasınca aparmağa qadir liderə ehtiyac olduğunu şərtləndirirdi. Cəmiyyətin bütün təbəqələri əmin idi ki, müstəqilliyini yenicə bərpa etmiş ölkəni düşdüyü ağır və dözülməz vəziyyətdən çıxarmağa qadir yeganə şəxsiyyət məhz Heydər Əliyevdir. Əslində, bu bütün xalqın ürəyinin səsi idi. Xalqımız Heydər Əliyevin ətrafında sıx birləşməklə öz gələcək taleyini həll etdi. Beləliklə, 1993-cü il iyunun 9-da Ulu Öndər Heydər Əliyev xalqın çağırışına səs verərək Bakıya qayıtdı və Azərbaycan Xalq Cümhuriyyətinin taleyindən daha dəhşətli hadisələrin gözlənildiyi ölkəmizi bəlalardan, müsibətlərdən xilas etdi. Həmin gün, ölkəmizin taleyində dönüş anı oldu, böyük qurtuluşa doğru mühüm addım atıldı. Xalqımızı nicata aparan yol bilavasitə həmin gündən başlandı.

İyunun 15-də görkəmli dövlət xadimi Heydər Əliyev Azərbaycan Ali Sovetinin sədri seçildi. Ulu Öndər böyük risklərə baxmayaraq, xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdü. "Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır", - deyən Ümummilli Lider problemlərin həlli üçün ölkədə vətəndaş həmrəyliyini, sabitliyi son dərəcə vacib sayırdı: "Əgər respublikada ictimai-siyasi sabitlik olmasa, sağlam ictimai-siyasi mühit olmasa, heç bir sosial-iqtisadi proqramdan, yaxud problemlərin həll edilməsindən söhbət gedə bilməz".

Dahi şəxsiyyət Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafın təməlini qoydu. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə baş vermiş sosial-iqtisadi və siyasi inkişaf dövlətimizin möhkəmlənməsində, sivil dünyaya sıx inteqrasiya prosesinə qoşulmasında və xalqımızın strateji mənafelərini təmin edən modern cəmiyyətin qurulmasında həlledici rol oynadı. Beləliklə, bu mühüm tarixi gün xalqımızın yaddaşına "Milli Qurtuluş Günü" kimi həkk olundu. 

İndi bizi tarixi səlnaməmizə qızıl hərflərlə yazılan 1993-cü ilin 15 iyunundan 33 illik zaman məsafəsi ayırır. Ötən  illər ərzində Azərbaycan dünya miqyasında öz layiqli yerini tutmuş, böyük iqtisadi potensiala malik bir ölkəyə çevrilmişdir. Ulu Öndər Heydər Əliyevin siyasi kursunun  layiqli davamçısı olan Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni-yeni uğurlara imza atan Azərbaycanın 30 ilə yaxın düşmən tapdağı altında olan əraziləri azad edilmiş, tarixi ədalət və ərazi bütövlüyü bərpa olunmuşdur. Bu tarixi qələbəmiz, dövlətimizin yürütdüyü uğurlu daxili və xarici siyasət, hərbi strategiyası, xalqımızın güclü iradəsi və böyük əzmi, milli ruhu, dünyada yaşayan azərbaycanlıların dəstəyi Azərbaycan dövlətinin gücünü bütün dünyaya nümayiş etdirdi. Bugün müasir infrastruktur layihələrinin həyata keçirildiyi,"ağıllı kənd və şəhərlər"in yaradıldığı Qarabağ və Şərqi Zəngəzur, sözün əsl mənasında, dünyanın möcüzəsinə çevrilib. Dövlət başçısının rəhbərliyi ilə Azərbaycanın azad edilmiş ərazilərində bərpa-quruculuq işləri sürətlə davam etdirilir. Bərpa azad edilmiş şəhər və kəndlərə əhalinin geri qayıdışı təmin edilir.

Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafı  getdicə sürətlənir, həyatın bütün sahələrində, daxili və xarici siyasətdə uğurlarımız ilbəil artır. Bütün bunlar dövlətmizin beynəlxalq nüfuzunun daha da yüksəlməsinə səbəb olur. Respublikamızın sosial-iqtisadi, mədəni-siyasi inkişafına öz töhfəsini verir.
Biz əminik ki, bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ətrafında birləşmiş  Azərbaycan xalqı öz dövlət müstəqilliyini, respublikasını göz bəbəyi kimi qoruyacaq, onu daha da möhkəmləndirəcək, gələcəyə doğru inamla aparacaqdır.

Gülxarə Tarverdiyeva,
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı