02 iyun 2026 22:22
104

Müəllimlik mənim üçün uşaqlıqdan bəslədiyim ən ali arzu idi…

Həqiqi pedaqoq elmini böyük bir səmimiyyətlə şagirdinə ötürməyi bacaran şəxsdir

Bəzən bir müəllim təkcə dərs keçmir, həm də düşünməyi, araşdırmağı və çətinliklərin həll yolunu tapmağı öyrədir. Gədəbəy rayonu Çanaqçı kənd tam orta ümumtəhsil məktəbinin riyaziyyat müəllimi Fərhad Bağırov da məhz belə pedaqoqlardandır. 22 illik müəllimlik fəaliyyəti ərzində yüzlərlə şagirdin həyatına toxunan, riyaziyyatı rəqəmlərdən daha çox məntiq və həyat fəlsəfəsi kimi tədris edən müəllimlə söhbətimizdə onun peşəyə gəliş yolundan, təhsilə baxışından, müəllimlik missiyasından və gələcək nəsillərlə bağlı düşüncələrindən danışdıq.
-Özünüzü oxucularımıza necə təqdim edərdiniz? Riyaziyyat müəllimi olmağa aparan yolunuz necə başlayıb?
-Bağırov Fərhad Qurban oğlu. 22 ildir ki, Gədəbəy rayonu Çanaqçı kənd tam orta ümumtəhsil məktəbində riyaziyyat müəllimi olaraq fəaliyyət göstərirəm. Bu yolu seçməyimdə və formalaşmağımda təhsil aldığım məktəbin müəllimlərinin rolu əvəzsizdir. Xüsusilə, riyaziyyat müəllimim, "Tərəqqi" medalçısı Alıyev İbrahimin bizə öyrətdiyi dərin riyazi biliklər və elmə olan səmimi münasibəti məndə bu peşəyə qarşı böyük bir sevgi yaratdı. O, bizim üçün təkcə müəllim deyil, həm də əsl peşəkarlıq və ziyalılıq nümunəsi idi.
​Məktəb illərində direktorumuz, əməkdar müəllim Məmmədov İsaqın və fizika müəllimim Qarayev Valehin bizə aşıladığı dəyərlər, onların pedaqoji ustalığı mənə hər zaman örnək olmuşdur. 22 illik fəaliyyətimin təməlində məhz onların bizə verdiyi o köklü təlim-tərbiyə dayanır və mən də bu gün həmin məktəbin bir müəllimi kimi, onların yolunu ləyaqətlə davam etdirməyə çalışıram.
 -Niyə məhz müəllimlik peşəsini seçdiniz?
-Müəllimlik mənim üçün uşaqlıqdan bəslədiyim ən ali arzu idi. Məktəbdə ən qarışıq riyazi məsələlərin qarşısında çətinlik çəkəndə, müəllimlərimin o düyünləri necə sadəliklə açdığını gördükcə onlara heyran olurdum. O anlarda söz vermişdim ki, müəllim olum və şagirdlərimə elə öyrədə bilim ki, onlar da həll alqoritmini tapanda üzlərində yaranan o sevinci görə bilim. Müəllimlik peşəsinin şərəfli missiyasını dərk edirdim və bu yola böyük həvəslə can atırdım.
-İlk dərs gününüzü necə xatırlayırsınız? O gündən bu günə müəllimlik fəaliyyətinizdə hansı əsas dəyişiklikləri yaşamısınız?
-İlk dərs günümü böyük bir həyəcanla xatırlayıram. Xüsusilə də ilk dərsimin 11-ci sinifdə olması məndən çox böyük məsuliyyət tələb edirdi. Şagirdlərə təqdim olunduqdan sonra həmkarlarımın məni elmi sorğu-sual etməsi məsuliyyətimi birə beş artırmışdı. Bəli, bizim Çanaqçı kənd məktəbi yarandığı gündən bəri özünəməxsus yüksək nizam-intizamı ilə seçilib və bu mühitdə ilk addımlarımı atmaq mənim üçün böyük bir məktəb oldu.
​O gün ilk dərsdə çox narahat idim; düşünürdüm ki, şagirdlər mənim təcrübəsizliyimdən istifadə edəcəklər. Amma təbaşiri əlimə alıb lövhədə yazmağa başladığım andan hər şey dəyişdi və bütün çətinliklər aradan qalxdı. Çünki şagird qarşısındakının biliyini, səmimiyyətini və gücünü anında sezə bilir.
​O illərdə əsas qayəm sadəcə bildiklərimi şagirdlərə çatdırmaq idi. İndi isə 22 illik təcrübəmlə dərk edirəm ki, müəllimlik artıq informasiyanı köçürmək deyil, şagirdin özünün kəşf etməsinə şərait yaratmaqdır. Əvvəl dərsin mərkəzində mən dayanırdım, indi isə dərsin mərkəzində şagirdin fəaliyyəti, onun sualları və özünün həll yollarını tapması dayanır. Müəllimlik fəaliyyətimdə ən böyük dəyişiklik, hazır cavabı verməkdən çəkilib, şagirdə doğru alqoritmi tapması üçün yol göstərən bir bələdçiyə çevrilməyim oldu.
-Əgər müəllim olmasaydınız, özünüzü hansı sahədə görərdiniz?
-BDU-nun Tətbiqi riyaziyyat fakültəsini bitirdiyim üçün, əgər bu yolda olmasaydım, şübhəsiz ki, informatika və proqramlaşdırma sahəsində özümü sınayardım. Məntiqi təfəkkürün və alqoritmlərin tətbiqi, texnoloji sistemlərin layihələndirilməsi mənim ixtisasımın təməlində dayanır. Riyaziyyatın bu tətbiqi istiqaməti, problemlərin həlli zamanı istifadə etdiyim dəqiqlik və analitik yanaşma mənim üçün hər zaman maraqlı və doğma olub.
-Sizcə, riyaziyyat fənni şagirdlərin məntiqi təfəkkürünün və analitik düşüncə bacarıqlarının formalaşmasında hansı rolu oynayır?
-Riyaziyyat sadəcə rəqəmlər deyil, mükəmməl bir düşüncə məktəbidir. Məsələ həlli zamanı şagird sistemli düşünməyi, verilənləri təhlil edib ən optimal yolu seçməyi öyrənir. Bu proses birbaşa məntiqi və analitik bacarıqları formalaşdırır. Riyaziyyat şagirdə çətinliklərin qarşısında təşvişə düşmədən, problemi hissələrə bölərək həll etməyi öyrədir ki, bu da onların gələcək həyatındakı uğurları üçün ən möhkəm təməldir.
-Riyaziyyatın şagirdlər tərəfindən daha yaxşı mənimsənilməsi üçün hansı metod və yanaşmalardan istifadə edirsiniz?
-Dərslərimdə şagirdlərin təlim prosesində aktiv iştirakına və bilikləri özlərinin əldə etməsinə xüsusi önəm verirəm. Hazır formulların əzbərlənməsindən daha çox, şagirdin məsələnin məntiqini dərk etməsi və riyazi yanaşmaları müstəqil şəkildə kəşf etməsi üçün şərait yaradıram. Tədris prosesini onların dünyagörüşünə və maraqlarına uyğun quraraq, abstrakt riyazi anlayışları real həyatla əlaqələndirir, onların müstəqil düşünmə və problem həll etmə bacarıqlarını stimullaşdıran praktik tapşırıqlara üstünlük verirəm.
-Müasir texnologiyalar və süni intellekt dövründə riyaziyyat müəlliminin rolu sizcə necə dəyişir?
-Texnologiya və süni intellekt nə qədər inkişaf etsə də, onlar sadəcə bir alətdir; müəllim isə bu prosesin əsas mərkəzi və yönləndiricisidir. Süni intellekt sürətli hesablama və məlumat toplamaqda güclü olsa da, şagirdin psixologiyasını anlamaq, onda riyaziyyata qarşı sevgi yaratmaq və mənəvi dəyərlər aşılamaq kimi fundamental vəzifələr müəllimin öhdəsində qalır.
​Müəllimin rolu artıq təkcə məlumat ötürmək deyil, süni intellektin təqdim etdiyi hazır cavabları tənqidi təhlil etməyi öyrətməkdir. Biz şagirdlərə texnologiyanın nəticələrini şübhə altına almağı, məsələnin arxasındakı məntiqi əsasları dərk etməyi və texnologiyadan yaradıcı şəkildə istifadə etməyi aşılamaqla müəllimliyin əsl mahiyyətini qoruyuruq. Yəni, texnologiya imkanlarımızı artırır, lakin şagirdin şəxsiyyət kimi formalaşması prosesində müəllimin canlı bələdçiliyi əvəzedilməz olaraq qalır.
-Sizcə, yaxşı müəllim necə olmalıdır? Özünüzü yaxşı müəllim hesab edirsinizmi?
-Yaxşı müəllim təkcə biliyini bölüşən deyil, şagirdin potensialını üzə çıxaran, onun məntiqi düşüncəsini formalaşdıran bir yol göstəricidir. Müəllim hər zaman öyrənməyə, yenilikləri təqdim etməyə hazır olmalı, şagirdinə qarşı anlayışlı və dəstəkverici mövqedə dayanmalıdır.
​Özümü yaxşı müəllim hesab edib-etməməyimə gəlincə, bunu 22 illik pedaqoji təcrübəmə əsaslanaraq deyə bilərəm. Şagirdlərimin mürəkkəb məsələləri özləri həll edərkən keçirdikləri sevinc, onların müstəqil düşünmə bacarıqlarının inkişafı mənim üçün ən böyük göstəricidir. Müəllimlik mənim üçün heç vaxt dayanmayan bir axtarışdır; şagirdlərimə dəyər qatdıqca və onların uğurlarını gördükcə özümü daha da təkmilləşdirirəm. Mənim üçün əsas odur ki, şagirdlərimin yaddaşında riyaziyyatı sevdirən və onlara həyatda inamlı addımlamaları üçün düzgün istiqamət verən bir müəllim kimi qala bilim."
-Müəllimlik peşəsinin ən çətin və eyni zamanda ən dəyərli tərəfləri hansılardır? Bu peşədə sizi ən çox nə motivasiya edir?
-Müəllimlik peşəsinin ən çətin tərəfi hər bir şagirdə fərdi yanaşmaq və onların hər birinin özünəməxsus potensialını üzə çıxarmaq üçün səbir və enerji tələb etməsidir. Lakin ən dəyərli tərəfi odur ki, siz bir insanın formalaşmasına, onun gələcək həyat yolunun təməlinə birbaşa təsir edirsiniz.
​Məni bu peşədə ən çox motivasiya edən, şagirdin əvvəlcə başa düşmədiyi bir mövzunu mənim izahımdan sonra dərk etdiyi anın sevincini görməkdir. Onların uğuru, çətinlikləri aşması və özlərinə inamının artması mənim üçün ən böyük mükafatdır.
-Sizcə, bu gün müəllimlik peşəsi cəmiyyət tərəfindən lazımi qədər dəyərləndirilirmi?
-Müəllimlik peşəsinin dəyəri əslində şagirdlərin uğuru və cəmiyyətdə tutduqları mövqe ilə ölçülür. Məncə, müəllimə olan hörmət heç vaxt azalmayıb, çünki hər bir insanın həyatında öz müəlliminin xüsusi bir yeri və rolu var. Düzdür, müasir dövrün sürətli axarı peşənin çətinliklərini artıra bilər, lakin cəmiyyət hər zaman bilikli və vicdanlı müəllimə yüksək qiymət verir. Mənim üçün ən böyük dəyər valideynlərin və şagirdlərin bizə olan inamıdır.Buinamı qorumaq və artırmaq isə məhz öz işimizi ləyaqətlə yerinə yetirməyimizdən asılıdır.
-Şagirdlərdə riyaziyyata marağın azalmasının əsas səbəbləri nələrdir?
-Məncə, bu marağın azalması bir neçə amilin qarşılıqlı təsirindən qaynaqlanır. Bir tərəfdən, dərsliklərdəki tapşırıqların kifayət qədər möhkəmləndirici və təkrar üçün imkan verməməsi şagirdin mövzunu tam mənimsəməsinə mane olur. Digər tərəfdən, dərslərin çox vaxt hazır düstur və şablon qaydalar üzərində qurulması riyaziyyatı mexaniki bir prosesə çevirir.
​Müasir dövrdə texnologiyanın verdiyi sürətli məlumat axını şagirdlərin diqqətini çox tez dağıdır, nəticədə onlar uzunmüddətli və dərin düşünmə tələb edən tapşırıqlara qarşı marağını itirirlər. Məsələ sadəcə texnologiyada deyil, bu texnologiyanı riyaziyyatın özünə maraq oyadacaq bir alətə çevirə bilməməyimizdədir.
​Mən hesab edirəm ki, biz şagirdə düsturu əzbərlətmək əvəzinə, onun hardan gəldiyini, yəni teoremlərin və qaydaların isbatlarını göstərməliyik. Şagird qaydanın məntiqini isbat yolu ilə dərk etdikdə, riyaziyyat artıq onun üçün cansıxıcı deyil, kəşf ediləsi bir aləmə çevrilir. Biz tədrisdə hazır şablonlardan uzaqlaşıb, riyaziyyatı dərindən analiz etməyə və öyrəniləni praktik tapşırıqlarla daim təkrarlayıb möhkəmləndirməyə daha çox yer ayırmalıyıq.
-Riyaziyyatı şagirdlər üçün daha maraqlı etmək üçün gündəlik həyatdan hansı nümunələrdən istifadə edirsiniz?
-Riyaziyyatı şagirdlər üçün cansıxıcı rəqəmlər yığınından çıxarıb, real həyatın ayrılmaz bir hissəsinə çevirməyə çalışıram. Şagirdlərə düsturları hazır vermək əvəzinə, onların həyatdakı praktik qarşılığını göstərərək özlərinin kəşf etməsinə şərait yaradıram.
​Dərslərdə həndəsi fiqurların sahəsini izah edərkən torpaq sahələrinin və ya tikili ərazilərinin düzgün bölünməsindən, həcm anlayışını keçəndə isə müxtəlif qurğuların, anbarların və ya tikinti materiallarının tutumunun hesablanmasından real nümunələr çəkirəm. Alış-veriş, güzəştli satışlar və gündəlik büdcə planlaması zamanı faiz hesablamalarını tətbiq edərək, şagirdə riyaziyyatın sadəcə dərs kitabında deyil, məişətin ən xırda detallarında belə bir problem həlledici alət olduğunu əyani göstərirəm. Bundan əlavə, riyaziyyatı texnologiya, mühəndislik və təbiət elmləri ilə birləşdirirəm; müxtəlif tikili və qurğuların layihələndirilməsində materialların miqdarının təyin olunması, mexanizmlərin iş prinsipinin riyazi modelləşdirilməsi kimi mövzularla onları analitik düşüncəyə yönəldirəm. Bu yanaşma şagirdlərin mövzuya marağını artırır və riyaziyyatı onların gözündə hər an ehtiyac duyulan, dünyanı kəşf etməyə imkan verən praktik bir bacarığa çevirməyə çalışıram.
-Sizcə, müəllimlik peşəsində daha vacib olan nədir?Dərin bilik, yoxsa ünsiyyət bacarığı və insani yanaşma?
-Məncə, bu iki keyfiyyət tərəzi kimidir. Dərin bilik müəllimin fundamentidir, lakin insani yanaşma və ünsiyyət bacarığı həmin biliyi şagirdə çatdıran körpüdür. Bilik müəllimə hörmət qazandırır, insani münasibət isə sevgini. Həqiqi pedaqoq elmini böyük bir səmimiyyətlə şagirdinə ötürməyi bacaran şəxsdir.
-Uzun illər ərzində əldə etdiyiniz nailiyyətlər, qazandığınız mükafatlar və yetirmələrinizin uğurları müəllimlik fəaliyyətinizə necə təsir göstərib?
-Bu illər ərzində qazandığım hər bir uğur və yetirmələrimin nailiyyəti mənim üçün sadəcə bir mükafat deyil, məsuliyyətimi artıran bir motivasiya mənbəyi olub. Şagirdlərimin uğurlarını gördükcə, doğru yolda olduğumu anlayır və işimə daha böyük şövqlə bağlanıram. Hər nailiyyət mənə sübut edir ki, düzgün yanaşma və səbrlə hər bir şagirdin potensialını üzə çıxarmaq mümkündür. Bu uğurlar fəaliyyətimdə özümə olan inamımı artırır və məni daim təkmilləşməyə, daha yeni metodlar axtarmağa təşviq edir.
-İndiyə qədər pedaqoji fəaliyyətinizdə hər hansı bir şagird və ya məqamla bağlı “bəlkə də haqsızlıq etmiş ola bilərəm” deyə düşündüyünüz bir vəziyyət olubmu?
-Bəli, zaman keçdikcə təcrübəm artdıqca, bəzi keçmiş qərarlarımı daha tənqidi qiymətləndirirəm. Bəzən şagirdin potensialını tam görmədən və ya ona kifayət qədər vaxt ayırmadan verdiyim qiymət və ya yanaşma haqqında düşünəndə, 'kaş ki, başqa cür davranardım' dediyim məqamlar olur. Bu düşüncələr məni daha ədalətli olmağa və hər bir şagirdi fərdi şəkildə daha dərindən anlamağa məcbur edir.
-Şagirdlərinizə hər zaman nəyi tövsiyə edirsiniz?
-Onlara hər zaman öyrənməyi öyrənməyi, yəni tədqiqatçı olmağı tövsiyə edirəm. Çünki əzbərlənən bilik unudulur, amma öz zəhməti ilə kəşf edilən və təcrübə edilən bilik insanın ömürlük xəzinəsinə çevrilir. Həmçinin, heç vaxt çətinliklərdən qorxmamağı və uğursuzluğu inkişaf üçün bir fürsət kimi görməyi məsləhət görürəm.
-Pedaqoji fəaliyyətiniz boyunca yaddaşınızda silinməz iz qoyan bir xatirəni bizimlə bölüşə bilərsinizmi?
-Yaddaşımda ən silinməz iz qoyan xatirələrdən biri, törəmə mövzusunu yeni keçdiyimiz zaman bir şagirdimin yanıma gəlib 'Müəllim, mən yeni bir düstur tapmışam' deməsi idi. Onu lövhəyə dəvət etdim; şagird böyük həvəslə lövhəni düsturun çıxarılışı ilə doldurdu və sonunda özünün kəşf etdiyini düşündüyü düsturu təqdim etdi. Biz onu alqışladıq, lakin mən o an üçün heç nə demədim. Sonralar inteqral bölməsini keçəndə həmin şagird özü böyük bir heyranlıqla anladı ki, o zaman kəşf etdiyi düstur əslində hissə-hissə inteqrallama düsturu imiş. Bu, şagirdimin riyazi təfəkkürünün inkişafını və öz kəşfini etmənin sevincini görmək üçün mənim üçün unudulmaz bir an oldu.
-Hansı müəlliminizin sözü və ya tövsiyəsi bu gün də həyatınıza təsir edir?
-Müəllimimin bizə dediyi 'Ən çətin riyazi məsələnin belə bir sadə açarı var, sadəcə səbirli olub o açarı tapmaq lazımdır' sözü bütün həyat fəlsəfəmə çevrilib. Bu sadə, lakin dərin mənalı tövsiyə həm dərslərdə, həm də çətinliklərlə üzləşdiyim zaman mənə yol göstərir. O, mənə öyrətdi ki, heç bir problem həll olunmaz deyil, yetər ki, ona doğru prizmadan baxıb səbirlə yanaşasan.
-Təcrübəli pedaqoq kimi gənc müəllimlərə hansı tövsiyələri vermək istərdiniz?
-Təcrübəli bir pedaqoq kimi gənc həmkarlarıma ən vacib tövsiyəm budur ki, dərslərinə yalnız bir məlumat ötürücü kimi deyil, bir bələdçi kimi yanaşsınlar. Heç vaxt şagirdlərinin potensialını qiymətləndirməkdə tələsməsinlər və unutmasınlar ki, hər bir uşaq fərqli bir ritmə sahibdir. Ən əsası isə, özlərini daim inkişaf etdirsinlər, çünki müəllim öyrətməyi dayandırdığı gün, öyrənməyə də ehtiyacı qalmadığı gün deyil, artıq şagirdlərinə yeni bir şey verə bilməyəcəyi gündür.
-Gələcəklə bağlı planlarınız nələrdir?
-Gələcəklə bağlı əsas planım, illər ərzində topladığım pedaqoji təcrübəni və riyaziyyat sahəsindəki biliklərimi daha geniş auditoriyaya çatdırmaqdır. Şagirdlərimin uğurları mənim üçün ən böyük motivasiya qaynağıdır və onları daha yüksək zirvələrdə görmək istəyirəm. Bundan əlavə, təhsil sahəsindəki yenilikləri izləyərək dərslərimdə daha effektiv, rəqəmsal və innovativ yanaşmalar tətbiq etməyi, eləcə də gənc müəllim yoldaşlarımla təcrübə mübadiləsi apararaq təhsilin inkişafına birbaşa töhfə verməyi hədəfləyirəm.
-Son dərs gününüzü necə təsəvvür edir, necə xəyal edirsiniz?
-Son dərs günümü şagirdlərimin uğurlarını qeyd etdiyimiz, bir-birimizə xoş xatirələr və gələcəyə dair ümidverici sözlər dediyimiz səmimi bir mühitdə təsəvvür edirəm. Mənim üçün ən böyük xoşbəxtlik, o gün sinifdən çıxarkən şagirdlərimin gözlərində təşəkkür və inam görməkdir. Bilirəm ki, o an həm bir dövrün sonu, həm də onların həyatında yeni bir başlanğıc olacaq və mən də öz vəzifəmi layiqincə yerinə yetirməyin mənəvi rahatlığını yaşayacağam.
Fərhad müəllimin fikirlərindən aydın olur ki, müəllimlik sadəcə peşə deyil, böyük məsuliyyət, səbir və fədakarlıq tələb edən bir missiyadır. Riyaziyyatı şagirdlərə sevdirən, onları düşünməyə və araşdırmağa təşviq edən pedaqoqun həyat və təhsil fəlsəfəsi gənc müəllimlər üçün də dəyərli nümunədir. İnanırıq ki, onun yetişdirdiyi şagirdlər gələcəkdə qazandıqları uğurlarla müəllimlərinin əməyini ən gözəl şəkildə doğruldacaqlar.
Fərhad Bağırova səmimi müsahibəyə görə təşəkkür edir, pedaqoji fəaliyyətində yeni uğurlar arzulayırıq.